Məhkəmə qərarları › İş №3(011)-3708/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3708/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3708/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X1, şikayətçi X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 09 iyul 2021 -ci il tarixində barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında BNA ******* saylı qərar tərtib olunmuş, 20 (iyirmi) manat məbləğində cərimə tətbiq olunmuşdur. Buna səbəb kimi isə guya onun istifadəsində olan “Hyundai İX-35” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Qara Qarayev prospekti, Neftçilər metro stansiyası yaxınlığında dayanma və durma qaydalarının pozulması qeyd olunmuşdur. 09.07.2021-ci il tarixində Bakı şəhəri, Qara Qarayev prospekti, Neftçilər metrosunun yaxınlığında yerləşən ərazidə o, etibarnamə əsasında istifadə etdiyi maşını saxlamışdır. Belə ki, həmin zaman səhhətində baş verən narahatlıq onun maşını idarə etməyinə maneə olurdu. Səhhətinin pisləşdiyini hiss etdikdə, idarəetməni itirə biləcəyi ehtimalını düşündüyündən istifadə etdiyi yolda bütün yol işarələrinə diqqətlə baxaraq saxlama üçün icazə verilən, saxlanma qadağası olmayan ərazini seçmiş və həmin ərazidə maşınını saxlamışdır. Lakin, ona sonradan məlum olmuşdur ki, guya həmin ərazi avtobuslar üçün nəzərdə tutulmuşdur və buna dair yol işarələri də qoyulmuşdur. Halbuki, “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə görə 5.1 və 5.2-ci maddədə göstərilmiş nişanlardan 15 metr öncə və sonra nəqliyyat vasitəsinin saxlanılması qadağandır. Həmçinin həmin Qanunun müvafiq maddəsində də avtobusların hərəkəti üçün nəzərdə tutulmuş yolun işarələnməsi, həmin zolağın digər yollardan ayrılması qaydası da öz əksini tapmışdır. Qeyd etmək istəyir ki, ərizəyə əlavə edilmiş şəkildən də aydın olduğu kimi onun etibarnamə əsasında istifadə etdiyi avtomobilin dayandığı sahədə düz xətt çəkilməmiş, avtobus zolağının olmasını əks etdirən hər hansı bir işarə də qoyulmamışdır. 15 metr öncə “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikasının 5.1 və 5.2-ci maddəsində qeyd olunan işarədə olmadığı üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 09.07.2021-ci il tarixli, inzibati tənbeh vermə haqqında BNA ******* saylı qərar qanunsuzdur və ləğv edilməlidir. Bundan başqa, 09.07.2021 -ci il tarixli, İnzibati tənbeh vermə haqqında BNA ******* saylı Qərar qanunun tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1. 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətam törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində-quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Barəsində qəbul edilmiş Qərarın surətində isə “Hikvision” markalı, DS- DF8236İX-AELW (BNA) model cihazın köməyi ilə çəkilmiş foto-Şəkil əsasında qəbul edildiyinə dair qeyd öz əksini tapmışdır. Halbuki, sözü gedən qərarda göstərildiyi kimi DS- DF8236İX-AELW (BNA) model cihaz nə bort-kompyuter, nə də ki planşetdir. Modeli araşdıran zaman həmin cihazın kamear olduğu ona məlum olmuşdur. Ümumiyyətlə sözü gedən Qərarın qəbul edilməsi üçün kamera vasitəsilə deyil, konkret qanunla müəyyən edilmiş texniki qurğuların (bort-komputer və planşet) köməyi ilə qeydə alınmış foto-şəkillər olmalıdır. Odur ki, qanunun tələblərinə uyğun olmadan və heç bir əsas olmadan barəsində tərtib olunmuş 09.07.2021-ci il tarixli, İnzibati tənbeh vermə haqqında BNA ******* saylı Qərar tamamilə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 göstərmişdir ki, X4 idarə etdiyi “Hyundai İX-35” markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobilin 09 iyul 2021-ci il tarixdə saat 13:25:39-dan 13:29:05-ə qədər Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti Neftçilər m.st ünvanında 5.9 nişanının təsir dairəsində saxlamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən, 5.9 nişanı ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərar və şikayətə əlavə edilmiş fotoşəkil ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Bakı Nəqliyyat Agentliyinin 09 iyul 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayətləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 122.3.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokolda bu Məcəllənin 100.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir; 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir; 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 inzibati tənbeh vermə haqqında 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli qərarla İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğdə cərimə edilmişdir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Azərbaycan Respublikasının qoşulduğu və ratifikasiya etdiyi 1968-ci il tarixli «Vyana Konvensiyası»nın ; 6-cı maddəsinin 1-ci hissəsinə əsasən sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən nişanların beynəlxalq səviyyədə asanlıqla başa düşülməsi məqsədilə, bu Konvensiya ilə müəyyən olunmuş yol nişan və siqnalları sistemi hər bir növ nişanlar üçün xarakterik forma və rənglərə, habelə bütün mümkün hallarda yazıların deyil, qrafik işarələrin tətbiqinə əsaslanır. Razılığa gələn tərəflər nəzərdə tutulmuş işarələrə dəyişiklərin edilməsini zəruri hesab etdikdə, bu dəyişikliklər nişanların əsas xarakteristikasını dəyişməməməlidir. 13-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağanedici, məhdudlaşdırıcı və əmredici nişanlar, onların qüvvəyə mindiyi yerin bilavasitə yaxınlığında quraşdırılır və səlahiyyətli orqanın zəruri hesab etdiyi hallarda təkrarlana bilər. Lakin, pis görünüş səbəbindən və ya yol istifadəçilərinin əvvəlcədən xəbərdar edilməsi məqsədilə, səlahiyyətli orqanlar məqsədəmüvafiq saydıqları halda, nişanlar əmr, qadağa və ya məhdudiyyətin qüvvəyə mindiyi yerdən müəyyən məsafə qabaq quraşdırıla bilər. Əmr, qadağa və məhdudiyyətin qüvvəyə mindiyi yerdən qabaq quraşdırılan nişanların altında əlavə 1-in H bölməsinin H,1 əlavə lövhəciyi yerləşdirilir. X4 dayanma və ya durma qaydalarının tələblərini pozulmadığını bildirmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, şikayətçiyə məxsus nəqliyyat vasitəsi yolun sağ tərəfində saxlanılmış, küçə və yolun sahələrinin bilavasitə qabağında dayanmanı və durmanı qadağan edən qadağan nişanları qoyulmamışdır. İnzibati orqan və nümayəndəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 48-ci maddəsinin İV hissəsinə istinad etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Təqdim edilmiş fotoşəkillərdən ehtimal olunan hadisənin baş veridyi tarixdə şikayətçiyə məxsus nəqliyyat vasitəsinin dayandığı yolda zolağın olması müəyyən edilməmişdir. Lakin qanunvericilik, 5.9 nişanı ilə işarə edilmiş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanmasını qadağan etmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Nəqliyyat Agentliyinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 09 iyul 2021-ci il tarixli, BNA ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar