Məhkəmə qərarları › İş №3(011)-3634/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3634/2022

05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3634/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Niyazi Abbasovun, X1 iştirakı ilə, X3 Bakı şəhər BPİ-nin X14 İdarəsinin 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X14 İdarəsinin 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində Səməd Vurğun küçəsindən Füzuli küçəsi istiqamətində hərəkətdə olarkən küçənin sonundan sağa Füzuli küçəsinə tərəf dönmüş və yol patrul əməkdaşı onun “Mercedes E220 CDİ” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə saxla əmri vermiş və ona nişanın tələbini pozduğunu bildirmişdir. O, onunla razılaşmamış, nişanların düzgün olmadığını və yerdə olan düz xəttlə 5.8.1 nişanlı lövhəciyin uyğunsuz, bir-birinə zidd olduğunu bildirmişdir. Qost 23457-86 standartına uyğun olaraq 1.18 yol ayrıcına çatmazdan əvvəl 20-30 metr ara ilə 2 və ya 3 dəfə təkrarlanmalıdır. Yerdə çəkilmiş istiqamət bildirici xəttlər 5.8.1 və 5.8.2 nişanı ilə birgə quraşdırılmalıdır və aralarında ziddiyət olmamalıdır. X2 69-cü maddəsinin İV bəndində açıq şəkildə qeyd etmişlər. Lövhədəki nişan sola, yerdəki xətt isə düzünə çəkilmişdir. Həmçinin, düzünə hərəkət həmin zolaqda həmin istiqamətdə mümkün deyil, qarşıda Qış parkı deyilən yerdə geriyə dönmə üçün quraşdırılmış suni maneələrin üzərinə gedir həmin zolaq. Düzgün şəkildə o, zolaq yalnız sağa istiqamətində olmalıdır. Bu eyni qərardan ikinci şikayətdir. Bir dəfə məhkəmə ləğv edərək yenidən baxış üçün Yol Polisi İdarəsinə göndərmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir, lövhədəki nişan sola, yerdəki xətt isə düzünə çəkilmişdir. Halbuki, X4 69-cü maddəsinin İV bəndində açıq şəkildə yol nişanlarının arasında ziddiyyətlərin olmaması göstərilmişdir və məhkəməyə təqdim olunmuş videogörüntüdə şikayət ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapır. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi Niyazi Abbasov izahatında inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək şikayətçi X7 tərəfindən verilmiş şikayətin əsassız olduğunu qeyd etmiş və təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq qeyd etmişdir ki, həmin lövhəcikdə quraşdırılan nişan 5.8.2 nişanı olmuş və sürücü həmin nişanın tələblərini pozmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru, polis baş serjantı X6 izahat verərək bildirmişdir ki, X7 13 iyun 2022-ci il tarixdə “Mercedes Benz E220” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə S.Vurğun küçəsi ilə Füzuli küçələrinin kəsişməsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyindən barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhər X14 İdarəsinin 14 iyun 2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana göndərilmişdir. Bakı şəhəri Baş X14 İdarəsinin 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat miqdarında olunmuşdur. Məhkəməyə təqdim olunmuş inzibati xətanın törədilməsi zamanı qeydə alınmış videogörüntüdən görünür ki, məlumatverici lövhəciklərin üzərində sola dönmə nişanı quraşdırıldığı halda, yerdə düzünə hərəkət nişanı çəkilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın: 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda törədilmiş yol hərəkəti qayda pozuntusunun foto və video görüntülərinə keçirilən baxış zamanı sürücünün avtomobillə hərəkətdə olarkən “X12” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin tələbinə zidd olaraq 1.1 üfüqi nişanlanma xəttini kəsib keçdiyi göstərilmiş və X5 40 manat məbləğində cərimə tətbiq edilmişdir. “X12” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin İİ-ci hissəsinə əsasən Yol nişanlanmasında hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin Qanunun İİ-İ-ci maddəsinə əsasən eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, videogörüntüdən də açıq aşkar görünür ki, məlumatverici lövhəcikdə quraşdırılmış nişan səlahiyyətli orqanın nümayəndəsinin qeyd etdiyi 5.8.2 nömrəli nişan deyil və ondan fərqəlnir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məlumatverici lövhəcikdə sola dönmə nişanı quraşdırılmış, həmin məlumat lövhəciyinin göstərdiyi hərəkət zolağının üzərində isə düzünə hərəkət nişanı çəkilmişdir. Halbuki, nişanlar arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Bundan başqa qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 2103/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında göstərilən xüsusatlar araşdırılmadan və iş üzrə sübut əhəmiyyətinə malik olan sənədlər təqdim olunmadan, qərar qəbul edilərkən X3 iştirakı təmin edilmədən, onun iştirakı ilə videogörüntü və yolda çəkilmiş xəttin pozulubpozulmaması araşdırılmadan X3 barəsində 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı yeni inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X7 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin X14 İdarəsinin 29 avqust 2022ci il tarixli İQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 128-137-ci maddərini rəhbər tutaraq QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər BPİ-nin X14 İdarəsinin 29 avqust 2022-ci il tarixli İQ seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar