Məhkəmə qərarları › İş №3(011)-3633/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3633/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3633/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2, Bakı şəhər BPİ-nin X11 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə X2 barəsində Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı X7 haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı X7 haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Nobel prospekti 57 ünvanında təxminən saat 10:30 radələrində mülkiyyətimdə olan “Chevrolet Cruze” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avlomobillə hərəkət edərkən polis maşını ona aid olan avtomobilin sol tərəfi ilə onunla yanaşı xeyli getmiş, daha sonra surətini artıraraq önə çıxmış, sonra surətini azaldaraq yenidən yanaşı gedərək maşının pəncərəsindən uzun müddət ona narazı şəkildə baxdığını görmüş, bir qədər sonra isə polis əməkdaşı avtomobili sağa çəkərək saxlamağına göstəriş vermişdir. Avtomobili saxlayıb düşdükdən sonra, polis əməkdaşı yaxınlaşaraq idarə etdiyi avtomobilin ban şüşəsində guya qanunla qadağan olmuş üzlük olduğunu bildirmiş və kobud formada icazə istəmədən avtomobilin qapısını açaraq, əlindəki qəpiklə şüşəni soymağa cəhd etmişdir. Avtomobilin şüşəsində qanunla qadağan olunan üzlük aşkar edilməmiş, polis əməkdaşının kobud hərəkətinə, polis əməkdaşına yaraşmaz hərəkət etdiyinə və icazəsiz avtomobilə daxil olduğuna görə etirazını bildirdikdə, aramızda kiçik mübahisə yarandı və ona problem yaradacağını bildirərək, qərəzli olaraq barəsində qərar qəbul etmişdir. Qərarla tanış olarkən, qərarda İXM-nin 342.2.4-cü maddəsi qeyd edildiyi və buna görə də 150 manat cərimə olunmağı qərara alınmışdır. Qərar tam qanunsuz tərtib edilmiş, qərar qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı tam qərəzli və formal qaydada qəbul edilmişdir. İdarə etdiyi avtomobildə qanunla qadağan edilmiş üzlük olmamışdır.Qərarda da avtomobilində qadağan olmuş üzlük aşkar edilməmişdir. Polis əməkdaşı qərar qəbul edərkən avtomobildə üzlük olmasını aşkar etmişdirsə, o zaman üzlüyün pyonka, pərdə və başqa bir avandalıq olmasını, onun tündlüyünün neçə faiz olmasını, şüşənin şəffaflığının korlanıb-korlanmamasını, görünüş dairəsinin məhdudlaşıb-məhdudlaşmamasını protokolunda qeyd edərdi. Bundan başqa qərarda göstərilir ki, tələbini pozduğu maddə 342.2 qeyd edilmişdir, polis əməkdaşı isə 342.2.4-cü maddəsin rəhbər tutaraq qərar qəbul etmişdir. DYPİ-nin YPX əməkdaşının barəsində tərtib etdiyi TP5082477 saylı qərardan aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə müraciət etməli olmuş, məhkəmə qərarının nəticəvi hissəsində mövcud qərarın ləğv edilməsi, inzibati xəta haqqında işə yenidən baxılması üçün işin Bakı şəhər X10 İdarəsinə göndərilməsi qərarı qəbul etmişdir. Məhkəmə tərəfindən ləğv edilmiş qərar və işə yenidən baxılaraq barəsində qəbul edilmiş yeni İQ ******* seriyalı X7 haqqında Qərar iştirakı təmin edilmədən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, prosessual hüquqları pozulmuş, işə dair sübutlar yeni qərarın qəbul edilməsində mərkəzi informasiya sisteminə yerləşdirilməmişdir. İşin hallarını hərtərəfli, obyektiv araşdırmaq əvəzinə sanki DİN-nin DYP idarəsinin əsas prioritet məqsədi cəriməni qüvvədə saxlamaq, sübutetmə vəzifəsi polisin üzərinə düşdüyü halda müvafiq qanunvericilik normalarına məhəl qoymamaq və barəsində yeni X7 haqqında Qərar vermək olmuşdur. Qəbul edilmiş qərarda araşdırma zamanı video görüntüyə baxış keçirilməklə xətanın öz əksini tapdığı qeyd edilmiş, xətanın mahiyyəti ilə bağlı məlumat qeyd edilməmiş, Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının qanununun 1 saylı əlavəsinin Vİİ hissəsinin İİİ hissəsinə (sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə hər hansı formada və ölçüdə örtüklər (pərdə və plyonka) çəkilməsi qadağandır) istinad edilmişdir. Dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti - küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilib. Beləliklə, minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olmaqla, tündləşdirilməsi - qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır. Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə, məhdudiyyət qoyulmur. Araşdırma zamanı polisin guya barəsində olan videogörüntüyə baxış keçirməklə İXM-nin 342.2.4-cü maddəsinin tərkibi olduğunu, müvafiq videogörüntünün ona təqdim edilməsini xahiş etsə də, videogörüntü təqdim edilməmiş, həmçinin mərkəzi informasiya sisteminə habelə “SMSRADAR” proqramına yerləşdirilməmişdir. Videogörüntünün məxfi olduğu qeyd edilərək ona verilməsindən imtina edilmişdir. İnzibati xəta hadisəsini təsdiq edən sübutun olduğu halda onun heç bir informasiya sistemində yerləşdirilməməsini qanunazidd hesab edir və araşdırmanın qərəzli aparıldığı qənaətindədir. Qərarda inzibati xətanın BPİ DYPİ-nə bilavasitə tabe olan YPX əməkdaşı tərəfindən aşkar edildiyi qeyd edilsə də, görünür ki səlahiyyətli vəzifəli şəxsin qərar qəbul etmək qaydasından məlumatı olmaması, icraatın hansı qaydada aparılması və maddənin düzgün təfsir olunmaması, qərarın yanlış olduğunu göstərir (Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası). İnzibati Xətalar Məcəlləsində və qərarın formasında qərarın qəbul edilməsi qaydası nəzərdə tutulmuşdur. Qərar qəbul edən şəxs isə həmin qanunun tələblərinə riayət etməyə borcludur. Qərarda “İXM-nin 342.2-ci maddəsi” yazmaqla kifayətlənilməməlidir. Qərarda işə “baxılarkən müəyyən edilmiş hallar” hissəsini əsaslandırmaq əvəzinə “İXM-nin 342.2-ci maddəsi” yazılmaqla, qəbul edilmiş 150 manat cəriməni tamamilə əsassız, qeyri-obyektiv və qərəzli hesab etmiş, eyni zamanda İXM-nin 342.2.4-cü maddəsi ilə özümü təqsirli hesab etmişdir. Müvafiq qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, ona rəsmi qaydada təqdim edilmədiyindən, öz təşəbbüsülə qərarı xx.xx.2022-ci il tarixdə əldə etmiş, vəzifəli şəxs qərarı verərkən rəsmi qaydada tarix qeyd edərək imza atmaqdan imtina etdiyi üçün qərarın verilmə tarixini əsas götürərək qanunvericiliklə müəyyən edilmiş 10 gün müddəti bitməyənədək məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X4 şikayətdə göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X11 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərmişdir ki, Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı X7 haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, X2 avtomobilində ban şüşəsində qanunla tətbiqinə icazə verilməyən örtük aşkar edilmiş və örtük sökülərkən videogörüntü vasitəsilə qeydə alınmışdır. Həmin videogörüntü məhkəməyə təqqdim edilmişdir. Şikayətin əsassız olmasını nəzərə alaraq təmin edilməməsini xahiş etmişdir. Şikayəti, tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli TP ******* saylı X7 haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı X7 haqqında qərarın surətindən görünür ki, X4 “Chevrolet Cruze” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nobel prospektində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videoyazıya baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Chevrolet Cruze” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsində plyonka aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanuna 1 saylı əlavənin - Nəqliyyat vasitələrinin nasazlıqlarının siyasının Vİİ. bəndində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. X1 şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, videoyazıdan göründüyü kimi X4 nəqliyyat vasitəsinin şüşəsinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı X7 haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. Bakı şəhər BPİ-nin X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli İQ ******* saylı X7 haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar