Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3640/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, X3 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 300 manat məbləğində cərimə edilmişdir. Əsas kimi o göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, Kürdəmir rayonu ərazisində postda DYP əməkdaşları tərəfindən saxlanılmış, ödənilməmiş cərimənin olduğuna görə maşının saxlanılması barədə qərar qəbul edildiyini bildirmiş,həmin cərimə barədə məlumatsız olduğunu bildirərək cəriməni dərhal yerindəcə ödəmiş, bundan sonra polis əməkdaşları tərəfindən əlavə heç bir söz deyilmədən nəzakətli şəkildə yola salınmış, lakin bir müddət hərəkət etdikdən sonra , Nəvai rayonu ərazisində yenidən polis əməkdaşları tərəfindən saxlanılmış, bu dəfə isə ödənilməmiş cəriməyə görə sürücülük hüququnun məhdudlaşdırıldığını bildirərək, nəqliyyat vasitəsinin cərimə meydançasına təmin edilməli olduğunu bildirmiş, nəqliyyat vasitəsinin cərimə meydançasına təmin edilməli olduğunu bildirmiş, o, artıq cəriməni Kürdəmir rayonu ərazisində olan zaman ödədiyini, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı ona heç bir məlumat verilmədiyini,sürücülük vəsiqəsinin Kürdəmir rayon ərazisində onu saxlayan polis əməkdaşları tərəfindən təhvil alınmadığını bildirmiş və buna görə də nəqliyyat vasitəsi ilə sərbəst surətdə hərəkətini davam etdirdiyini qeyd etmiş, buna baxmayaraq polis əməkdaşları tələblərində təkidli olmaqla maşını duracağa yerləşdirəcəklərini bildirmiş, o isə maşında onunla birlikdə olan sərnişinin sürücülük hüququnun olduğunu bildirərək, bunun qanunsuz olduğunu, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsinin qanuni əsasının olmadığını bildirmiş polis əməkdaşı isə onlara Xırdalan QAİ-indən Cəmil müəllimin göstərişi olmadan avtomobili verməyəcəklərini bildirmiş və barəsində sürücülük hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə tətbiq etmiş, sonradan ona məlum olmuşdur ki,o polis əməkdaşları tərəfindən qanunsuz olaraq “ümumi katyolun” pulunu vermək üçün Xırdalana göndərilmiş, belə olan halda polis əməkdaşlarına qanunun tələblərini izah edə bilmədiyinə və mübahisə yaranacağı halda barəsində əlavə polisin qanuni tələblərinə əməl etməyən şəxs kimi protokol tərtib ediləcəyindən ehtiyat edərək məcbur sərnişinlərlə birlikdə yola taksi ilə davam etmək məcburiyyətində qalmış, Bakı şəhərinə gəldikdən sonra isə nəqliyyat vasitəsinin buraxılması ilə bağlı Cəmil müəllimin qəbulunda olan zaman , o, ondan rüşvət qismində 300 manat verməyini bunun müqabilində ona maşının durcaqdan buraxılması üçün müvafiq icazə talonun veriləcəyini bildirmiş, o isə maddi vəziyyətinin o pulu verməyə imkan vermədiyini, olacağı halda belə ölkə rəhbərliyinin korrupsiya ilə bağlı apardığı mübarizəyə vətəndaş dəstəyi olaraq onun rüşvət vermək kimi bir niyyətinin olmadığını bildirmiş,onun sözlərindən hiddətlənən əməkdaş qanunsuz tələb etdiyi 300 manatı ala bilməməsinin heyfini ,” sənə tələb etdiyin qanunun tələblərinə uyğun bir neçə cərimə yazaram o da olar sənə qanun” ifadəsini bildirərək qarşısında olan komputerdə bir müddət axtarş etdikdən sonra bir neçə şəkil çıxararaq qarşısına ərizə qoymuş imzalamağını tələb etmişdir. Ərizənin məzmunu ilə tanış olmadan yersiz mübahisədən yayınmaq üçün eləcə də ədalətli məhkəmə araşdırmasına inandığı üçün tələblərinə əməl edərək ərizə yazıb otaqdan çıxmış , yazdığı ərizənin nəticəsi olaraq məhkəmənin barəsində sürücülük hüququnun məhdudlaşdırıldığı tarixdən sonrakı dövrlərə aid maşını idarə etdiyimüxtəlif tarixlərə uyğun xx.xx.2024-cü il 4 fərqli qərar qəbul edərək hər biri üzrə 300 manat olmaqla 1200 manat məbləğində cərimə edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü il tarixində 16:24 radələrində X4 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında “Toyoto Prius” minik markalı, **- XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 342.6-cı və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir. 342.6-cı maddəsinə əsasən Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3640/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3640/2024
09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver