Məhkəmə qərarları › İş №3(011)-3606/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3606/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3606/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsinin 06 avqust 2024-cü il tarixli, 00100/01868 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 06 avqust 2024-cü il tarixli, 00100/01868 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və törətmiş olduğu inzibati xəta əməlinin İXM-nin 485.2-ci maddəsindən 485.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən X5 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsinə əsasən 06 avqust 2024-cü il tarixli, EP Ns 00100- 02041/24 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd olunur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/019988 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən X3 ünvanına SD333LO/00056K nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş xx.xx.2024-cü il tarixli **********7719 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün, qanunvericiliklə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin ."Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi" informasiya resursuna baxış keçirilməsinə dair protokoldan görünür ki, X3 ünvanına gələn xx.xx.2024-cü il tarixli **********7719 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar SD333LO/00056K nömrəli nəqliyyat vasitəsi ile gömrük sərhədindən keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, mallar Azərbaycan Respublikasının gömrük erazisinə gətirilməzdən əvvəl qanunla müəyyən edilmiş qaydada qısa idxal bəyannaməsi gömrük orqanına verilməmişdir. Nəticədə vəzifəli şəxs X5 tərəfindən İXM 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.Buna əsasən də Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli, 00100/01868 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə tutulması qərara alınmışdır. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli,00100/01868 saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız və qanunsuzdur inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. X5 tərəfindən qısa idxal bəyannaməsi mallar gömrük erazisinə gətirilməzdən əvvəl elektron formada verilmişdir. Qısa idxal bəyannaməsi tərtib edilmiş, həmin gün həmin bəyənnamələr üçün qanunda nəzərdə tutulmuş elektron gömrük xidmət haqqı və elektron gömrük xidməti üzrə ƏDV məbləği müvafiq bank hesabına köçürülmüşdür. Sadəcə həmin vaxt sistemdə nasazlıq yarandığından qısa idxal bəyannaməsini sistemə yükləyə bilməmişdir. Bundan başqa sifariş etdikləri məhsulu gətirən avtomobilin sürücüsünə gömrük ərazisinə daxil olmamışdan öncə ona bu barədə məlumat verməsi barədə tapşırıq verilməsinə baxmayaraq sürücü ona məlumat vermədən, xəbərsiz olaraq gömrük erazisinə daxil olmuşdur. Qeyd edir ki, müvafiq qısa idxal bəyannaməsini Gömrük orqanına göndərmiş, lakin informasiya resurslarında problem yarandığından həmin tarixdə və saatda “OK" düyməsini sıxmamışdır. Yuxarıda qeyd olunanıarı və Azərbaycan Respublikası İXM-nin 31.2, 128.2.3 və 129.1.3-cü maddələrini nəzərə alaraq Məhkəmədən xahiş edir ki, Bakı Baş Gömrük İdarəsininin xx.xx.2024-cü il tarixli, 00100/01868 saylı İnzibati tənbeh vermə haqqında qərarını ləğv edərək X3 əməlinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsindən İXM-nin 485.1-ci maddəsinə tövsif edilməsi haqqında qərar qəbul edilsin. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs vəkili əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş arayışda görünür ki, o, fiziki şəxs kimi göstərilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Bakı Baş Gömrük İdarəsininin xx.xx.2024-cü il tarixli, 00100/01868 saylı İnzibati tənbeh vermə haqqında qərarını ləğv edərək onun əməlinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsindən İXM-nin 485.1-ci maddəsinə tövsif edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 06 avqust 2024-cü il tarixli, 00100/01868 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 ünvanına SD333LO/33056K nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş xx.xx.2024-cü il tarixli **********7719 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük üçün, qanunvericiliklə nəzərdə tutulmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına qısa idxal bəyannaməsi təqdim olunmamışdır. “Azemis” Elektron Məhkəməsindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN X4 məxsusdur, aktivdir və xx.xx.2008-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar əsassız olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Belə ki “Azemis” Elektron Məhkəməsindən çıxarışdan göründüyü kimi ********** nömrəli VÖEN X4 məxsusdur, bu halda da X5 İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxslər hesab edildiyindən Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 06 avqust 2024-cü il tarixli, 00100/01868 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab edilməlidir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Bakı Baş Gömrük İdarəsininin 06 avqust 2024-cü il tarixli, 00100/01868 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar