Məhkəmə qərarları › İş №3(011)-3816/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3816/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3816/2025 23.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “X5 Group” MMC-də icraçı direktor vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 23 may 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1081/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən “X5 Group” MMC və Şəxs cəmi 569.838,06 manat tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməlidir. Könüllü icra müddəti bitməsinə baxmayaraq borclu öhdəliyini yerinə yetirməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs icrası bütün şəxslər üçün məcburi olan icra vərəqəsinin icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək borcu hissə-hissə ödəyə bildiyini qeyd etmiş və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1081/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər "X5 Qrup" MMC və Şəxs xx.xx.2019-cu il tarixli K3640 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 280.096,65 manat əsas borc, 46.080,16 manat faiz borcu, 6,155,68 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli K3641 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən 198.970,19 manat əsas borc, 32.923,27 manat faiz borcu, 5.612,11 manat cərimə borcu olmaqla, cəmi 569.838,06 manat (beş yüz altmış doqquz min səkkiz yüz otuz səkkiz manat altı qəpik) məbləğdə borc "Paşa Bank” ASC-nin xeyrinə tutulmuş, tutma Şəxs mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 nömrəli mənzilə yönəldilmiş, sözügedən mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 650.000 manat məbləğdə müəyyən edilərək açıq hərracda satılmış, satışdan əldə olunmuş vəsait cavabdehlər "X5 Qrup" MMC və Şəxs iddiaçı "Paşa Bank” ASC-yə olan kredit borclarının ödənilməsinə yönəldilmiş, daşınmaz əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin "X5 Qrup" MMC və Şəxs iddiaçı "Paşa Bank” ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borc "X5 Qrup" MMC və Şəxs birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat məbləğində xidmət haqqı və həmçinin dövlət rüsumu kimi ödənilmiş 29.45 manat məbləğində pulun cavabdehlər "X5 Qrup" MMC və Şəxs birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının xərci 200 manat məbləğdə pulun 196,36 manatı "X5 Qrup" MMC və Şəxs birgə qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə, məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 250 manat məbləğdə pulun 245,45 manatı "X5 Qrup" MMC və Şəxs birgə qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra vərəqəsi üzrə başlanmış və Şəxs tələbin icrası barədə bildiriş göndərilmişdir; İcra məmuru tərəfindən 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında Bakı şəhəri Nəsimi rayonu Abay döngəsi məhəllə 360 ev 9 D, 2-ci girişdə yerləşən 98 nömrəli mənzilə baxış keçirilmiş və akt tərtib edilmişdir; xx.xx.2023-cü il tarixdə borclunun izahatı alınmış, o, iltizam təqdim edərək xx.xx.2023-cü ildə tam şəkildə mənzili boşaldaraq ailəsi və valideynləri ilə birlikdə mənzilin açarlarını banka təqdim edəcəyini bildirmişdir; Bakı Hərrac Mərkəzinin 01 fevral 2023-cü il tarixli 439/22 saylı protokolundan görünür ki, icra sənədindəki əmlakın son qiyməti 414.375 manat məbləğində müəyyən edilmişdir Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə iş aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir; 22 aprel 2025-ci il tarixdə icra məmuru tərəfindən borcluya rəsmi qaydada xəbərdarlıq edilmişdir; İcra məmuru tərəfindən 23 may 2025-ci il tarixdə borclunun izahatı alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və tələbkarın nümayəndəsinin izahatları, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1081/2021 nömrəli, 20 dekabr 2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borclu Şəxs üzərinə qoyulmuş öhdəliyi könüllü olaraq icra etməkdən boyun qaçırır. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar