Məhkəmə qərarları › İş №3(011)-3688/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3688/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3688/2025 19.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Ağdaş şəhəri, X4 küçəsi 1/8 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən daxil olmuş 19 may 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xətai rayonu, Lütfizadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərmədiyini və barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2 30 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin DYPŞ-nin YPX inspektorları Lütfizadə küçəsində xidmət apardıqları zaman “Vaz 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə qərəzli qayda pozuntusuna yol verdiyi üçün saxla əmri vermişlər, lakin sürücü onların tələblərinə tabe olmayaraq əks istiqamətli zolağa çıxmaqla nəqliyyat vasitəsini idarə etmiş və digər sürücülərə təhlükə yaratmışdır. Həmçinin o, mobil telefonu çıxardaraq avtomobilin arxa qapılarını açmaqla çəkiliş aparmış və polis əməkdaşlarının şərəf və ləyaqətini alçaldaraq onları məsxərəyə qoymuşdur. Dəfələrlə saxla komandası verilməsinə baxmayaraq qaçmağa cəhd göstərmişdir. Bu səbəbdən həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, barəsində inzibati iş üzrə icraat aparılan şəxsə münasibətdə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xətai rayonu, Lütfizadə küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında 19 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:20-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə yanaşı iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxs təqsirini etiraf etməməsi və polisin qanuni əmrinə tabe olmaması barədə verdiyi izahatına tənqidi yanaşır və belə qənaətə gəlir ki, Şəxs izahatı inzibati məsuliyyətdən yayınmaq üçün verilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu 19 may 2025-ci il tarixdən, saat 02:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 may 2025-ci il tarixdən, saat 02:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar