Məhkəmə qərarları › İş №3(011)-3590/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3590/2024

23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3590/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin YPX İnzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin YPX İnzibati qrup tərəfindən inzibati xəta haqqında xx.xx.2024cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, 12 aprel 2024-cü il tarixində Kürdəmir Bakı trası ilə hərəkətdə olan zaman Kürdəmir rayonu ərazisində postda DYP əməkdaşları tərəfindən saxlanılmış, ödənilməmiş cərimənin olduğuna görə maşının saxlanılması barədə qərar qəbul edildiyi bildirilmişdir. O həmin cərimə barədə məlumatsız olduğunu bildirərək dərhal həmin cəriməni yerindəcə ödəmiş, sonra polis əməkdaşları tərəfindən ona əlavə heç bir məlumat bildirilmədən nəzakətli şəkildə yola salınmışdır, lakin bir müddət hərəkət etdikdən sonra, Nəvai rayonu ərazisində yenidən polis əməkdaşları tərəfindən saxlanılmış, bu dəfə isə ona ödənilməmiş cəriməyə görə sürücülük hüququmun məhdudlaşdırıldığını bildirərək, nəqliyyat vasitəsinin cərimə meydançasına təmin edilməli olduğu bildirilmişdir. X4 artıq cəriməni Kürdəmir rayonu ərazisində olan zaman ödədiyini, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı ona heç bir məlumat verilmədiyini, sürücülük vəsiqəsinin Kürdəmir rayon ərazisində saxlayan polis əməkdaşları tərəfindən təhvil alınmadığını bildirmiş və buna görə də nəqliyyat vasitəsi ilə sərbəst surətdə hərəkətini davam etdirdiyini qeyd etmişdir. Buna baxmayaraq polis əməkdaşları tələblərində təkidli olmaqla maşnı duracağa yerləşdirəcəklərini bildirmişdir. O isə öz növbəsində o zaman, maşında onunla birlikdə olan sərnişində sürücülük hüququnun olduğunu bildirərək, (postdan müvafiq görüntülərin götürülərək baxış keçirilməsini xahiş etmişdir) bunun qanunsuz olduğunu, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin qanuni əsasının olmadığını bildirdi. Polis əməkdaşı isə onlara Xırdalan QAl-sindən Cəmil müəllimin göstərişi olmadan avtomobili verməyəcəklərini bildirdilər və barəsində sürücülük hüququ olmadan nəqliyyyat vasitəsinin idarə edilməsinə görə cərimə tətbiq etdilər. Sonradan ona məlum oldu ki, o polis əməkdaşaları tərəfindən qanunsuz olaraq "ümumi katyolun" pulunu verməyi üçün Xırdalana göndərilmişdir. Belə olan halda polis əməkdaşlarına qanunun tələblərini izah edə bilmədiyinə və mübahisə yaranacağı halda barəsində əlavə polisin qanuni tələblərinə əməl etməyən şəxs kimi protokol tərtib ediləcəyindən ehtiyat edərək məcbur sərnişinlərlə birlikdə yola taksi ilə davam etmək məcburiyyətində qaldı. Bakı şəhərinə gəldikdən sonra isə nəqliyyat vasitəsinin buraxılması ilə bağlı Cəmil müəllimin qəbulunda olan zaman, ondan 300 manat verməyini və bunun müqabilində ona maşının duracaqdan buraxılması üçün müvafiq icazə tolununun veriləcəyini bildirdi. O, isə maddi vəziyyətimin o pulu verməyə imkan vermədiyini bildirmişdir. Onun sözlərindən hiddətlənən əməkdaş qanunsuz tələb etdiyi 300 manatı ala bilməməsinin heyfini, sənə tələb etdiyi qanunun tələblərinə uyğun bir neçə cərimə yazaram o da olar sənə qanun ifadəsini bildirərək, qarşısında olan komputerdə bir müddət axtarış etdikdən sonra bir neçə şəkil çıxararaq qarşısına ərizə qoymuş və imzalamağını tələb etmişdir. Ərizənin məzmunu ilə tanış olmadan yersiz mübahisədən yayınmaq üçün eləcə də ədalətli məhkəmə araşdırmasına inandığı üçün tələblərinə əməl edərək ərizəni yazıb otaqdan çıxmışdır. Yazdığı ərizənin nəticəsi olaraq məhkəmənin barəsində sürücülük hüququnu məhdudlaşdırıldığı tarixdən sonrakı dövrlərə aid maşını idarə etdiyi müxtəlif tarixlərə uyğun xx.xx.2024-cü il tarixli 4 fərqli qərar qəbul edərək hər biri üzrə 300 manat olmaqla ümumilikdə 1200 manat məbləğində cərimə edilmişdir. O bildirmişdir ki, 10 manat cəriməyə görə Nəvai postunda yazılan cərimə ilə birlikdə ümumi 1500 manat cərimə edilmişdir, Hansı ki, həmin cərimə barədə bildirilsə idi, dərhal ödəyərdi. Odur ki, barəsində Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin YPX İnzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 17:01-də Xətai rayonu, Gen Mehmandarov küçəsi ərazisində TOYOTA PRİUS MİNİK markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6cı, 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Odur ki, X4 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin YPX İnzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin YPX İnzibati qrup tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar