Məhkəmə qərarları › İş №3(011)-3736/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3736/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3736/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, şikayətçi X2 etibarnamə üzrə nümayəndəsi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş 22 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 nümayəndəsi Nümayəndə şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 22 aprel 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə “Azərbaycan X14” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun (ZGTTZ) direktoru X7 vəzifəli şəxs qismində 1700 manat məbləğində cərimə edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi vətəndaş X8 ilə bağlanılmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam olunması ilə bağlı qanun pozuntusuna yol verilməsi, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati xəta tərkibinin yaranması qeyd edilmişdir. X8 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin heç bir tələbi pozulmamışdır. Təəssüflər olsun ki, Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən əmək qanunvericiliyinin müddəaları bilərəkdən və ya bilməyərəkdən səhv təsfir edilmiş, nəticədə qanunsuz və əsassız şəkildə 09 aprel 2025-ci il tarixli, MN №2124090 saylı protokol və onun əsasında 22 aprel 2025-ci il tarixli, MN №0024068 saylı inzibati cərimənin şərti tətbiqi haqqında qərar qəbul olunmuşdur. Bu qərarı qanunsuz və əsassız hesab edirlər. Belə ki, ZGTTZ-nin keçmiş əməkdaşı X8 ilə bağlanmış 1158 saylı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə və dəyişikliklərin 9.1.1-ci bəndlərinin 2-ci hissəsi əsasında sözügedən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə uyğun olaraq xitam verilmişdir. X8 2021-ci ildə təqaüd yaşına çatmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti artırılmış, lakin 2024-cü il tarixindən zavodun təqaüd yaşına çatan əməkdaşları ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsinə başlanılmış, X8na da əmək müqaviləsinə işəgötürən tərəfindən xitam veriləcəyi ilə bağlı 2024-cü ilin noyabr ayında yazılı və şifahi bildirişlər təqdim olunmuşdur. İsmayıl Əlizadə yazılı bildirişi imzalamaqdan imtina etmiş və bu faktı ona məxsus elektron poçt vasitəsilə ZGTTZ-yə göndərdiyi xx.xx.2025-ci il tarixli cavabla təsdiq etmişdir. xx.xx.2024-cü il tarixindən İsmayıl Əlizadə əmək məzuniyyətinə çıxmış, məzuniyyət dövründə xəstələnməsi səbəbindən məzuniyyət müddəti uzadılmış, rəsmi olaraq işə çıxdığı gün xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək Müfəttişliyi Xidmətinin ZGTTZ-yə ünvanladığı 24 aprel 2025-ci il tarixli 3-17-5/2-35922/2025 nömrəli məktubunda AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı bəndi üzrə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın əsası olaraq AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "e” bəndində göstərilən “tərəflərin müəyyən etdiyi digər hallar” İsmayıl Əlizadə ilə bağlanılmış əmək müqaviləsində müəyyənləşdirilmədən müvafiq əmək müqaviləsinə sözügedən bəndə əsasən xitam verilməsi qeyd olunmuşdur. Əmək Müfəttişliyi Xidməti əsas arqument kimi Əmək Məcəlləsinin 75.1-ci maddəsinə istinad etmiş və bu maddənin aşağıdakı məzmununu yanlış təsfir etmişdir: “Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.” Qeyd olunanlar əsasında X8 və ZGTTZ arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində AR Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin “x” yarımbəndini, 46.6-cı maddəsini nəzərə alaraq və həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində müəyyən edilmiş qaydada hər iki tərəfin imzası əsasında 1 və 2 saylı əlavə və dəyişiklik edilmiş, əmək müqaviləsinə tərəflərin müəyyən etdiyi digər hal üzrə yəni, işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda və Kollektiv Müqaviləyə uyğun olaraq maddi yardım almaqla işdən çıxmaq üçün müraciət etmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilməsi bəndi əlavə edilmiş, işəgötürən müvafiq bənd əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq adıçəkilən işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Belə ki, sözügedən Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsi əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə müvafiq əlavə hallar nəzərdə tutula biləcəyini müəyyənləşdirmişdir ki, tərəflər də həmin maddənin qeyd olunan hissəsinin 11 “d” bəndinə və Məcəllənin 46.6-cı maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsinə əsas olan müvafiq bəndi qarşılıqlı razılıq əsasında əlavə etmişdirlər. Əmək Məcəlləsinin 43.4-cü maddəsi və 46.6-cı maddəsi yalnız əmək müqaviləsinə birtərəfli dəyişikliyin etibarsızlığını şərtləndirir və tərəflərin qarşılıqlı razılığı ilə edilən bütün dəyişikliklərin əmək müqaviləsinə daxil və onun tərkib hissəsi olduğunu təsbit edir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə - Əmək müqaviləsinin (kontraktın) nümunəvi formasının 8.3-cü bəndinə, habelə sabiq işçi ilə bağlanmış əmək müqaviləsinin 8.2-ci bəndinə əsasən razılaşdırılmış dəyişikliklər və əlavələr əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. Göründüyü kimi, Əmək Müfəttişliyi Xidmətinin 22 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında ZGTTZ tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin tələblərinin pozulması halı qeyd olunsa da, həmin maddənin 2-ci hissəsinin “d” bəndindən görünür ki, bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallarla əmək müqaviləsinə xitam verilə bilər. Beləliklə, Əmək Müfəttişliyi Xidməti tərəfindən işin halları obyektiv və hərtərəfli araşdırılmamış, tərəflərin razılığı ilə əmək müqaviləsinə edilən 1 və 2 saylı əlavə və dəyişiklikləri nəzərə almadan əmək müqaviləsində tərəflərin müəyyən etdiyi digər halların mövcud olmadığı bildirilmiş, nəticədə ZGTTZ-nin direktoru barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidməti tərəfindən ZGTTZ-nin direktoru X7 barəsində verilmiş 22 aprel 2025-ci il tarixli MN № ******* saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda pozuntunun törədilməsi faktı sübuta yetirilməmişdir. Həmçinin qeyd edək ki, Əmək Müfəttişliyi Xidməti tərəfindən 22 aprel 2025-ci il tarixli, MN № ******* saylı qərar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə rəsmi şəkildə xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Məhkəmə iclasında X2 vəkili Nümayəndə oğlu şikayət ərizəsində göstərilən xüsusatları təsdiqləyərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, X8 və ZGTTZ arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində AR Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin “x” yarımbəndi, 46.6-cı maddəsi nəzərə alınaraq və həmin Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində müəyyən edilmiş qaydada hər iki tərəfin imzası əsasında 1 və 2 saylı əlavə və dəyişiklik edilmiş, əmək müqaviləsinə tərəflərin müəyyən etdiyi digər hal üzrə yəni, işçi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda və Kollektiv Müqaviləyə uyğun olaraq maddi yardım almaqla işdən çıxmaq üçün müraciət etmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilməsi bəndi əlavə edilmiş, işəgötürən müvafiq bənd əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq adıçəkilən işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə dəyişiklik hər iki tərəfin razılığı ilə edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, “X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodunun” direktoru X7 tərəfindən X8 ilə ilk dəfə bağlanmış əmək müqaviləsində şərt olaraq əmək müqaviləsində tərəflərin əvvəlcədən müəyyən etdiyi hal nəzərdə tutulmamış, lakin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Nəticədə Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin tələbinin pozulması faktı aşkar edildiyindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 1700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq şikayətçi “X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodunun” direktoru X7 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodunun” direktoru X7 tərəfindən X8 ilə ilk dəfə bağlanmış əmək müqaviləsində şərt olaraq əmək müqaviləsində tərəflərin əvvəlcədən müəyyən etdiyi hal nəzərdə tutulmamış, lakin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Nəticədə Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin tələbinin pozulması faktı aşkar edilmişdir; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodunun” direktoru X7 tərəfindən X8 ilə ilk dəfə bağlanmış əmək müqaviləsində şərt olaraq əmək müqaviləsində tərəflərin əvvəlcədən müəyyən etdiyi hal nəzərdə tutulmamış, lakin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Nəticədə Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin tələbinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodu” ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1158 nömrəli əmək müqaviləsindən görünür ki, İsmayıl Əlizadə 17-ci dərəcəli şöbə rəisi vəzifəsinə qəbul edilmiş və həmin müqavilənin 3.2-ci bəndində əmək funksiyasının hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilməsi qeyd edilmişdir; “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodu” ilə X8 arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 13-3-4/3-1-362/2025 nömrəli əmrdən görünür ki, X4 əmək fəaliyyətinə Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir; “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodu” ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1158 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 1 saylı və xx.xx.2023-cü il tarixli 2 saylı əlavə və dəyişikliklərdən görünür ki, “İşçi" ilə “İşəgötürən" arasında bağlanmış 22 yanvar 2019-cu il tarixli 1158 nömrəli əmək müqaviləsinin 9.1.1-ci bəndi aşağıdakı redaksiyada verilməsi razılığına gəlinmişdir: 9.1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin “x” yarımbəndini nəzərə alaraq və 75-ci maddəsinə uyğun olaraq, Tərəflər Əmək müqaviləsinə xitam verilməsi barədə aşağıdakı əlavə halları müəyyən edirlər: 1) Səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. 2) "xxxx" Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda və Kollektiv Müqaviləyə uyğun olaraq maddi yardım almaqla işdən çıxmaq üçün müraciət etmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilə bilər. 3) "xxxx" ASCO-nun etik davranışla, antikorrupsiya ilə bağlı qəbul etdiyi siyasətinin, daxili sənədlərinin tələblərini pozduqda, onunla bağlanmış əmək müqaviləsinə “İşəgötürən” tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilə bilər”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən “X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodunun” direktoru X7 tərəfindən X8 ilə ilk dəfə bağlanmış əmək müqaviləsində şərt olaraq əmək müqaviləsində tərəflərin əvvəlcədən müəyyən etdiyi hal nəzərdə tutulmamış, lakin əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilməsi və nəticədə Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin tələbinin pozulması faktı aşkar edildiyindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1700 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə qeyd etməlidir ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və onlara əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinin tərkibi işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə yarana bilər. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqan tərəfindən X2 əmək qanunvericiliyinin tələblərinin pozulması qənaətinə gəlinmişdir ondan ötrü ki, “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodu” ilə X8 arasında bağlanmış ilkin əmək müqaviləsində şərt olaraq “tərəflərin əvvəlcədən müəyyən etdiyi hal” nəzərdə tutulmamış, lakin sonradan əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən həmin şərt əlavə olunmaqla əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunan xususatla bağlı məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodu” ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1158 nömrəli əmək müqaviləsinə əsasən İsmayıl Əlizadə 17-ci dərəcəli şöbə rəisi vəzifəsinə qəbul edilmiş və həmin müqavilənin 3.2-ci bəndində əmək funksiyasının hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilməsi qeyd edilmişdir. Daha sonra həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı və xx.xx.2023-cü il tarixli 2 saylı əlavə və dəyişikliklər edilməklə 22 yanvar 2019-cu il tarixli 1158 nömrəli əmək müqaviləsinin 9.1.1-ci bəndi aşağıdakı redaksiyada verilməsi razılığına gəlinmişdir: 9.1.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci bəndinin “x” yarımbəndini nəzərə alaraq və 75-ci maddəsinə uyğun olaraq, Tərəflər Əmək müqaviləsinə xitam verilməsi barədə aşağıdakı əlavə halları müəyyən edirlər: 1) Səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. 2) "xxxx" Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda və Kollektiv Müqaviləyə uyğun olaraq maddi yardım almaqla işdən çıxmaq üçün müraciət etmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilə bilər. 3) "xxxx" ASCO-nun etik davranışla, antikorrupsiya ilə bağlı qəbul etdiyi siyasətinin, daxili sənədlərinin tələblərini pozduqda, onunla bağlanmış əmək müqaviləsinə “İşəgötürən” tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən xitam verilə bilər”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə, məhkəmə iş materiallarını, məhkəmə iclasında tədqiq olunan halları və qanunvericiliyin normalarını əsas tutaraq belə qənaətə gəlir ki, “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodu” ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1158 nömrəli əmək müqaviləsinə əsasən İsmayıl Əlizadə 17-ci dərəcəli şöbə rəisi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə əlavə funksiyanın daxil edilməsinə yalnız tərəflərin razılığı ilə yol verilməsi barədə razılığa gəlinmiş və həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 1 saylı və xx.xx.2023-cü il tarixli 2 saylı əlavə və dəyişikliklər edilməklə 22 yanvar 2019-cu il tarixli 1158 nömrəli əmək müqaviləsinin 9.1.1-ci bəndinə "xxxx" Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş pensiya yaşına çatdıqda və Kollektiv Müqaviləyə uyğun olaraq maddi yardım almaqla işdən çıxmaq üçün müraciət etmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən işəgötürən tərəfindən xitam verilə bilər şərti əlavə edilməklə həm işəgötürən, həm də işçi tərəfindən imzalanmışdır. Daha sonra işəgötürən tərəfindən əmək müqaviləsinə edilmiş əlavə və dəyişikliyə uyğun olaraq X4 əmək fəaliyyətinə Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin “e” bəndinə əsasən tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara əsasən xx.xx.2025-ci il tarixdə xitam verilməsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət olunmasına və heç bir qanun pozuntusuna yol verilməməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən əsassız olaraq “Azərbaycan X14” QSC-nin “Zığ Gəmi Təmiri və Tikinti Zavodunun” direktoru X2 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X7 tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi faktı sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar