Məhkəmə qərarları › İş №3(011)-36/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-36/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-36/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X3 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17624085 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17624085 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə ona göndərilən sms məlumatdan məlum olmuşdur ki, anası X2 məxsus olan, etibarnamə əsasında idarə etdiyi 10DU585 dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero" markalı avtomobil ilə Bakı Şamaxı yolu ilə hərəkət edərkən saat 22:19-da Bakı Şamaxı yolunun 23-cü km-də 60 km surət həddi olan yaşayış məntəqəsində saatda 126 km/saat sürətlə hərəkət etmişdir. Həmin ərazidə xidmət göstərən Yol Patrol Xidməti avtomobilində quraşdırılmış İ-Patrul qurğusu vasitəsi ilə elektron protokol tərtib edilmişdir və Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsirə əsasən - yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - üç yüz manat məbləğində cərimə edilmişdir. Tərəfindən belə bir qayda pozuntusuna yol verilməyib. Protokola əlavə olunan foto və video materiallar şübhə doğurur. Belə ki, təqdim olunan foto şəkillərdə sözügedən avtomobilin nömrə nişanı aydın görünmür, video materialda isə ümümiyyətlə hansı nəqliyyat vasitəsi olduğu bilinmir. Ona sms məlumat gəldikdən sonra dərhal bu barədə Baş Dövlət Yol Polisinə yazılı qaydada müraciət etmişdir. Lakin müraciətinə bu günədək baxılmamış və rəsmi cavab verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, şikayətçi və Baş Dövlət Yol Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə şikayətçi və Baş Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17624085 saylı inzibati xəta haqqında elektron qərarın surətindən görünür ki, VVC-MC800P tipli E-Patrol markalı xüsusi texniki vasitənin məlumatına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Xüsusi texniki vasitə son dəfə xx.xx.2023-cü il tarixdə müqayisəli dövlət yoxlamasından keçmiş, keçirilməli olduğu vaxt isə xx.xx.2024-cü il tarixdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə - üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, X6 10DU585 dövlət qeydiyyat nişanlı, “Mitsubishi Pajero" markalı avtomobil ilə Bakı Şamaxı yolunun 23-cü km-də 60 km/saat surət həddi olan ərazidə 126 km/saat sürətlə hərəkət etmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsinin tələbini pozmuşdur. X1 şikayətində göstərdiyi xüsusat, yəni təqdim olunan fotoşəkillərdə sözügedən avtomobilin nömrə nişanının aydın görünmımısi, video materialda isə ümümiyyətlə hansı nəqliyyat vasitəsi olduğunun bilinməməsi onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş fotoşəkildən dövlət qeydiyyat nişanının 10DU585, markasının isə “Mitsubishi Pajero" olması açıq-aşkar görünür. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qanunun tələblərinə tam uyğun elektron qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Belə olan halda məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17624085 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ 17624085 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar