Məhkəmə qərarları › İş №3(011)-3716/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3716/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3716/2021 05.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci il tarixdə Gürcüstan Respublikası, Qardabani rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 25 iyun 2021-ci il tarixdə sahibi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2315-ci keçid, 64P ünvanında yerləşən “Sevən Ürəklər” şadlıq sarayında X1 ilə aralarında toy məclisinin keçirilməsinə dair şifahi razılıq əldə edilmiş, 09 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət edilməsi istiqamətində xidmət aparan zaman “Sevən Ürəklər” şadlıq sarayında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərarla müəyyən edilmiş qaydada icaze.e-gov.az saytında qeydiyyatdan keçmədən, şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalamadan epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaqla toy məclisinin keçirilməsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Sevən Ürəklər” şadlıq sarayının 1994-cü ildən sahibidir və 2016-cı ildən etibarən direktoru vəzifəsində işləyir. Ölkə ərazisində baş vermiş pandemiya ilə əlaqədar olaraq şadlıq sarayının fəaliyyəti dayandırılmışdır. Nazirlər Kabinetinin qərarına əsasən şadlıq saraylarının fəaliyyəti 01 iyul 2021-ci il tarixdən bərpa olunmuş, yeni tələblərə əsasən toy məclisi təşkil edilməzdən 5 gün əvvəl TƏBİB tərəfindən müəyyən edilmiş icazə.e-gov.az saytından qeydiyyatdan keçməli, restoranın zallarının sayları, toy məclisində iştirak edən şəxslərin sayı, toyun başlama vaxtı və sair tələblər qeyd edilməlidir. Restoranda adətən toy məclisləri ilə bağlı məsələləri administrator işləyən Gündüz həll etmişdir. 09 iyul 2021-ci il tarixdə keçiriləcək toy məclisi ilə bağlı icazə.egov.az saytına qeydiyyatdan keçmək üçün müraciət edilsə də razılıq alına bilməmişdir. Toy məclisində polis əməkdaşları şadlıq sarayını portal vasitəsi ilə yoxlayan zaman qeydiyyatdan keçmədiyini müəyyən etmişlər. Lakin onlar dəfələrlə qeydiyyatdan keçmək üçün icazə.e-gov.az saytına müraciət etsələrdə, razılıq almaq mümkün olmamışdır. Beləliklə o, göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Xətai Rayon Prokurorluğuna lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və tərəflərindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Bakı şəhəri Xətai Rayon Prokurorluğunun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: 24 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərarla müəyyən edilmiş qaydada icaze.e-gov.az saytında qeydiyyatdan keçmədən, şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalamadan epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaqla toy məclisinin keçirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmış və qərarın surəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərarla müəyyən edilmiş qaydada icaze.e-gov.az saytında qeydiyyatdan keçmədən, şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalamadan epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaqla toy məclisi təşkil etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır, lakin inzibati məsuliyyətə cəlb etmək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda Şəxs təqsirli bilindiyi əməlin törədilmə müddəti 09 iyul 2021-ci il kimi göstərilmişdir. Yəni Şəxs 09 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 22 iyun 2021-ci il tarixdə qəbul edilmiş 177 saylı qərarla müəyyən edilmiş qaydada icaze.e-gov.az saytında qeydiyyatdan keçmədən, şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə imzalamadan epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus pandemiyasının yayılması üçün real təhlükə yaratmaqla toy məclisinin keçirilməsində təqsirləndirilir. Belə olduğu təqdirdə əməl 09 iyul 2021-ci il tarixdə törədilmiş hesab edilir və həmin tarixdən 3 aydan çox müddət keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar