Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3718/2021 15.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında 24 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, 09 iyul 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları inzibati ərazidə xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət edilməsi istiqamətində xidmət aparan zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən “Kleopatra” şadlıq sarayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ilin 22 iyun tarixli, 177 nömrəli qərarında nəzərdə tutulmuş xüsusi karantin rejimi qaydalarının pozularaq icaze.e-gov.az saytından qeydiyyatdan keçilmədən, şənlik və məkan sahibi arasında müştərək məsuliyyət barədə iltizamnamə tərtib edilmədən toy məclisinin təşkil olunması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında Şəxs 03 iyul 2021-ci il tarixdə qardaşı Zaur Seyidovun toy məclisinin keçirilməsindən ötrü, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15 ünvanında yerləşən “Kleopatra” şadlıq sarayına getmişdir. Orada özünü şadlıq sarayının müdiri kimi təqdim etmiş Zülfüqar Nəbiyevlə danışmışdır. Sonuncu ilə aralarında olan şifahi razılaşmaya əsasən qardaşının toy məclisi 09 iyul 2021-ci il tarixdə saat 18:00-da olması, qonaqların sayının təxminən 120 nəfərə qədər olacağı barədə razılaşmışlar. O və qohumları tərəfindən toy məclisinin təşkil edilməsi ilə bağlı heç bir elektron qaydada icazə alınmamışdır. Beləliklə 09 iyul 2021-ci il tarixdə saat 18:00-da şadlıq sarayına təxminən 60-70 nəfərə yaxın adam gəlmişdir. Gəlmiş qonaqlar şadlıq sarayının böyük ölçülü zalına daxil olmuşlar. Bir neçə dəqiqə sonra polis əməkdaşı şadlıq sarayına gələrək toy məclisinin icazəli olub-olmamasını xidməti portal sistemi vasitəsi ilə yoxlandıqda məclisin icazəsiz təşkil edildiyi müəyyən edilmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş materiallarında olan müstəntiq Samir İsmayılovun 05 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarına əsasən şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq Şəxs barəsində, qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3718/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3718/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver