Məhkəmə qərarları › İş №3(011)-3690/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3690/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3690/2025 29.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 06 may 2025-ci il tarixli, EQ 27775011 saylı protokol əsasında tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin 06 may 2025-ci il tarixli, EQ 27775011 saylı protokol əsasında tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, 06 may 2025-ci il tarixdə saat 16:00 radələrində “Subaru Legacy" markalı, **-LK-*** d.q.n. avtomobilini Xətai rayonu, Sarayevo 4A ünvanında yolun sağ kənarında dayanma- durmanı qadağan edən hər hansı nişan olmayan yerdə park etmişdir. Bir müddətdən sonra avtomobilə yaxınlaşdıqda DYP inspektorunun avtomobilin şəklini çəkdiyini görüb bunun nə ilə əlaqədar olmasını öyrənərkən, ona avtomobilini taksi üçün ayrılmış hissədə saxladığı üçün İXM-nin 346.6-cı maddəsi ilə cərimə ediləcəyini söyləmişlər. O, avtomobili taksi dayanacağını bildirən nişandan 40 metr irəlidə saxladığından nişan qüvvəsi dayandığı yerdən xeyli əvvəl bitir. Eyni zamanda "taksi" dayanacağı nişanın qüvvədə olan hissəsini bildirilməsi üçün həmin yerdə asfalt üzərində hər hansı cizgi- xətlənmə çəkilməmişdir. Bundan sonra taksi dayanacağı nişanı olan şəhərin digər yerlərinə baxdıqda məlum oldu ki, Qanunun tələbinə görə həmin nişanın qüvvədə olan hissəsini bildirmək üçün yerdə sarı rəngdə xətlənmə edilməlidir. Həmin sarı xətlənmə olmadığı halda taksi nişanın qüvvədə olan hissəsini (məsafəsini) müəyyən etmək mümkün deyil. Ona görə də, barəsində İXM-nin 346.6-cı maddəsi ilə BDYPİ tərəfindən 06 may 2025- ci il tarixli, EQ 27775011 saylı protokol əsasında çıxarılmış eyni tarixli inzibati tənbeh vermə haqqında elektron qərar hər hansı sübuta istinad edilmədən qəbul edilmişdir. Ümumiyyətlə sistemə əlavə edilmiş fotoşəkillərlə avtomobilinin məhz taksi dayanacağı nişanı olan hissədə dayanması sübut edilmir. Ona görə də, çıxarılmış elektron qərarın düzgünlüyü ilə bağlı kifayət qədər şübhələr olduğundan həmin elektron qərar ləğv edilməli, cərimə balı və cərimə məbləği sistemdən silinməklə inzibati işin icraatına xitam verilməlidir. Odur ki, Baş Dövlət Yol Polis İdarəsinin barəsində İXM-nin 346.6-cı maddəsi ilə 06 may 2025- ci il tarixli, EQ 27775011 saylı protokol əsasında çıxardığı eyni tarixli elektron qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 06 may 2025-ci il tarixli, EQ 27775011 saylı protokol əsasında tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 16:03-də Bakı, Sarayevo 4a ünvanının qarşısında “SUBARU LRGACY” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsinə əsasən, Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə–qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 124.5-ci maddəsinə əsasən, isə Məcəllənin 346.1, 346.2 və ya 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2018-ci il tarixli, 181 nömrəli fərmanından görünür ki, Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması, yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi və müasir informasiya texnologiyalarından istifadə edilməklə həyata keçirilməsi məqsədilə Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron qərarların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını təmin etməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 06 may 2025-ci il tarixli, EQ 27775011 saylı protokol əsasında tərtib olunmuş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 06 may 2025-ci il tarixli, EQ 27775011 saylı protokol əsasında verilmiş İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar