Məhkəmə qərarları › İş №3(011)-354/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-354/2022

17.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-354/2022 17.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə X4 barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.01.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.01.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 şikayəti onunla əsaslandırmışdır ki, ona istinad olunan inzibati xətanın qeydə alınma üsulu qanunvericiliyin tələblərinə ziddir. İXM-nin 124.4-cü maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Əlavə olaraq bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar ona 21.01.2022-ci ildə elektron qaydada təqdim edilmişdir. Yuxarıda qeyd olunan normalara əsasən hesab edir ki, tərtib edilmiş qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, X7 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 şikayətə etiraz edərək bildirmişdir ki, X7 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 13 yanvar 2022-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X7 idarə etdiyi “VOLKSWAGEN JETTA” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13 yanvar 2022-ci il tarixdə, saat 12:57-dən 13:00-dək Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində “X8” Qanunun 52-ci maddəsinin 1-ci hissəsinin tələbinə riayət etməyərək yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamışdır. Halbuki “X8” Qanunun 52ci maddəsinin l-ci hissəsinə əsasən, nəqliyyat vasitələrinə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdən göründüyü kimi həmin nəqliyyat vasitəsi yolun hərəkət hissəsində, 2-ci cərgədə saxlamaqla digər hərəkət iştirakçılarının, xüsusilə də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə əhəmiyyətli dərəcədə maneə yaratmışdır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Həmçinin bildiririk ki, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyinki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Beləliklə hesab edirik ki, Bakı Nəqliyyat Agentliyinin 13 yanvar 2022-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X4 şikayəti əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.01.2022ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “X8” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İş materiallarına əlavə edilmiş fotoşəkildən məlum olur ki, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində, 2-ci cərgədə durmuşdur. X1 şikayətində göstərdiyi xüsusat onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X7 13.01.2022-ci il tarixdə Xətai rayonu, Xocalı prospektində “VOLKSWAGEN JETTA” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə durma qaydasını pozmuş və bu fakt fotoşəkillərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.01.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 13.01.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar