Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-353/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş MN 01887009 saylı protokol əsasında 300 manat olunduğu cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona borclu olduğunu bildirən X4 döyməsi ilə bağlı Xətai rayonu 37-ci Polis Şöbəsinə müraciət etmişdir. Barəsində qəbul edilmiş qərar əsasında ərazi polis sahə inspektoru Bayram Nəbiyev tərəfindən MN 01887009 saylı protokol tərtib olunaraq 300 AZN cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixdə X6 ona borclu olduğunu iddia etdiyi üçün onun yaşadığı ünvan 1 ünvanına gəlmiş, aralarında olan pul məsələsinin sakit formada müzakirəsi aparılmış və şəxs onun ünvanından çıxaraq getmişdlr. Göstərilən vaxtda nəinki dava-dalaş, aralarında söz mübahisəsi belə olmamışdır. O, həmin şəxsi nəinki döymək, heç təhqir belə etməmişdir, aralarında mübahisə belə olmamışdır. Sonradan edilmiş əsassız şikayətin əsasında barəsində tərtib olunmuş protokolla qətiyyən razılaşa bilmir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, Sevda Həsənova adlı şəxsə borcu olduğundan sonuncu onun ünvanına gələrək onu övladı ilə təhdid etmiş və bundan sonra o, polisə ərizə ilə müraciət etmişdir. O, heç kimi döyməmişdir. Ona istinad edilən inzibati xəta onun tərəfindən törədilməmişdir, həmin inzibati xətadan ümumiyyətlə xəbəri olmamışdır, lakin buna baxmayaraq inzibati icraat zamanı onun iştirakı təmin edilmədən, izahatı alınmadan və inzibati xətanın məhz onun tərəfindən törədildiyini təsdiqləyən müvafiq sübutlar təqdim edilmədən barəsində əsassız olaraq inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi Rəhman İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında X4 döyməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X1 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təqdim etdiyi ərizəsindən görünür ki, o, təxminən 2 il əvvəl Sevda adlı şəxsdən 2700 manat borc pul aldığını, hər ay ödəniş etdiyini, həmin şəxsin evinin qarşısına gələrək onu qonşuların qarşısında biyabır etdiyini və uşağını təhdid etdiyini qeyd edərək barəsində tədbir görülməsini xahiş etmişdir. X3 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təqdim etdiyi ərizəsindən görünür ki, o, X1 ona 4000 manat borclu olduğunu, qaytarması üçün yaşadığı evin qarşısına getdiyini, orada olarkən heç bir qonşuya Sevdanın ona borclu olduğunu demədiyini və övladı ilə təhdid etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X1 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozması göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin, məhkəmə iclasında şikayətçi X2 izahatında qeyd etmişdir ki, Sevda Həsənova adlı şəxsə borcu olduğundan sonuncu onun ünvanına gələrək onu övladı ilə təhdid etmiş və bundan sonra o, polisə ərizə ilə müraciət etmişdir. O, heç kimi döyməmişdir. Ona istinad edilən inzibati xəta onun tərəfindən törədilməmişdir, həmin inzibati xətadan ümumiyyətlə xəbəri olmamışdır, lakin buna baxmayaraq inzibati icraat zamanı onun iştirakı təmin edilmədən, izahatı alınmadan və inzibati xətanın məhz onun tərəfindən törədildiyini təsdiqləyən müvafiq sübutlar təqdim edilmədən barəsində əsassız olaraq inzibati cərimə cəzası tətbiq edilmişdir Belə olan halda məhkəmə hesab edir ki, X1 şikayət əriəsində qeyd etdiyi xüsusatlar araşdırılmadan, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-353/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-353/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver