Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-360/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC xx.xx.2017-ci il tarixdə **********2342 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-yə ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 1128.00 ABŞ dolları (1917.60 manat) məbləğində vəsait MMC-nin müvəkkil bankda olan hesabına köçürülməmişdir. Buna görə də Şəxs MMC barəsində 02 noyabr 2023-cü il tarixli 13000-01376/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin nümayəndəsi Nigar Mirbabayeva məhkəmə iclasında inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin ünvanına göndərilən invoys dəyəri 45120 ABŞ dolları olan sürtkü və sənaye yağları adlı yükdən daha sonra 43992 ABŞ dolları dəyərində mal geri qaytarılmışdır. Qalan 1128 ABŞ dolları dəyərində malı isə sınaq üçün istifadə etdiklərini bildirsələr də, dəyərini ödəməmişlər. bununla bağlı dəfələrlə həmin şirkət ilə aparılmış danışıqlar nəticəsiz qalmışdır. Həmçinin inzibati xətanın törədildiyi gündən 5 ildən artıq müddət keçməsindən sonra tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin 13000-01376/23 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolunun ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin **********2342 saylı gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş yükün müqabilində ödənilməli olan 1128.00 ABŞ dolları (1917.60 manat) məbləği müvəkkil bank hesabına köçürmədiyi müəyyən edilmişdir. İş materiallarında olan **********2342 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə Ukraynaya ixrac edilmiş yüklər xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, hüquqi şəxsin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bu kateqoriya işlər üzrə inzibatı xətanın baş vermə anı 180 günün bitməsindən başlayır və bu tarixdən bir il keçdikdə İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş olur. Bu konkret inzibati xətadır və bu kateqoriya olan inzibati xətalar uzanan inzibati xətalara aid edilə bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, hüquqi şəxs Şəxs MMC tərəfindən tərəfindən konsiqnasiya yolu ilə Ukraynaya ixrac edilmiş yüklər xx.xx.2017-ci il tarixdə bəyan edilmiş, həmin yük müqabilində köçürülməli olan məbləğ bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində, yəni xx.xx.2018-ci il tarixədək köçürülməli idi. Göründüyü kimi həmin gündən 01 ildən çox vaxt keçmişdir. Hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında protokol 02 noyabr 2023cü il tarixində tərtib edilərək aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş, 05 fevral 2024-cü il tarixində məhkəmənin icraatına daxil olmuşdur. Bununla da, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi gündən bir ildən çox vaxt keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-360/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-360/2024
19.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver