Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3571/2020 06.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X1 və onun qanuni nümayəndəsi X5 iştirakı ilə, X3 Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin polis polkovnik leytenantı Cavanşir Ələkbərov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslndırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 13:30 radələrində yaşadığı ünvandan zibil qutusunu götürüb yaşadığı binanın yanında yerləşən zibil qabına tullamaq üçün evi tərk etmişdir. Zibili tullayıb evə qayıdarkən polis əməkdaşları ona yaxınlaşmış icazə mesajı olub-olmamasını soruşmuşlar. O, isə zibil atmaq üçün bayıra çıxdığını söyləmişdir. Yuxarda qeyd olunanlara əsasən Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli TP № ******* saylı İnzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 qanuni nümayəndəsi X7 şikayət ərizəsinə uyğun izahat verərək sözü gedən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı oladan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Hal-hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin Yol patrul xidməti inspektoru polis baş serjantı Elvir Malıyev tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin polis polkovnik leytenantı Cavanşir Ələkbərov tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AA1254925 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 yetkinlik yaşına çatmadığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin polis baş serjantı Elvir Əliyev tərəfindən xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X6 Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin polis polkovnik leytenantı Cavanşir Ələkbərovun xx xxxx 2020-ci il tarixli, TP № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. X3 barəsində inzibati protokol tərtib edilərkən onun qanuni nümayəndəsinin və vəkilinin iştirakları olmadan tərtib edilmişdir. Bundan başqa, X3 izahatı alınarkən onun qanuni nümayəndəsi olmadan və vəkilinin iştirakı olmadan alınmışdır. Bundan başqa, X3 hüquq və vəzifələri izah edilməmiş, barəsində tərtib edilmiş protokola etirazının olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında protokol və qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən, valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanuni nümayəndəsi öz səlahiyyətlərini təsdiq edən sənədi hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edir. Həmin Məcəllənin 63.5-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən, bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Həmin Məcəllənin 76.1-ci maddəsinə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır, bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. X8 Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin polis polkovnik leytenantı Cavanşir Ələkbərov tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X3 şikayəti təmin edilsin. Bakı şəhər Xətai Rayon Dövlət Yol Polis Şöbəsinin polis polkovnik leytenantı Cavanşir Ələkbərov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP № ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-3571/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3571/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver