Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-373/2022 28.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, şikayətçi X3, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, fiziki şəxs qismində sahibkarlıqla məşğul olduğu Beerlin Pub restoranı (Bakı şəhəri, Xocalı prospekti 14) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dəfələrlə yoxlanılmışdır. Eyni ünvanda yerləşən yaşayış binasının sakinləri tərəfindən edilən səs-küyün olması barədə şikayətlərin araşdırılması üçün yoxlamalar aparılmışdır. Yaşayış binasının sakinləri restoranda olan səsgücləndiricilərin, musiqinin səsinin onları narahat etdiyini bildirmişdir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları restorana baxış keçirmiş, səsgücləndiricilərin desibeli yoxlanılmışdır. ETSN-nin əməkdaşlarının göstərişi əsasında restoranda səsgücləndiricilər dəyişdirilmiş, daha az desibelli səsgücləndiricilərdən istifadə olunmuşdur. Qeyd edilməlidir ki, restoran rəhbərliyi olaraq hər zaman bina sakinlərinin narahat edilməməsi üçün tərəflərindən bütün tədbirlər görülmüşdür. Restoranda musiqi daha aşağı səviyyədə səsləndirilmişdir. Tərəflərindən görülən bütün tədbirlərə baxmayaraq qərəzli şəkildə sakinlər yenidən şikayətlər etmişdirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı restoranda bütün qaydalara əməl olunduğu, səsgücləndiricilərin səs desibelinin normada olduğu müəyyən edilmişdir. Bununla bağlı ETSN-nin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Lakin bütün bunlara baxmayaraq, 2021-ci ilin aprel ayında ETSN-nin əməkdaşları onların bütün qaydalara əməl etdiyi və musiqi səsinin normada olması barədə akt tərtib etmişdir. Daha sonra 2021-ci ilin may ayında bina sakinləri tərəfindən edilən növbəti şikayəti araşdırmaq üçün gələn ETSN-nin əməkdaşları onlara heç bir irad tutmadan və ya sənəd tərtib etmədən obyekti tərk etmişlər və bununla bağlı ona heç bir aidiyyatı qurumdan məktub, telefon zəngi olunmamış və ya digər formada əlaqə yaradılmamışdır. Lakin sonradan 2021-ci ilin dekabr ayında Ədliyyə Nazirliyinin İcra və Probasiya Xidmətinin Nizami rayon şöbəsinin əməkdaşı onunla əlaqə saxlayaraq 2500 (iki min beş yüz) manat cərimə edildiyini və əlavə olaraq 1500 (bir min beş yüz) manat isə dəbbə pulu hesablandığını bildirmişdir. O, ona cavabında onunla heç bir aidiyyatı qurum tərəfindən əlaqə saxlanılmadığını, akt və ya protokol tərtib edilmədiyini bildirmişdir. Belə ki, ETSN-nin əməkdaşları ona heç bir yazılı bildiriş, məktub təqdim etmədən və ya şifahi xəbərdarlıq olunmadan barəsində ETSN 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən 20.05.2021-ci il tarixli ******* saylı protokol qəbul edilmiş, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məlumat verildiyi kimi ETSN 11 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İXM-in yuxarıda qeyd edilən müddəalara əməl edilmədən və onun hüquqlarını pozmaqla, haqqınıda inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar çıxarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, barələrində tərtib edilmiş 09 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirdi ki, məhkəmə iclasında tanış olduğu monitorinq aktında qeyd edilmişdir ki, Səmədov İlqar adında şəxs yoxlanışda iştirak etmiş və aktı imzalamaqdan imtina etmişdir, lakin o yenə də qeyd edir ki nə yoxlama zamanı, nə protokol və qərar qəbul edilən vaxt onlara bu barədə məlumat verilməmişdir, ümumiyyətlə aktda qeyd edildiyi tarixdə “Beerlin Pub” restoranında heç bir yoxlama aparılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X12 şikayətin əsassız olduğunu bildirərək göstərmişdir ki, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan Abdullayev Ceyhun və digərləri “Beerlin Pub” restoranından ətrafa yayılan səs-küyün narahatlıq yaratmasına dair şikayət ərizəsi ilə müraciət etmişlər. Milli Hidrometrologiya Xidmətinin əməkdaşları sözügedən obyektin nümayəndəsi Səməd Abdullayevin iştirakı ilə araşdırma aparmışlar. MHX-nin əməkdaşları tərəfindən keçirilmiş ölçmə-analiz nəticələrinə əsasən ətrafa yayılan səs-küy səviyyəsinin 68.0 DBA olması müəyyən edilmişdir, norma 60.0 DBA təşkil edir. Sözügedən obyektin nümayəndələri dəfələrlə araşdırma müddətində dəvət olunsalarda, izahat verməkdən və inzibati icraatın aparılmasında iştirak etməkdən imtina etmişlər. Həmçinin o, qeyd etmişdir ki, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 saylı fərmanına əsasən 16cı bənd nəzərə alınmaqla səs-küyün desibeli hesablanmışdır. Odur ki o, qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, “Beerlin Pub” restoranının yerləşdiyi ərazi yaşayış binaları qrupları olmaqla, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda qeyd olunmuş cədvəlin 16-cı qrafasına aiddir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20.05.2021-ci il tarixli, 70570 nömrəli aktda qeyd edilmişdir ki, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan Abdullayev Ceyhun və digərləri “Beerlin Pub” restoranından ətrafa yayılan səs-küyün narahatlıq yaratmasına dair şikayət ərizəsi ilə müraciət etmişlər. Milli Hidrometrologiya Xidmətinin əməkdaşları sözügedən obyektin nümayəndəsi Səməd Abdullayevin iştirakı ilə araşdırma aparmışlar. MHX-nin əməkdaşları tərəfindən keçirilmiş ölçmə-analiz nəticələrinə əsasən ətrafa yayılan səs-küy səviyyəsinin 68.0 DBA olması müəyyən edilmişdir, norma 60.0 DBA təşkil edir. Sözügedən obyektin nümayəndələri dəfələrlə araşdırma müddətində dəvət olunsalar da, izahat verməkdən və inzibati icraatın aparılmasında iştirak etməkdən imtina etmişlər. X1 17.05.2021-ci il tarixində barəsində aparılan inzibati araşdırmaya görə zəruri sənədlərin təqdim olunması üçün 04.05.2021-ci il tarixli məktub göndərilmiş, həmin məktub imza edilməklə qəbul edilmişdir. Lakin nümayəndə inzibati icraatın aparılmasında iştirak etməmişdir; Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş 22.04.2021-ci il tarixli, 0119 nömrəli monitorinq aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan bir sıra sakin tərəfindən olan müraciət araşdırılmışdır. Şikayət ərizəsində qeyd edilmişdir ki, yaşadıqları binanın 1-ci mərtəbəsində yerləşən “Beerlin Pub” restoranında həddən artıq səslənən musiqi onları narahat edir. Həmin ünvanda keçirilən monitorinq zamanı müəyyən olunmuşdur ki, axşam saat 20:20, 21:10, 22:30 radələrində müvafiq ölçmə işləri aparılaraq həqiqətən də ətraf mühitə yayılan səs-küyün miqdarı 68 DBA təşkil edir ki, ortalama bu ölçü ətraf mühit üçün qəbul olunmuş normalardan yüksəkdir. Ölçmə işləri yaşayış binasının bir neçə yerində aparılmışdır; Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi müfəttiş X10 tərəfindən tərtib olunmuş 20.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Beerlin Pub” restoranının fəaliyyəti zamanı ətraf mühitə yayılan səs-küy çirklənməsinin yol verilə bilən norma həddindən artıq olması müəyyən olunduğu üçün Azəbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur; “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 saylı fərmanının 16-cı bəndinə əsasən mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, qocalar və əlillər üçün internat evlərinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançaları üçün 60 DBA kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur;
53. 2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaşların şikayəti əsasında Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən “Beerlin Pub” restoranında səs-küyün ətraf mühitə təsiri tədqiq edilmiş, səs-küyün səviyyəsinin 68.0 DBA təşkil etdiyi müəyyən edilmiş, Milli Hidrometeorologiya Xidməti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsinə müraciət olunaraq Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən “Beerlin Pub” restoranında yaranan səs-küylə bağlı qeyd olunan ünvanın ətraf ərazilərində PCE-322 A cihazı vasitəsi ilə monitorinq keçirildiyi, nəticələrə əsasən səsküyün səviyyəsinin 68 DBA (norma 60 dBA) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən yüksək olduğu qeyd edilmişdir. Sonra 11 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Milli Hidrometeorologiya xidmətinin monitorinq aktı əsasında 20 may 2021-ci il tarixli akt və 20 may 2021-ci il tarixli, MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasından görünür ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normaların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən X3 XM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 09.06.2021-ci il tarixli MN ******* saylı qərarda yoxlamanın aparıldığı xüsusi texniki vasitə barədə heç bir məlumat qeyd edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 Sertifikatı təqdim edərək, həmin yoxlamanın bu sertifikatda qeyd edilmiş cihazla yerinə yetirildiyini bildirmiş, lakin bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki həmin xüsusi texniki vasitənin yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da məhkəməyə təqdim edilməmiş, tərtib olunmuş protokol və qərarda qeyd edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İnzibati orqan tərəfindən səs-küyün ölçülməsi, vibrasiyanın ölçülməməsi işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin dispozisiyasında iki hal, yəni həm vibrasiyanın, həm də səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normaların pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulduğundan, hazırkı halda isə vibrasiya ilə bağlı normaların pozulmasına dair sübutlar olmadığından vəzifəli şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinin tərkibi olmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, X5 izahatında bildirmişdir ki, 22.04.2021-ci il tarixdə “Beerlin Pub” restoranından heç bir yoxlama keçirilməmişdir. Səlahiyyəti orqan tərəfindən bunun əksini sübut etmək üçün fotoşəkil məhkəməyə təqdim edilmiş, lakin həmin fotoşəkildə onun hansı tarixdə çəkilməsini, ümumiyyətlə həmin fotoşəkilin “Beerlin Pub” restoranında çəkilməsini təsdiq edən heç bir məlumat olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, fotoşəkildə olan xüsusi texniki vasitənin ekranında qeyd edilən rəqəmlərdən səsin hansı səviyyədə olması müəyyənləşdirilmir. Bundan əlavə, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilmişdir. Həmin normaların 2.3-cü bəndinə əsasən nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1də verilmişdir. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəlinin 16-cı qrafasında mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, qocalar və əlillər üçün internatevlərinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançaları üçün maksimal səviyyə 67 DBA müəyyən edilmişdir. Səlahiyyətli orqan “Beerlin Pub” restoranının yerləşdiyi ərazinin qeyd edilən cədvəlin 16-cı qrafasına aid olmasını bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalananları nəzərə alıb belə qənaətə gəlir ki, iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 12, 53, 76, 114-115, 128-130-cu maddəsi ni rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X3 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fuad Axundov