Məhkəmə qərarları › İş №3(011)-3691/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3691/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3691/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi – “Zəfər” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 28 aprel 2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 74480.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 74480.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, "xxxx" şirkəti ilə Şəxs MMC arasında, Hindistanda fəaliyyət göstərən vasitəçi şirkət “Golden Roots LLP”-nin iştirakı ilə qarşılıqlı razılaşmaya əsasən ikitərəfli proforma hesab-faktura və üçtərəfli mal alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" Satıcı, Şəxs MMC isə Alıcı kimi qeyd olunmuş və sənədlər qarşılıqlı imzalanmış və möhürlənmişdir. Müqaviləyə uyğun olaraq, 133 ton yerfındığı məhsulunun 1 tonunun qiyməti 1,400 ABŞ dolları olaraq razılaşdırılmış və daşınmanın CFR Bandar Abbas xətti ilə həyata keçirilməsi planlaşdırılmışdır. Müqavilədə göstərilmiş ödəniş şərtlərinə uyğun olaraq, Alıcı 13 mart 2023-cü il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə Satıcının hesabına 74,480 ABŞ dolları (ümumi məbləğin 40%-i) köçürmüşdür. Köçürmədən üç gün sonra, 16 mart 2023-cü il tarixində Satıcı, vasitəçi şirkət “Golden Roots LLP” vasitəsilə vəsaitin qəbul edildiyini Alıcıya bildirmişdir. Müqavilədən kənar telefon danışığı zamanı, Alıcıya sifariş olunan məhsulun İranın Buşəhr limanında olduğu və maksimum 3 həftə ərzində həmin limandan digər İran limanı olan Bəndər-Abbas limanına çatdırılacağı bildirilmişdir. Lakin qeyd olunan müddət keçdikdən sonra, Satıcı yükləməni gecikdirməyə başlamış və bəhanələr irəli sürmüşdür. Əvvəlcə iddia etmişlər ki, İrandakı ilkin alıcı yükü götürmək üçün etibarnamə verməmişdir, lakin uzun müddət ərzində bu səbəbi bəhanə gətirərək məhsulun yüklənməsini həyata keçirməmişlər. Lakin məhsul sifariş edilərkən Alıcıya bu məsələ barədə heç bir məlumat verilməmişdir. Daha sonra Satıcı məlumat vermişdir ki, 13 aprel 2023-cü il tarixində Buşəhr limanında bütün gömrük prosedurları tamamlanmışdır və konteynerlər 20 aprel 2023-cü il tarixində Buşəhr limanından BƏƏ-nin Jebel Ali limanına yola düşəcək və 23 aprel 2023-cü il tarixində çatacaqdır. Sonradan yükləmə ilə bağlı məlumat istədikdə, “Golden Roots LLP” əməkdaşları bildirmişlər ki, şirkətin rəhbərləri bir həftəlik toy mərasimində iştirak edirlər. Daha sonra, dəfələrlə yükləmə barədə məlumat istəsələr də, Buşəhr limanında heç bir problemin olmadığını və tezliklə yükləmənin həyata keçiriləcəyini bildirmişlər. 25 aprel 2023-cü il tarixində isə yenidən ilkin alıcının etibarnamə təqdim etmədiyini və bu məsələ ilə bağlı hüquqi tədbirlər görəcəklərini, dəqiq cavabı verəcəklərini bildirmişlər. Daha sonra dəfələrlə pulun geri qaytarılması tələb edilmişdir. Telefon danışığı zamanı Paresh Javia qeyd etmişdir ki, məhsulun Buşəhr limanındakı ilkin alıcısı ilə problemlər tam həll olunmadan Satıcı geri ödənişi etməyəcəkdir. "xxxx" şirkətinin fəaliyyəti ilə Şəxs MMC-yə ciddi maliyyə zərəri vurulmuşdur. Onlar müvafiq qurumlara çoxsaylı məktublar ünvanlasalar da ödənilmiş pulun geri qaytarılması onlardan asılı olmayan səbəblərdən geri qaytarılmamışdır. Odur ki o, göstərilənlərə əsasən inzibati xəta hadisəsinin onların təqsiri ucbatından baş vermədiyini bildirərək barələrində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 mart 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 74480.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 14 mart 2023-cü il tarixində "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 19 mart 2025-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmişdir; Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X4 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 28 aprel 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 74480.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 74480.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; Şəxs MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hüquqi şəxs 7 ədəd 20 futluq “Yer fıstığı Bold 40/50” konteynerlərini təxirəsalınmaz göndərişi üçün əvvəlcədən ödəniş edilmişdir. Lakin artıq 2 ay keçməsinə baxmayaraq onlara göndərişlə bağlı heç bir məlumat almamışlar. Müqavilə üzrə ödənilmiş 74480.00 ABŞ dolları məbləğində avansın geri qaytarılmasını və sifarişin ləğvini xahiş edirlər; Şəxs MMC-nin direktoru Cəfər Cəfərov tərəfindən Hindistan Respublikasının Azərbaycandakı Səfirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba cavab məktubunda qeyd edilmişdir ki, biznes fəaliyyətləri çərçivəsində “Broker” olaraq tanınan M/s Golden Roots LLP onlardan “PEANUT BOLD” məhsulunun alıcısı olan M/s X9 Mal, NO 115, DRİED FRUİT TRADE MƏRKƏZİ 1, Təbriz, İran üçün göndərilməsini xahiş etmişdir. 05% avans ödənişi etdikdən sonra Broker və Pardis Tek qalan 95% ticarət dəyərini göndəriş həyata keçirildikdən sonra ödəməyi öhdələrinə götürüblər. Bu vədə əsaslanaraq, onlar “PEANUT BOLD” məhsulunu xx.xx.2023-cü il tarixli DSLİNMUN2301037 nömrəli yükləmə sənədi ilə Hindistanın Mundra limanından İranın Bəndər-Buşehr limanına 7x20 konteynerlərlə (nömrələri: CCLU3470150, CRXU1150533, HJCU8367058, JHSU2593675, DSLU222427, CRXU107694 və İNDU3017940) göndərmişlər. Göndəriş xx.xx.2023-cü il tarixində təyinat limanına çatmışdır. Bununla belə, Broker, eləcə də yük alan 95% yük dəyəri ilə bağlı vədlərinə əməl edə bilməmişlər və malların olduğu konteynerlər İrana gələndən limanda saxlanılmışdır. Onlar həmin 5%-lik avansın geri qaytarılacağı təqdirdə yükü Broker və Pardis Tek-in nəzarətindən çıxarmağa hazır olduqlarını bildirmişlər. Lakin nə Broker, nə də Pardis Tek buna əməl etməmiş və Broker davamlı olaraq problemi tezliklə həll edəcəyinə dair vədlər vermişdir. Yükün ilkin alıcının nəzarətindən azad edilməsi və ya ödənişin həyata keçirilməsində uzunmüddətli gecikmə baş verdiyi bir vaxtda, Broker onlara M/s Agro Alliance MMC-ni (bundan sonra Şəxs adlandırılacaq) yükün yeni alıcısı kimi təqdim etmişdir. Daha sonra, Brokerin təlimatına əsasən, xx.xx.2023-cü il tarixində onlar Şəxs ilə üçtərəfli razılaşma imzalamışlar. Həmin vaxt Broker tərəfindən verilən vədə əsasən, Şəxs razılaşdırılmış məbləğin 30%-ni ödəməli, qalan məbləğ isə Broker tərəfindən yükün İrandakı ilkin alıcının nəzarətindən çıxarılmasından sonra ödənilməli idi. Yükün Şəxs-ə çatdırılması ilə bağlı vəd birbaşa Broker tərəfindən verilmiş və bu onun təqdim etdiyi ilkin alıcıdan yükü geri almaq şərtilə həyata keçirilməli idi. Lakin Broker öz vədini yerinə yetirə bilməmiş və bu günə qədər yükləri ilkin alıcı olan Pardis Tek-in nəzarətindən azad edə bilməmişdir. Bu gecikmə və yüklərin dəyərinin azalması nəticəsində onlar 7x20 tam konteyner yüklərinin (ödənilmiş avans istisna olmaqla) ümumi dəyərini itirmək təhlükəsi ilə üz-üzədirlər və əlavə olaraq böyük miqdarda əlavə xərclərlə qarşılaşmışlar. Brokerin məsləhəti ilə onlar daima həm ilkin alıcı, həm də daşımada iştirak edən şirkətlə əlaqə saxlayaraq yüklərin azad olunması üçün səylər göstərmişlər, lakin nəticəsiz qalmışlar. Bu çıxılmaz vəziyyət səbəbindən onlar yükün tam dəyərini təmin edə bilməmiş və nəticə etibarilə yükü Şəxs-ə göndərə bilməmişlər Hələ də yüklərin buraxılmasını sürətləndirmək üçün bütün mümkün addımları atırlar, lakin bu proses tamamilə Brokerin nəzarətindədir. Hindistanda oturaraq onlar özlərini tamamilə aciz hiss edirlər, iranda mövcud vəziyyətə görə hüquqi vasitələrdən istifadə cəhdləri də müvafiq nəticə verməmişdir. Yüklə bağlı bütün hərəkətləri yalnız Broker tərəfindən dövri şəkildə verilən təlimatlara əsasən həyata keçirilmişdir. Broker onlara açıq şəkildə bildirmişdir ki, Şəxs tərəfindən ödənilmiş avans məbləği yükün kommersiya dəyərinə təminat və ya hissəvi ödəniş kimi qəbul ediləcək və yük Şəxs-ə uğurla təhvil verildikdən sonra qalan məbləğ ödəniləcəkdir. Beləliklə, Broker yükün Şəxs-ə çatdırılmasına tam məsuliyyət götürmüş və Şəxs tərəfindən edilmiş hissəyi ödənişlə bağlı bütün məsələləri və öhdəlikləri öz üzərinə götürmüşdür. Onlar bu əməliyyat boyunca yalnız Brokerin verdiyi məlumatlara və təminatlara əsaslanaraq yaxşı niyyətlə hərəkət etmişlər. Məqsədləri bütün tərəflər üçün ədalətli və problemsiz bir əməliyyat təmin etmək olub. Nəticə etibarilə, onlar Pardis Tek-in ödənişi yerinə yetirməməsi və Brokerin vədlərinə əməl etməməsi səbəbilə həm maliyyə itkisi, həm də ciddi psixoloji təzyiqlə üzləşmişlər. Onlar üçün yeganə çıxış yolu Bushehr limanındakı vəziyyətə real nəzarət edən Brokerin dediklərinə qulaq asmaqdır. Yuxarıda qeyd olunan faktlar, əsasında, onlar Şəxs tərəfindən irəli sürülmüş “bizim yükü yeni alıcıya satmağımız” iddiasını əsassız və yalan kimi qəti şəkildə rədd edirlər. Onlar bir daha vurğulamaq istərdilər ki, Şəxs-in razılığı olduğu təqdirdə, yüklər Broker tərəfindən limandan azad edildikdən sonra, onlar yükü M/s Agro Alliance şirkətinə təhvil verməyə hazırdılar. Bu məsələdə üzərlərinə heç bir məsuliyyət götürmürlər, çünki baş verən hadisələrin və nəticələrin məsuliyyəti birbaşa Brokerin üzərindədir. Yuxarıda göstərilən vəziyyəti nəzərə alaraq, onlar bu məsələnin aidiyyəti olan bütün tərəflərin maraqları baxımından ədalətli şəkildə həll olunması üçün ofisin müdaxiləsini istəməkdən çəkinmirlər; Şəxs MMC tərəfindən Xarici Ticarət üzrə Baş Direktorluğa ünvanlanmış məktubda qeyd edilmişdir ki, 13 mart 2023-cü il tarixində Hindistanın “Golden Roots LLP” (Broker) şirkətinin direktoru Paresh Javia ilə aparılan müzakirəyə əsasən, əməkdaşları Hindistandakı "xxxx" (Satıcı, Hindistan) şirkətinə məxsus 7 konteyner (20 ft) yerfındığı məhsulunun İranın Buşəhr limanında olduğunu və ilkin alıcı tərəfindən qəbul edilmədiyini, məhsulun yenidən satışa hazır olduğunu bildirmişlər. Bu əsasda Hindistan, Ahmadabad 380009 Qucarat, Ashram yolunda yerləşən 306 X6 ünvanında hüquqi qeydiyyatdan keçmiş və Hindistan dövləti qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən "xxxx" şirkəti ilə Azərbaycan Respublikasında, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 69/109 ünvanında hüquqi qeydiyyatdan keçmiş Şəxs MMC arasında, Hindistanda fəaliyyət göstərən vasitəçi şirkət “Golden Roots LLP”-nin iştirakı ilə qarşılıqlı razılaşmaya əsasən ikitərəfli proforma hesab-faktura № KR/xx-xx/1938 və üçtərəfli mal alqı-satqı müqaviləsi № GRAL-110-A/2022/23 bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" Satıcı, Şəxs MMC isə Alıcı kimi qeyd olunmuş və sənədlər qarşılıqlı imzalanmış və möhürlənmişdir. Müqaviləyə uyğun olaraq, 133 ton yerfındığı məhsulunun 1 tonunun qiyməti 1,400 ABŞ dolları olaraq razılaşdırılmış və daşınmanın CFR Bandar Abbas xətti ilə həyata keçirilməsi planlaşdırılmışdır. Müqavilədə göstərilmiş ödəniş şərtlərinə uyğun olaraq, Alıcı 13 mart 2023-cü il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə Satıcının hesabına 74,480 ABŞ dolları (ümumi məbləğin 40%-i) köçürmüşdür. Köçürmədən üç gün sonra, 16 mart 2023cü il tarixində Satıcı, vasitəçi şirkət “Golden Roots LLP” vasitəsilə vəsaitin qəbul edildiyini Alıcıya bildirmişdir. Müqavilədən kənar telefon danışığı zamanı, Alıcıya sifariş olunan məhsulun İranın Buşəhr limanında olduğu və maksimum 3 həftə ərzində həmin limandan digər İran limanı olan Bəndər-Abbas limanına çatdırılacağı bildirilmişdir. Lakin qeyd olunan müddət keçdikdən sonra, Satıcı yükləməni gecikdirməyə başlamış və bəhanələr irəli sürmüşdür. Əvvəlcə iddia etmişlər ki, İrandakı ilkin alıcı yükü götürmək üçün etibarnamə verməmişdir, lakin uzun müddət ərzində bu səbəbi bəhanə gətirərək məhsulun yüklənməsini həyata keçirməmişlər. Lakin məhsul sifariş edilərkən Alıcıya bu məsələ barədə heç bir məlumat verilməmişdir. Daha sonra Satıcı məlumat vermişdir ki, 13 aprel 2023-cü il tarixində Buşəhr limanında bütün gömrük prosedurları tamamlanmışdır və konteynerlər 20 aprel 2023-cü il tarixində Buşəhr limanından BƏƏ-nin Jebel Ali limanına yola düşəcək və 23 aprel 2023-cü il tarixində çatacaqdır. Sonradan yükləmə ilə bağlı məlumat istədikdə, “Golden Roots LLP” əməkdaşları bildirmişlər ki, şirkətin rəhbərləri bir həftəlik toy mərasimində iştirak edirlər. Daha sonra, dəfələrlə yükləmə barədə məlumat istəsələr də, Buşəhr limanında heç bir problemin olmadığını və tezliklə yükləmənin həyata keçiriləcəyini bildirmişlər. 25 aprel 2023-cü il tarixində isə yenidən ilkin alıcının etibarnamə təqdim etmədiyini və bu məsələ ilə bağlı hüquqi tədbirlər görəcəklərini, dəqiq cavabı verəcəklərini bildirmişlər. Bu tarixdən etibarən iki həftə ərzində Satıcıdan heç bir cavab alınmamış və 8 may tarixində onlara təyyarə bileti alaraq İrana gedəcəklərini və problemi həll edəcəklərini demişlər. Daha sonra Alıcı, müqavilədə göstərilmiş məbləğə uyğun olaraq məhsulun birbaşa Hindistandan təklif olunmasını Satıcıdan xahiş etmiş, lakin Satıcı bu təkliflə razılaşmamışdır. Uzun müddətlik gecikmədən sonra, Alıcı Satıcıdan ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmiş və “Golden Roots LLP” şirkətinin direktoru X7 bildirmişdir ki, məbləğ 2-3 iş günü ərzində hesabına köçürüləcəkdir. Lakin daha sonra Satıcı ilə əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra Satıcı, məbləğin geri qaytarılması üçün Şəxs MMC-dən blank formasında ərizə məktubu tələb etmişdir. Ərizə Alıcı tərəfindən hazırlanaraq eyni gün Satıcıya göndərilmişdir. Satıcı, 5-7 iş günü ərzində geri ödənişin tamamlanacağını Alıcıya bildirmişdir. Sonradan Satıcı ödənişin tamamlandığını və qısa müddətdə ödəniş qəbzini (SWİFT) Alıcıya göndərəcəyini bildirib. Daha sonra “Golden Roots LLP” şirkətinin direktoru Pəreş Cavia bildirir ki, onlar ödənişi Dubayda həyata keçirə bilərlər, lakin bir həftə ərzində bu da baş verməmişdir. Telefon danışığı zamanı Paresh Javia qeyd etmişdir ki, məhsulun Buşəhr limanındakı ilkin alıcısı ilə problemlər tam həll olunmadan Satıcı geri ödənişi etməyəcəkdir. Sonradan Alıcı, ödənilmiş məbləğ müqabilində başqa bir şirkətdən məhsulun alınıb göndərilməsini Paresh Javia-dan xahiş etmişdir. Paresh Javia əvvəlcə bu təklifi təsdiqləsə də, heç bir nəticə əldə olunmamışdır. 1 iyun 2023-cü il tarixində Satıcı şirkətin direktoru cənab Vinay ilə keçirilmiş söhbət zamanı o, yaranmış problemlərin səbəbkarı kimi Pəreş Cavianı göstərmiş və Buşəhr limanında yaranmış problemlərə görə böyük cərimələrin tətbiq edildiyini, bu zərərlər Pəreş Cavia tərəfindən qarşılanmadığı halda ödənişi geri qaytarmayacağını Alıcıya bildirmişdir. Bundan sonra Paresh Javia, Satıcının məhsulu Buşəhr limanında başqa bir şirkətə satdığını Alıcıya bildirmiş və Alıcı tərəfindən ödənilmiş məbləğin "xxxx" şirkəti tərəfindən mənimsəndiyini, bu vəziyyətdən çox narahat olduğunu qeyd etmişdir. Aparılmış uzunmüddətli danışıqlara baxmayaraq, Satıcı şirkət hələ də ödənişi geri qaytarmaqdan imtina edir. Hazırda bu məktubla bildirmək istəyirlər ki, "xxxx" şirkətinin fəaliyyəti Şəxs MMC-yə ciddi maliyyə zərəri vurmuşdur. Onların müraciəti odur ki, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mövcud olan iqtisadi və ticarət əlaqələrini nəzərə alaraq, bu münasibətlərə zərər gəlməməsi üçün Şəxs MMC-nin hüquqlarının qorunmasında və ödənilmiş məbləğin geri qaytarılmasında onlara yardımçı olsunlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokolda hüquqi şəxs Şəxs 74480.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 74480.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitin xaricdən geri qaytarılmaması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli köçürmə ərizəsində hüquqi şəxs Şəxs 74480.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi qeyd edilmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" şirkəti ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 69/109 ünvanında fəaliyyət göstərən Şəxs MMC arasında, Hindistanda fəaliyyət göstərən vasitəçi şirkət “Golden Roots LLP”-nin iştirakı ilə qarşılıqlı razılaşmaya əsasən ikitərəfli KR/xx-xx/1938 nömrəli proforma hesab-faktura və GRAL-110-A/2022/23 nömrəli üçtərəfli mal alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hüquqi şəxs Şəxs MMC tərəfindən 7 ədəd 20 futluq “Yer fıstığı” məhsulu üçün 74480.00 ABŞ dolları məbləğində pul vəsaiti satıcının hesabına köçürülmüş, buna baxmayaraq "xxxx" şirkəti tərəfindən həmin məhsulun göndərilməsi gecikdirildiyindən, müqavilə üzrə ödənilmiş 74480.00 ABŞ dolları məbləğində avansın geri qaytarılması və sifarişin ləğvi xahiş edilmişdir. Bundan əlavə, hüquqi şəxs Şəxs MMC tərəfindən Hindistan Respublikasının Azərbaycan Respublikasında yerləşən Səfirliyinə və Xarici Ticarət üzrə Baş Direktorluğa müvafiq məktublar ünvanlanaraq aparılmış uzunmüddətli danışıqlara baxmayaraq, satıcı şirkətin hələ də ödənişi geri qaytarmaqdan imtina etməsi, "xxxx" şirkətinin fəaliyyəti nəticəsi Şəxs MMC-yə ciddi maliyyə zərərinin dəyməsi barədə məlumat verilmişdir. Bununla da, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məktubların məzmunundan aydın olduğu kimi malın idxal edilməməsi və ölkə xaricinə göndərilən pulun geri qaytarılmaması hüquqi şəxsdən asılı olmayan səbəblərdən, yəni onun təqsiri olmadan baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 74480.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 mart 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin təqsiri ucbatından 74480.00 ABŞ dolları dəyərindəki malların ölkəyə idxal edilmədiyini, bu halın iş materiallarında olan məktublarla da öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar