Məhkəmə qərarları › İş №3(011)-3474/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3474/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3474/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə başlanılmış 07 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında iş ürə icraatın başlanması haqqında” qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs əməyin mühafizəsi qaydalarını pozmuş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hadisə ilə bağlı ona ziyan dəymişdir, ona dəymiş ziyan ödənilməmişdir, onunla barışmamışdır və şikayətçidir. Onun qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq Xətai rayon Prokurorluğunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan X1 izahatından görünür ki, sözügedən lyukun üzərinə yük maşını çıxdığını ehtimal etdiyini, bu səbəbdən lyukun dayanıqlığının boşalmasını, nəticədə vətəndaşın lyukun üzərinə çıxdıqda ora düşdüyünü bildirmişdir. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 137 ünvanında yerləşən ULTEL MMC-yə məxsus yeraltı telefon quyusuna mütəmadi olaraq Xətt qurğularının istismarı bölməsinin montyoru Şəxs nəzarət etdiyini, hadisə baş verənədək həmin ərazidə hər hansı pozuntu halının olmadığını, Şəxs hadisədən sonra qeyd olunan ərazidə lyukun nasaz olmasını aşkar edərək ona məlumat verdiyini, yerində qərar qəbul edilərək orada olan qapağın yenisi ilə əvəz edildiyini bildirmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, o, Bayram Nəsirovun izahatına uyğun izahat vermişdir. Bundan başqa ona təhkim olunmuş ərazidə mövcud rabitə qurğularının qorunması və texniki normativlərə uyğun olaraq saxlanmasının onun vəzifəsi olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş vəzifə öhdəliklərinin formasından görünür ki, təhkim olunmuş sahədə mövcud rabitə qurğularının qorunması və texniki normativlərə uyğun olaraq saxlanılması Şəxs vəzifə öhdəliyindədir. İş materiallarında olan 27 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və X1 əməllərində 60-C-2024 nömrəli material üzrə cinayət tərkibi əlamətləri olmadığı üçün Azərbaycan Rüspublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, Şəxs və X1 əməllərində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin tərkib əlamətlərini göstərən dəlillər olduğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün Xətai rayon prokuroruna müraciət edilməsi qərara alınmışdır. İş materiallarında olan 26 aprel 2024-cü il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə anını əks etdirən video görüntüyə baxış keçirilmiş və bir nəfər qara rəngli paltar, qara rəngli papaq qoymuş kişi cinsli şəxsin sözügedən telefon quyusunun üzərindən keçərək avtomobil ehtiyat hissələri mağazasına girdiyi görülmüşdür. Zərərçəkmiş şəxs avtomobil təmiri sexindən çıxaraq telefon quyusunun üzərindən keçdikdə hər iki ayağının telefon quyusuna düşdüyü, daha sonra axsayaraq avtomobil ehtiyat hissələri satılan mağazaya girdiyi görünmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 152 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ baldrın əzilmiş yarası müəyyən olunmuşdur, xəsarət bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddədə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/5372 nömrəli ekspert rəyndən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları. Kanalizasiya. Xarici şəbəkələr və strukturlar. DÜST 2.04.03-85”-nin 4.14 bəndinin tələbləri pozulmuşdur. Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 137 ünvanında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə quraşdırılmış rabitə qurğularının baxış quyusunun birləşmə yerlərinin saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Tikinti norma və qaydaları. Kanalizasiya. Xarici şəbəkələr və strukturlar. DÜST 2.04.03-85”-nin 4.14 bəndinin tələbləri hadisə baş vermiş rabitə quyusunun istismarını həyata keçirən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşları tərəfindən pozulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs telefon quyusuna düşməsi və hadisə nəticəsində sağlamlığına yüngül zərər vurulması müəyyən edilmişdir. Odur ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib tenbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar