Məhkəmə qərarları › İş №3(011)-3799/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3799/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3799/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 538-1.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi aşkar edilmişdir. Bununla bağlı Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 538-1.2-ci maddəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi X4 tərəfindən 21 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi aşkar edilmişdir. Protokolun qanuni və əsaslı olmasını bildirirək hüquqi şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 izahatında bildirmişdir ki, İstehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsində qeyd olunan normativ sənədin işarəsi əvvəlki illərə aiddir. Şəxs MMC tərəfindən may-iyul ayları ərzində verilən uyğunluq serfitikatları isə beynəlxalq tələblərə uyğun olaraq tərtib olunaraq verilmişdir. MMC tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsi halı törədilməmişdir. İş materiallarında olan İDS 010989 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 20.52.10 olan MDF yapışdırıcı məhsulunun normativ sənədlərin adı, nömrəsi və tarixi TS EN 12004-1/xx.xx.2017-dir. İş materiallarında olan İDS 010997 nömrəli Malların (işlərin, xidmətlərin) uyğunluğunun qiymətləndirilməsi barədə uyğunluq serfitikatından görünür ki, kodu 20.42.16 olan Zimmer ticarət markalı fen məhsulunun normativ sənədlərin adı, nömrəsi və tarixi EN 60335-1/2012-dir. İş materiallarında olan 24 may 2021-ci il tarixli Şəxs MMC-nin İstehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsindən görünür ki, siyahıda sertifikatlaşdırılan malın (işin, xidmətin) adı, kodu və normativ sənədin işarəsi qeyd edilmişdir. Həmin siyahının 286-cı bəndində kodu 20.52.10 olan yapışqan məhsulu üçün normativ sənədin işarəsi ГОСТ 2067-93; ГОСТ 12172-2016, 281-ci bəndində kodu 20.42.16 olan şampunlar, saç üçün laklar, saçı burmaq və saç düzümü üçün preparatlar üçün normativ sənədin işarəsi ГОСТ 31696-2012, ГОСТ 31677-2012 kimi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs MMC tərəfindən verilən sertifikatlarda istehlak məhsullarının sertifikatlaşdırılması orqanının akkreditasiyası sahəsində müəyyən edilmiş normativ sənədin işarəsindən fərqli işarələr müəyyən edilmişdir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən akkreditasiya nişanı uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunduğunu bəyan etmək məqsədi ilə istifadə etdiyi nişan; 1.0.9-cu maddəsinə əsasən sertifikatlaşdırma - uyğunluğu qiymətləndirən qurum tərəfindən malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun kağız üzərində yazılı və ya elektron formada təsdiqidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən akkreditasiya nişanından fəaliyyət sahəsinə uyğun istifadə edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 538-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar