Məhkəmə qərarları › İş №3(011)-3808/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3808/2021

26.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3808/2021 26.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs iştirakı ilə xx.xx.1960-cı ildə Naxçıvan MR, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 30.06.2021-ci il tarixdə saat 22:30 radələrində Şəxs idarə etdiyi “Land Cruiser” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində hərəkətdə olarkən idarəetməni itirərək, yolun əks istimaqətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Kia Soul» markalı, **-SF-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobil Zərərçəkmiş şəxs3 idarə etdiyi «Opel Astra» markalı, **-UV-*** avtomobilə dəyərək dayanmışdır. Şəxs idarə etdiyi avtomobil isə hərəkətini davam etdirirək X1 idarə etdiyi «Kia Corento» markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Zərərçəkmiş şəxs2 idarə etdiyi «Chevrolet Cruze» markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X3 idarə etdiyi «VAZ 21154» markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, X2 idarə etdiyi «Ford Transit» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəymiş, Zərərçəkmiş şəxs1 sağlamlığına az ağır zərər və Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29 sentyabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 30.06.2021-ci il tarixdə idarə etdiyi «X9» markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə 35-ci PB tərəfdən N.Tusi küçəsi ilə üzü Telnov küçəsi istiqamətində gedən zaman qəflətən qan təzyiqi qalxdığından ayaqları qıc olmuş, o, idarəetməni itirmiş, qarşısına çıxan bir neçə avtomaşına toxunmuşdur. Hadisə zamanı o, xəsarət aldığından tanımadığı şəxslərin köməkliyi ilə taksi maşını ilə xəstəxanaya aparılmışdır. Hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 30.06.2021-ci il tarixdə «Chevrolet Cruise» markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qəflətən «X9» markalı avtomobilin sürücüsü idarəetməni itirərək onun avtomobilini ön hissədən vurmuşdur. Nəticədə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir.Sığorta ona dəymiş ziyanın bir hissəsini ödəmişdir,Cəlil Xəlilov ziyanı ödəmədiyi təqdirdə ona qarşı mülki qaydada iddia qaldıracağını bildirmişdir. Bu səbəbdən Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs Zərərçəkmiş şəxs1 ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-dən alınmış 8/1609 saylı ekspert rəyindən məlum olur ki, «X9» markalı **-MK-*** d.q.n avtomaşının sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 593 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatı ,ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar