Məhkəmə qərarları › İş №3(011)-35/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-35/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-35/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X3 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18608213 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 18608213 saylı inzibati tənbeh vermə haqqında elektron qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə ona 20 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Aşağıda qeyd edilənlərə görə həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməlidir: 1. xx.xx.2023-cü il tarixli, EQ 18608213 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati xəta hadisəsinin xx.xx.2023-cü il tarixdə törədildiyi göstərilmişdir. Həmin inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir və inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilsə də onun elektron kabinetinə həmin qərar deyil, sadəcə inzibati xəta haqqında və qərar haqqında bəzi məlumatlar yerləşdirilmişdir. Halbuki, inzibati tənbeh vermə haqqında elektron qərar dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə təsbit edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərar nəzərdə tutulur. 3 nömrəli əlavəyə əsasən qərarda inzibati xətanın törədildiyi yer, tarix və vaxt, qərarın çıxarıldığı yer, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatları (son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt), qərarı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, elektron imzası və digər zəruri məlumatlar göstərilməlidir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavədə təsbit edilmiş elektron qərarın forması şikayətə əlavə edilir). Beləliklə, inzibati orqan elektron kabinetə müvafiq vəzifəli şəxsin elektron imzası ilə təsdiq edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əvəzinə, sadəcə həmin qərar və inzibati xəta haqqında məlumatları yerləşdirmişdir. Belə olduğu halda, yəni inzibati orqan tərəfindən AR İXM-nin 38.6-cı maddəsinin tələbləri pozularaq inzibati xətanın törədildiyi gündən bir gün müddətində inzibati tənbeh vermə haqqında elektron qərar onun elektron kabinetinə yerləşdirilmədiyindən, o, inzibati məsuliyyətə cəlb oluna bilməz. 2. Qərarda göstərilmiş qanun pozuntusunun tərəfindən törədilməsi, yəni dayanma və ya durma qaydalarının tərəfindən pozulması inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Belə ki, kabinetə yerləşdirilmiş şəkildə AR İXM-nin 346.1.-ci maddəsinin tərkibinin yaranması, yəni dayanma və ya durma qaydalarının pozulması halı təsdiqini tapmır. Göründüyü kimi, tərəfindən qanun pozuntusunun törədilməsi inzibati orqan tərəfindən sübuta yetirilməmişdir, qərar əsassız və qanunsuzdur və belə bir qərar qəbul edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prinsipi pozulmuşdur. Bu hal inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və başlanılmış icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X2 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Həmçinin, X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə proseslərində iştirak edə bilməyəcəyini, Bakı şəhərindən kənarda uzunmüddətli ezamiyyətdə olduğunu və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixində, saat 11:01-də Səbail rayonu, Bülbül prospektində “Kia Sorento minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.2023-cü il tarixdə “Kia Sorento minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi parklanma yerini göstərən 5.15 yol nişanının qüvvəsi bitdikdən yolun kənarında saxlanıldığından dayanma və ya durma qaydaları pozulmuşdur. İş materiallarına əlavə olunmuş Asanpay” ödəniş sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X3 şəxsi kabinetinə xx.xx.2023-cü il tarixdə baş vermiş inzibati xəta hadisəsi barədə məlumatlar həmin tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixində, saat 11:01-də Səbail rayonu, Bülbül prospektində “Kia Sorento minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və ya durma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində qərarda göstərilmiş qanun pozuntusunun tərəfindən törədilməsinin, yəni dayanma və ya durma qaydalarının tərəfindən pozulmasının inzibati orqan tərəfindən sübuta yetirilməməsini, həmçinin şəxsi kabinetinə elektron qərarın yerləşdirilmədiyini qeyd etsə də, iş materiallarına əlavə olunmuş fotoşəkillərdən və “Asanpay” ödəniş portalından əldə olunmuş çıxarışdan məlum olduğu kimi xx.xx.2023-cü il tarixdə “Kia Sorento minik” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi parklanma yerini göstərən 5.15 yol nişanının qüvvəsi bitdikdən yolun kənarında saxlanılmaqla dayanma və ya durma qaydaları pozulduğundan və bu barədə məlumatlar nəqliyyat vasitəsinin sürücüsünün şəxsi kabinetinə həmin tarixdə yerləşdirildiyindən, onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar aşkar edilməmiş, barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmiş və həmin qərar əsaslı olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18608213 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar