Məhkəmə qərarları › İş №3(011)-3789/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3789/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3789/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1, Barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən daxil olmuş MN seriyalı ******* nömrəli, 14 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31A, 1-ci mərtəbə, xx.xx.2025-ci il «Araz” marketdə vitrində 1 kq-lıq qiyməti 4,89 manat göstərilən 0,174 kq bibər 1 kq-nın qiyməti 5,29 manatdan hesablanaraq 0,92 manata, 1 kq-nın qiyməti 2,99 manat göstərilən 0,814 kq heyva 1kq-nın qiyməti 3,30 manatdan hesablanaraq 2,68 manata satılmışdır. Bununla da «Araz Supermarket” MMC-nin barəsində İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2 bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, ev 31A, 1-ci mərtəbə, xx.xx.2025-ci il «Araz” marketdə vitrində 1 kq-lıq qiyməti 4,89 manat göstərilən 0,174 kq bibər 1 kq-nın qiyməti 5,29 manatdan hesablanaraq 0,92 manata, 1 kq-nın qiyməti 2,99 manat göstərilən 0,814 kq heyva 1kqnın qiyməti 3,30 manatdan hesablanaraq 2,68 manata satılmışdır. Göstərilənləri nəzərə alaraq «Araz Supermarket” MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 ifadə verərək bildirdi ki, kassa üzrə qiymətlərdə dəyişikliklər elektron sistem əsasında aparıldığı halda, rəf, tərəzi qiymətlərinin fiziki formada dəyişdirilir. Daimi müştəri axını, mağazalarda iş yükünün çoxluğu səbəbilə şikayət olunan məhsullar üzrə vitrin qiymətinin dəyişdirilməsi mağaza personalının nəzərindən qaçmışdır. Nəticədə kassanın fiskal yaddaşında olan qiymətlərlə məhsullar üzərində olan qiymətlər arasında uyğunsuzluq halı yaşanmışdır. Belə hallar əsla qəsdən edilmir, təsadüfi xarakter daşıyır. Həmçinin müştəri məmnuniyyəti və rəğbəti prinsipinə sadiq qalaraq, müştəri ilə əlaqə saxlanılmış, yaranan vəziyyətlə əlaqədar üzrxahlıq olunmuşdur. Eləcə də, yaranan qiymət fərqinin geri ödənilməsi təklif edilmişdir. Lakin, müştəri tərəfindən əsas narazılıq səbəbinin mağaza əməkdaşlarından birinin qeyri-məqbul rəftarı olduğundan təklifdən imtina edilmişdir. Bununla əlaqədar da, həmin mağaza əməkdaşı barədə intizam icraatı başlanılmış, əməlinə əmək qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi qiymət veriləcəkdir. Qeyd olunanlara əsasən, mağaza daxilində əməkdaşlarla təlimatlandırıcı söhbətlər aparılmış, daha məsuliyyətli olmaları barədə müvafiq tapşırıqlar verilmişdir. Odur ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o 4 ilə yaxındır ki, Araz supermarketdən alış-veriş edir. O bəzi nöqsanlara rast gəlmiş, lakin həmin nöqsanlar dərhal aradan qaldırılmışdır, ancaq heç vaxt qiymətləri tutuşdurmamışdır. Sonuncu dəfə Araz marketə gedəndə qiymətlərdə çox fərq hiss etmiş, hər məhsulda 2 manatdan çox fərq var idi. O 2-3 dəfə bununla bağlı müraciət etmişdir ki, qiymətlərdə uyğunsuzluq var. Həmin gün orada olan mülki geyimli şəxs ümumiyyətlə bildirmişdir ki, qiymət qalxıb, heç nəyi düzəltməyəcəklər. Halbuki Araz marketin özünün elanı var ki, qiymətlərdə uyğunsuzluq olanda bunu bildirilsin. Bu məsələ ilə bağlı mağazanın müdiri bildirdi ki, o haqlıdır və gərək həmin mülki geyimli işçi qiyməti düzəldərdi. Həmçinin mağazanın müdiri bildirdi ki, həmin işçi cəzalandırılaraq işdən çıxarılacaq. Odur ki, protokolda tərtib olunan faktı təsdiq edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 mart 2025-ci il tarixli Şahid mail ünvanına göndərdiyi təklif müraciətdən görünür ki, müharibə veteranı, ehtiyatda olan hərbi qulluqçudur. xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində Xətai rayonu, Zığ şossesi, ev 31A da yerləşən Araz marketdən 30.25 manatlıq alış-veriş edərkən 2 məhsulun qiymətində uyğunsuzluq aşkar etmişdir. Belə ki, aldığı heyvanın qiyməti vitrində 2.99 manat olduğu halda kassa qəbzində 3.30 manat, bibər isə 4.89 manat olduğu halda 5.29 manatdan hesablanmışdır. İşçilərə bu barədə bir neçə dəfə məlumat verməyinə baxmayaraq müraciətinə etinasız yanaşmışdırlar. Aidiyyəti şəxslər barədə kəsərli tədbir görüb nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Kassa qəbzi və vitrindəki qiymətlərin əslini təqdim edə bilər. Göstəriləcək köməyə görə əvəlcədən minnətdarlığını bildirir. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Şəxs MMC-yə ünvanlanmış 07 may 2025-ci il tarixli istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması haqqında məktubundan görünür ki, vətəndaş Şahid Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş müraciətinin araşdırılması nəticəsində xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "Araz” marketdə çəkisi 0.174 kq olan bibərin 1 kiloqramının qiymətinin 4.89 manat olmasına baxmayaraq, kassada 1 kiloqramının 5,29 manatdan hesablanaraq 0,92 manata, çəkisi 0.814 kq olan heyvanın 1 kiloqramının qiymətinin 2,99 manat olmasına baxmayaraq, kassada 1 kiloqramının 3,30 manatdan hesablanaraq 2,68 manata satılması faktı müəyyən edilmişdir. Bununla əlaqədar bildirilmişdir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (qida məhsulları barəsində isə; həm də qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib olunması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ünvan 2 ünvanında yerləşən inzibati binasında xx.xx.2025-ci il tarixdə saat 11:00-dan 12:00-dək sözügedən protokolun tərtib edilməsində səlahiyyətli nümayəndələrinin (şəxsiyyəti və səlahiyyətləri təsdiq edən sənədlərlə birlikdə) iştirakının təmin edilməsi xahiş edilmişdir. Şəxs MMC-nin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubundan görünür ki, kassa üzrə qiymətlərdə dəyişikliklər elektron sistem əsasında aparıldığı halda, rəf, tərəzi qiymətlərinin fiziki formada dəyişdirilir. Daimi müştəri axını, mağazalarda iş yükünün çoxluğu səbəbilə şikayət olunan məhsullar üzrə vitrin qiymətinin dəyişdirilməsi mağaza personalının nəzərindən qaçmışdır. Nəticədə kassanın fiskal yaddaşında olan qiymətlərlə məhsullar üzərində olan qiymətlər arasında uyğunsuzluq halı yaşanmışdır. Belə hallar əsla qəsdən edilmir, təsadüfi xarakter daşıyır. Həmçinin müştəri məmnuniyyəti və rəğbəti prinsipinə sadiq qalaraq, müştəri ilə əlaqə saxlanılmış, yaranan vəziyyətlə əlaqədar üzrxahlıq olunmuşdur. Eləcə də, yaranan qiymət fərqinin geri ödənilməsi təklif edilmişdir. Lakin, müştəri tərəfindən əsas narazılıq səbəbinin mağaza əməkdaşlarından birinin qeyriməqbul rəftarı olduğundan təklifdən imtina edilmişdir. Bununla əlaqədar da, həmin mağaza əməkdaşı barədə intizam icraatı başlanılmış, əməlinə əmək qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi qiymət veriləcəkdir. Qeyd olunanlara əsasən, mağaza daxilində əməkdaşlarla təlimatlandırıcı söhbətlər aparılmış, daha məsuliyyətli olmaları barədə müvafiq tapşırıqlar verilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, heyvanın qiyməti vitrində 2.99 manat göstərilməsinə baxmayaraq, kassada 3.30 manatdan və bibərin qiyməti isə 4.89 manat göstərilməsinə baxmayaraq 5.29 manatdan hesablanaraq satılması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş nəzarət kassa aparatının qəbzindən görünür ki, heyvanın 1 kq-ı 3.30 manatdan, bibərin isə 1 kq-ı 5.29 manatdan satılmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 (dörd min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Araz Supermarket” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar