Məhkəmə qərarları › İş №3(011)-35/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-35/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-35/2023 16.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC 58533.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 27 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 58533.20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 14 noyabr 2022-ci il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş hüquq pozuntusu törətməsi faktiki olaraq Cəmiyyətin nümayəndəsi dəvət edilmədən, Cəmiyyətin nümayəndəsi ilə heç bir araşdırma aparılmadan İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada araşdırma aparılmadan Cəmiyyətin inzibati hüquq pozuntusu törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin tibbi avadanlıqların alınması üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən Accessbankda olan bank hesabından “Satıcı” “SynDaver Labs.İnc” şirkətinin bank hesabına 20.10. 2020-ci il tarixdə 58.533.20 ABŞ dolları məbləğində Ödənilmiş pul vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malın idxal edilməmə səbəbləri araşdırılarkən Cəmiyyətin nümayəndəsi dəvət edilməmiş, Cəmiyyətin nümayəndəsinə hüquq pozuntusunun araşdırılması barədə məlumat verilməmişdir. Həmin protokol Cəmiyyətin nümayəndəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “SynDaver Labs.İnc” şirkətinin bank hesabına köçürülmüş 58.533.20 ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində malın idxal edilməmə səbəbləri araşdırılmamışdır. Faktiki olaraq Şəxs MMC 06 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin ünvanına göndərdiyi məktubla “SynDaver Labs.İnc” şirkətinin bank hesabına köçrülmüş 58.533,20 ABŞ dolları məbləğində pul vəsaitinin Hackerlər tərəfindən qeyri təyinatı üzrə yönləndirilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankından verilmiş məlumatın araşdırılması, “hacker” cinayətkarlığının qarşısının alınması, Cəmiyyətin ödədiyi vəsaitin geri çağrılmasına, dəymiş maddi zərərin aradan qaldırılmasına köməklik edilməsi xahiş olunmuşdur. MMC 06 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətlə yanaşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat verilmişdir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən sonuncu dəfə 26 dekabr 2022-ci il tarixdə, 24/4533 nömrəli məktubla bildirilmişdir ki, kibermüdaxilə ilə bağlı müraciət əsasında araşdırma aparılır və araşdırmanın nəticəsindən asılı olaraq məlumat veriləcəkdir. Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmaması əsasına görə inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 27 oktyabr 2020-ci il tarixində 58533.20 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC tərəfindən “X5” şirkətinə köçürülən 58533.20 ABŞ dolları məbləğli ödənişi problemsiz qarşı tərəfin hesabına çatmış, sonradan məlum olmuşdur ki, müştərinin sisteminə xakerlər tərəfindən müdaxilə olunmuş, bu səbəbdən müştəri onların təqdim etdiyi rekvizitləri vermiş, amma hesab başqa firmaya aid olmuş, nəticədə vəsait başqa firmaya köçürülmüşdür. Nəticədə müştəriyə vəsaiti geri qaytarmaq mümkün olmamışdır. İş materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli 24/4533 saylı məktubundan görünür ki, Şəxs MMC ilə “X5” şirkəti arasında alqı-satqı prosesinə kibermüdaxilə edilərək 58533.20 ABŞ dolları məbləğində pul vəsaitinin mənimsənilməsi ilə bağlı araşdırma davam etdirilir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X3 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materialları ilə sübuta yetirildi ki, Şəxs MMC 58533.20 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 27 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və kibermüdaxilə nəticəsində vəsait başqa şirkətə köçürülmüşdür. Bu səbəbdən həmin vəsait hesabına malların alınması və ya geri qaytarılması mümkün olmamışdır. Göründüyü kimi Şəxs MMC- kibercinayətin qurbanı olmuş və onun əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də hüquqi şəxs Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105, 114-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar