Məhkəmə qərarları › İş №3(011)-3556/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3556/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3556/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2025-ci il tarixdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bu barədə Bakı şəhər X5 İdarəsinin Yol-Patrul Xidməti tərəfindən 19 aprel 2025-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o 102 xidmətinə zəng etmiş və bildirmişdir ki, polis əməkdaşları onu orada saxlayıb hədə-qorxu gəlirlər. Ona sərxoş olduğunu bildirirlər, o isə bildirmişdir ki, əgər sərxoşdursa qanun qarşısında cəza çəkməyə hazırdır. Daha sonra həkimin yanına tibbi müayinəyə aparılmışdır və tibbi müayinədən keçmişdir. Sonra isə onu aldadıb demişlər ki, 102 xidmətinə zəng etsin və bildirsin ki, onun sərxoş olduğu müəyyən edilməyib. O da zəng etmişdir. Daha sonra isə ondan sürücülük vəsiqəsini almışlar və bildirmişlər ki, sabah özünə göndərəcəklər. O da inanıb vermişdir. Səhəri gün sürücülük vəsiqəsinə görə zəng edəndə ona demişlər ki, vəsiqəni 27-ci otağa veriblər. 3 gün sonra 27-ci otağa yaxınlaşıb soruşanda bildirmişlər ki, sürücülük vəsiqəsini məhkəməyə göndəriblər və bununla onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də onun barəsində İXM-nin 343.1-ci maddəsi ilə başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində İXM-nin 343.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Respublika Narkoloji Mərkəzinin həkimi Nümayəndə bildirdi ki, aparata lazımi şəkildə üfürmək lazımdır ki, aparat alkoqolu müəyyən etsin. Bəzən şəxslər üfürmək görüntüsü yaratsalar da yayınırlar və lazımi qaydada üfürmürlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 aprel 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, “X4 Prado minik” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tibbi müayinədən imtina etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 19 aprel 2025-ci il tarixli, 2/21613 saylı nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir. sürücülük vəsiqəsindən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. 343.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İş materiallarından göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququ olan Şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdiyindən tibbi müayinəyə aparılmış, sonuncu tibbi müayinədən imtina etmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar