Məhkəmə qərarları › İş №3(011)-3786/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3786/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3786/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Fidan Rahim qızının katibliyi, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 19 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-45/2021 saylı, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1084/2023 saylı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-332/2024 saylı icra sənədlərinin tələbləri Şəxs MMC-nin rəhbəri X10 tərəfindən icra edilməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X10 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan icra vərəqələrindən xəbəri var. Lakin MMC-nin maddi durumu həmin icra vərəqələrini icra etməyə imkan vermir. Belə ki, tərəf olaraq, icra şöbəsi də təsdiq edər ki, artıq xeyli müddətdir ki, MMC-nin bank hesablarına həbs qoyulmuşdur. Heç bir maliyyə əməliyyatı olunur. Demək olar ki, MMC borc içində batır. Heç bir gəliri yoxdur. Tərəfindən, hündürmərtəbəli bina tikilib başa çatsa da, həmin binadan heç bir gəlir əldə etməmişlər. Məlum olduğu kimi həmin binada yerləşən sahələr, əvvəllər vətəndaşları aldadan “X13” MTK-nın rəhbəri Hikmət Yigitdölün vurduğu ziyanın əvəzi olaraq, onun barəsində olan iş üzrə zərərçəkmişlərə əvəzsiz qaydada verilmişdir. Hal-hazırda dövlət büdcəsinə ümumilikdə 694784,74 manat məbləğində vergi borcu yaranmışdır ki, buna görə də qeyd olunan təşkilatın xahişi ilə, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1149/2025 saylı qətnaməsi ilə MMC-nin rəhbəri X7 ölkədən getmək hüququ, Şəxs İcbari Tibbi Sığorta Fonduna 12,46 manat, dövlət büdcəsinə 627329,35 manat məbləğində olmaqla, ümumilikdə 627341,81 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Belə ki, göründüyü kimi, borclunun qeyd olunan icra vərəqələrini icra etməməkdə qərəzli mövqeyi yoxdur. Ona görə də hesab edir ki, qeyd olunan protokol üzrə icraata xitam verilməlidir. Həmçinin, qeyd olunan protokolun MMC və yaxud onun rəhbər şəxsi barəsində tərtib olunması aydın görünmür. Məhkəmə iclasında tələbkar və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahat verərək Şəxs MMC-nin rəhbəri X10 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-45/2021 saylı icra sənədindən görünür ki, iddiaçı "İnter” MMC-nin cavabdeh Zərərçəkmiş şəxs qarşı “müqavilənin ləğv olunması” tələbinə dair ilkin iddiası təmin edilmiş, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ləğv olunmuş, iddiaçı Zərərçəkmiş şəxs - cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə yerləşən binanın C blokunun 1-ci mərtəbəsində ümumi sahəsi 150 kv.m olan qeyri yaşayış sahəsi üçün ödənilmiş 67.400 (altmış yeddi min dörd yüz) manat məbləğində pul vəsaiti "İnter” MMC-dən tutularaq Zərərçəkmiş şəxs ödənilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-45/2021 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildiriş Şəxs MMC-yə göndərilmişdir; icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə borclu Şəxs MMC-nin banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və digər sərvətləri üzərinə 67.400 manat həcmində həbs qoyulmuşdur; "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, Şəxs MMC-nin həmin bankda hesabı mövcud deyildir; "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, Şəxs MMC-nin hesabından 57.13 manat vəsait Xətai rayon İcra şöbəsinin hesabına köçürülmüş və 67.342,87 manat vəsaitə həbs qoyulmuşdur; Şəxs MMC barəsində 27 may 2024-cü il tarixdə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 3(011)-2108/2024 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1084/2023 saylı icra vərəqəsi ilə iddiaçı X8 ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın "A4" blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 34,92 kv.metr olan qeyri-yaşayış sahəsinə dair cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilmiş və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 69854,00 (altmış doqquz min səkkiz yüz əlli dörd) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 299.56 (iki yüz doxsan doqquz əlli altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X5 ödənilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-1084/2023 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildiriş Şəxs MMC-yə göndərilmişdir; 05 iyul 2024-cü il tarixdə icra məmuru tərəfindən borcluya rəsmi qaydada xəbərdarlıq edilmişdir; "xxxx" ASC tərəfindən təqdim edilmiş məktubda qeyd edilmişdir ki, Şəxs MMC-nin bank hesabları üzərinə 70.153,56 və 4.910,74 manat həcmində həbs qoyulmuşdur; Şəxs MMC barəsində 16 iyul 2024-cü il tarixdə icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli 3(011)-3054/2024 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-332/2024 saylı icra vərəqəsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2(075)-1952/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın "A4" blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair iddiaçı X3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilmiş və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X2 ödənilmişdir; icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-332/2024 saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildiriş Şəxs MMC-yə göndərilmişdir; Azərbaycan Respublikası Konstitusiyası: 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tələbkarın izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC-nin rəhbəri X10 məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC-nin rəhbəri X10 məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs MMC-nin rəhbəri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclunun direktoru məhkəməyə ünvanladığı etirazda bildirsə belə ki MMC-nin bank hesablarına həbs qoyulmuşdur və MMC-nin maddi durumu həmin icra vərəqələrini icra etməyə imkan vermir, məhkəmə hesab edir ki, qeyd edilən hallar borclunu məhkəmə qətnamələrini icra etmək öhdəliyindən azad etmir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, yuxarıda qeyd edilmiş icra sənədləri üzrə borclu Şəxs MMC-nin rəhbəri X10 icra sənədinin icrasından boyun qaçırır. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs MMC-nin rəhbəri X7 dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə araşdırması zamanı Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin rəhbəri X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 2.500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar