Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3785/2024 04.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, "xxxx" MMC-nin direktoru X6 vəkili X4 iştirakı ilə X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X9 şikayət ərizəsi ilə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X5 və X7 "xxxx" MMC-də 2-ci dərəcəli quraşdırıcı vəzifələrində işləmişlər. X5 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır. Əmək müqaviləsinə işçinin öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin xitamı barədə portalda qanunamüvafiq şəkildə qeyd aparılmışdır. X1 ilə də xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinə işçinin öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinin xitamı barədə portalda qanunamüvafiq qaydada qeyd aparılmışdır. Hər iki işçi müəssisədə işlədikləri zaman işğaldan azad edilmiş torpaqlarda xidmətlərin göstərilməsi üçün hər ikisi üçün icazə alınmışdır. İşçilər müəssisədən çıxdıqdan sonra giriş-çıxış sistemində icazələrindən istifadə edərək Qarabağ və Şərqi Zəngəzur zonasında 11 iyul 2024-cü il tarixdə onlara məlum olmayan və onların müəssisəsinin işləri ilə əlaqədar olmayan işlər görmüş və bunun nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən əsassız və qanunsuz olaraq onun barəsində protokol tərtib olunmuş və barəsində cərimə tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul edilmişdir. Qərarın əsassız olaraq, kifayət qədər araşdırılma aparılmadan qəbul edildiyini bildirərək həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 vəkili X8 bildirmişdir ki, işçilərin əmək müqaviləsinə xitam verildikdən sonra onlar "xxxx" MMC tərəfindən heç bir fəaliyyətə cəlb olunmamışdırlar. MMC-nin diqqətsizliyi səbəbindən onların portaldan adı çıxarılmamışdır. Əməldə inzibati xəta tərkibi yoxdur. Bu xüsusatları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində əvvəlcədən məlumat verilməsinə baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclsında iştirak etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5, X7 xx.xx.2024-cü il tarixdən əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. İş materiallarında olan əmək müqaviləsi bildirişlərindən görünür ki, X5 ilə xx.xx.2023cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr №16-dan görünür ki, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 3(011)-3112/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X6 direktoru olduğu "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 11 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün Azərbaycan Respblikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə geri qaytarılmışdır. Məhkəmə şikayət ərizəsini, məhkəmə iclasında şikayətçinin vəkilinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı; 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; 32.1.3. inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi; 32.1.4. inzibati xətanın fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 32.1.5. inzibati xətanın zəruri müdafiənin və ya son zərurətin bu Məcəllə ilə müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 32.1.6. inzibati xətanın zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 32.1.7. törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Elmar Rəhimovun 01 avqust 2024-cü il tarixli metodiki məktubunda bildirilmişdir ki, hüquqi şəxslər barəsində inzibati xətanın törədilməsinə dair protokol tərtib olunarkən işlər üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə faktiki hallar tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəmələri tərəfindən başlanmış inzibati icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilmişdir. Anoloji işlərlə bağlı apellyasiya qaydasında şikayətlərə baxılan zaman birinci instansiya məhkəmələrinin qərarı ləğv olunmuş, əlavə araşdırılmanın aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qaytarılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, baxılan iş üzrə inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarı instansiya məhkəməsinin metodiki məktubunu və işin hallarını nəzərə alaraq hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X6 şikayəti qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 25 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3785/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3785/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver