Məhkəmə qərarları › İş №3(011)-3552/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3552/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3552/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Abşeron DYP YPX inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron DYP YPX inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək bildirdi ki, 18 avqust 2021-ci il tarixində Xırdalan, Qəzənfər Musabəyov küçəsində ona məxsus Nissan X-trail markalı 99XM979 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən saat 14:35 radələrində Abşeron DYP YPX inspektoru polis serjantı İsmayılzadə Səxavət onu saxlamış və barəsində inzibatı xəta törətdiyi üçün protokol tərtib edəcəyini bildirmişdir. Törətdiyi xətanı bilmək istədiyini söylədikdə YPX inspektoru ona “Giriş qadağandır” yol nişanının tələbini pozduğunu bildirdi. Bu zaman o YPX inspektoruna hərəkətə Xırdalan şəhər poliklinikasının həyətindən başladığını və hərəkət zamanı qarşısına 3.1 “Giriş qadağandır” yol nişanının çıxmadığını bildirdi. YPX inspektoru onu öz xidməti avtomobilinə dəvət etdi və onlar onun xidməti avtomobili ilə hərəkətə başladığı nöqtəyə, yəni Xırdalan şəhər poliklinikasının həyətinə qayıtdılar. Həmin həyətdən inspektorun avtomobilini saxladığı yerə getmək üçün sola dönərək getdiyini dedi və həyətdən yola çıxarkən hər-hansı bir qadağanedici nişanın olmadığını YPX inspektoru da görmüş oldu. Bu halda YPX inspektoru ona poliklinikanın həyətinin giriş-çıxışından təxminən 50 metr sağda küçənin Həzi Aslanov küçəsinin kəsişməsində qoyulmuş yol nişanını göstərərək bildirdi ki, o nişan “Giriş qadağandır” yol nişanıdır və o, ona görə sola dönə bilməzdi və dönmüşsə həmin nişanın tələbini pozmuş olar. O bir daha inspektora bildirdi ki, o, o nişanın önündən keçməmiş, hərəkətə Xırdalan şəhər poliklinikasından başlamış və hərəkətə başladığı yerdən 50 metr aralıda olan və olduğu yerdən arxasını gördüyü nə nişanı olduğunu belə bilmədiyi və yolunun üzərində olmayan bir nişanın tələblərini necə poza bilər. Belə olan halda, YPX inspektoru ona maşınların düzülüşünü əsas gətirərək bildirdi ki, siz həyətdən çıxarkən avtomobillərin yol kənarındakı biristiqamətli düzülüşündən bilməli idiniz ki, sola giriş qadağandır. Bu halda da o, YPX inspektoruna bildirdi ki, qanunvericilikdə avtomobillərin düzülüşünə əsasən qaydalar nəzərdə tutulmayıb axı o onun tələblərini pozsun. Bundan sonra da YPX inspektoru ona bildirdi ki, Qəzənfər Musabəyov küçəsindən Xırdalan şəhər poliklinikasının həyətinin giriş-çıxışına tərəf dönərkən yolun sağında olan 5.5 Birtərəfli hərəkət yol nişanını yadda saxlamalı və qayıdanda nəzərə almalı idiniz. O, YPX inspektoruna bildirdi ki, Xırdalan şəhər poliklinikasına yaxın qohumları ilə (qaynanası və qaynatası) onlara peyvənd vurdurmaq üçün gəlmişdik və o, yolu tanımadığı üçün poliklinikaya gələrkən avtomobili qaynatası idarə edib. Qayıdarkən isə poliklinikanın həyətindən avtomobili o idarə etməyə başlamış, qanunda da sürücü və ya onun yanında əyləşmiş şəxslər yol nişanlarının yerlərini əzbərləməli və hər-hansı yolla geri qayıdarkən tərsindən gördüyü yol nişanını xatırlayaraq ona tabe olmalıdır deyə hal nəzərdə tutulmadığını bildirərək bir daha “Giriş qadağandır” yol nişanının tələblərini pozmadığını qeyd etdi. Bütün bu müzakirədən sonra YPX inspektoru ona 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozduğunu gördüyünü və xidməti avtomobilinin videomüşahidə kamerası ilə qeydə alındığını əsas gətirərək protokol tərtib edərək göndərəcəyini bildirdi. O bir daha YPX inspektoruna 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozmadığını və video görüntü ilə belə hal aşkarlanacağı təqdirdə məsuliyyətini daşıyacağını bildirdi və onlar ayrıldılar. Bir neçə dəqiqə sonra ona inzibati xəta törətdiyilə bağlı Daxili İşlər Nazirliyi tərəfindən AR İXM-in 327.2-ci maddəsinə əsasən İXP4135262 saylı protokol tərtib edildiyi ilə bağlı sms bildirişi gəldi. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş hallarla bağlı törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, bu protokoldan 18.08.2021-ci il tarixində DİN-nin Baş Dövlət Yol Polisi idarəsinə e-müraciət sistemindən şikayət ünvanlamışdır. 27.08.2021-ci il tarixində elektron poçt ünvanına müraciətinin araşdırılması üçün 21.08.2021-ci il tarixində Abşeron RPİ-nə göndərildiyi və araşdırılmanın nəticəsi barədə ona məlumat veriləcəyi ilə bağlı cavab gəlmişdir. Bundan sonra 10.09.2021-ci il tarixinədək araşdırılma ilə bağlı nəticə gəlmədiyi üçün özü Abşeron RPİ ilə əlaqə saxlamış və idarəyə yaxınlaşaraq dəqiqləşdirə biləcəyi deyildi. 10.09.2021-ci il tarixində Abşeron RPİ-də Abşeron Rayon Dövlət Yol Polisi (DYP) X6 üzrə baş inspektoru Vüsal Qələndərovun yanında olmuşdur. Vüsal Qələndərov onu Qiyas adlı əməkdaşın yanına göndərdi ki, araşdırmanın nəticəsi ilə tanış olsun. Qiyas ona bildirdi ki, video kameralardan əldə edilmiş görüntülərlə araşdırılma aparılıb protokol düzgün tərtib olunub və cavabı onlara göndərilib. O tələb etdim ki, videogörüntüyə onun iştirakı ilə baxsınlar, axı o protokolda göstərilmiş tələbini pozduğunu iddia etdikləri 3.1 “Giriş qadağandır” yol nişanı Həzi Aslanov küçəsindən Xırdalan şəhər poliklinikasına dönən yolun kəsişməsindədir və o, nəinki 18.08.2021-ci il tarixində ümumiyyətlə heç vaxt avtomobili ilə (99XM979) həmin yerdən hərəkət etməmiş və oradan Xırdalan şəhər poliklinikasına dönən yolda quraşdırılmış “Giriş qadağandır” yol nişanından keçməmiş, yəni tələblərini pozmamışdır. Qiyas adlı əməkdaş onun avtomobili ilə Xırdalan şəhər poliklinikasından Qəzənfər Musabəyob küçəsinə daxil olmağı ilə bağlı görüntünü təqdim etdi ki, həmin video görüntüdə 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması ilə bağlı heç bir məlumat yoxdur. Çünki əvvəldə də qeyd etdiyi kimi 3.1 “Giriş qadağandır” yol nişanı həmin yolun Həzi Aslanov küçəsi ilə kəsişməsində yerləşir və orada quraşdırılmış müşahidə kameralarından də dəqiqləşdirə bilərdilər ki, o, avtomobili ilə oradan daxil olaraq 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozmamışdır. Belə olan halda Qiyas Xırdalan şəhər poliklinikasının həyətindən yola çıxarkən nişan olmadığından bu cür mübahisəli halın orada hər zaman yarandığını bildirdi və məhkəməyə müraciət edərək protokolu ləğv etdirə biləcəyini söylədi. O, məhkəməyə müraciət etmək üçün araşdırmanın da rəsmi cavabını almaq istədiyini bildirdi. Bunun üçün Abşeron RPİ-nin dəftərxanasına getdi cavabı tapıb verə bilmədilər və bildirdilər ki, araşdırma İTÜBİ üzrə baş inspektor Vüsal Qələndərovun icraatındadır, onun yanına yaxınlaşmalıdır. Həmin gün bir saatadək gözləsə də Vüsal Qələndərovu görə bilmədi və 11.09.2021-ci il tarixində yenidən ora getdi. Vüsal Qələndərov görüşdə əvvəldə də qeyd etdiyi kimi ərazinin mübahisəli olduğunu və əlavə olaraq da X4 42-ci maddəsinin 4-cü bəndini əsas gətirərək bildirdi ki, Xırdalan şəhər poliklinikasının həyətindən sola dönmək qadağandır və o sola dönməklə həmin yerdən 50 metr aralıda sağda olan və arxasını gördüyündən nə nişanı olduğunu belə bilmədiyi “Giriş qadağandır” yol nişanının tələbini pozmuşdur. O, maddədə nəzərdə tutulmuş tələbə baxmaq üçün qanunu tələb etdi və bir neçə əməkdaşın da iştirakı ilə onlar oradakı açıqlamaya baxdılar. X4 42-ci maddəsinin 4-cü bəndində deyilir ki, “Sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir”. Qanunun bu maddəsinin isə ona yazılmış olan “Giriş qadağandır” yol nişanının tələbinin pozulması protokolu ilə və yaxud da onun sola dönməyinin qadağan edilməsi ilə heç bir əlaqəsi olmadığından araşdırmanın düzgün aparılmadığını bildirdi və yazılı nəticəsini tələb etdi ki, məhkəməyə müraciət edəcək. 11.09.2021-ci il tarixində Vüsal Qələndərovun göstərişi ilə Qiyas adlı əməkdaş ona barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu (İXP4135262) və onun inzibati tənbeh vermə haqqında qərarını (TP4548250) sənəd olaraq təqdim etdi. O, məhkəməyə verəcəyi şikayət ərizəsinə əlavə etməyi üçün araşdırılmanın nəticəsi ilə bağlı rəsmi sənədi də tələb etdi, lakin bir neçə gündən sonra təqdim edə biləcəklərini bildirdilər ki, 14.09.2021-ci il tarixində ona Abşeron RPİ-də müraciətinə baxıldığı ilə bağlı sənəd təqdim edildi ki, idarə etdiyi avtomaşınla qeyd olunan küçədən Qəzənfər Musabəyov küçəsinə daxil olmanız və qeyd olunan nişanın tələblərini pozmanız videogörüntüdə aydın şəkildə qeyd olunmuşdur, videogörüntüyə əsasən tərtib edilmiş inzibati protokolun tərtib olunmasında qanun pozuntusuna yol verilməyib. Yuxarıda qeyd etdiklərindən və protokoldan etdiyi şikayət müraciətinə 14.09.2021-ci il tarixində verilmiş cavab sənədindən də göründüyü kimi 10-11 sentyabr 2021-ci il tarixində Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsində müraciətinə baxılsa da, əsaslandırmama heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində AR İXM-in 327.2-ci maddəsinə əsasən 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulması ilə bağlı tərtib edilmiş İXP4135262 saylı protokolda qanun pozuntusunun olmadığını bildirdilər. Hörmətli məhkəmə heyəti, onun etirazı onunla bağlıdır ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol (İXP4135262) və haqqında çıxarılan inzibati tənbeh vermə haqqında qərarın (TP4548250) hüquqi əsasları yoxdur. Belə ki, Həzi Aslanov küçəsindən Xırdalan şəhər poliklinikasına dönən yolun kəsişməsində olan 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmaq üçün o avtomobili ilə Xırdalan şəhər poliklinikasının həyətinə Həzi Aslanov küçəsindən gələrək daxil olmalı idi ki, o, Həzi Aslanov küçəsindən nəinki 18.08.2021-ci il tarixində saat 14:30 radələrində ümumiyyətlə heç bir tarixdə keçməmişdir, bunu Həzi Aslanov küçəsində quraşdırılmış müşahidə kameralarından da dəqiqləşdirmək olar. Əvvəldə də qeyd etdiyi məqamlardan və peyk görüntüsündən də göründüyü kimi AR İXM- in 327.2-ci maddəsinin 3.1 “Giriş qadağandır” yol nişanının tələbi tərəfindən pozulmuş deyildir. Bu arada qeyd etmək istəyir ki, AR İXM-in 327.2-ci maddəsində 3.1 “Giriş qadağandır” yol nişanının tələbinin pozulmasına görə altmış manat məbləğində cərimə və 3 (üç) cərimə balı nəzərdə tutulur. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2.-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edir ki, İXMnin 53-cü maddəsinin 53.1.1.-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X7 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin bildirmək istəyirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X7 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur, 129.1.3 maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq İXP4135262 saylı protokola Abşeron DYP YPX inspektoru polis serjantı X2 tərəfindən çıxarılmış 18 avqust 2021-ci il tarixli TP4548250 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 18.08.2021-ci il tarixində saat 14:42-də Xırdalan, Qəzənfər Musabəyov küçəsində Nissan X-Trail minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Abşeron DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18.08.2021-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X3 18.08.2021-ci il tarixində saat 14:42-də Xırdalan, Qəzənfər Musabəyov küçəsində Nissan X-Trail minik markalı, ** XM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş, bu səbəbdən İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X7 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən X7 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən X7 işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 giriş qadağandır yol nişanının tələblərini pozmadığını, həmçinin həmin tarixdə protokol tərtib edildiyi ərazidə olmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 18.08.2021-ci il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Bundan əlavə, inzibati xəta haqqında protokol Abşeron DYP YPX inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş, X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, X2 inzibati xəta haqqında protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli olduğu halda göndərməmiş, özü qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan 18.08.2021-ci il tarixli, TP ******* nömrəli qərar sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Abşeron DYP YPX inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X1 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron DYP YPX inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş 18.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar