Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3821/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi və X3 müdafiəçisi X1 iştirakı ilə, X4 Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 müdafiəçisi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciətinin səbəbi 25.09.2021-ci il tarixdə Xətai RPİ 37-ci Polis Bölməsinin əməkdaşı sahə inspektoru X6 tərəfindən barəsində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etməsi, sonradan heç bir məlumatlandırılma olmadan 28.09.2021-ci il tarixində 37-ci Polis bölməsinin rəisi tərəfindən EPQ Ne ******* saylı inzibati tənbeh vermə haqqında qərarla inzibati xətalar məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat cərimə olunmağıdır. Qərarı 11 oktyabr 2021-ci il tarixində Xətai RPİ-nin 37-polis bölməsindən götürmüşdür. İnzibati xəta haqqında protokol tərtib olunmamışdan öncə ilk növbədə barəsində inzibai icraat başlanmalı protokol tərtib edilməli və onun, digər şahidlərin həmçinin əgər sahibkardırsa işçilərin, xidmət göstərirdisə digər şəxslərin ən azından izahatı alınmalı və sonda həqiqətən təqsirli olub-olmaması məsələsinə baxılmalı olan halda guya ki, vəzifə sahibi olaraqdan İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbehə məruz qalaraqdan 3000 (üç min) manat cərimə olunmağı hansı məntiqə uyğundur? İnzibati işin içərisində onun vəzifə sahibi olmağına dair hər hansı sübut vardır? Əgər vardırsa qoysunlar ortaya və ona sübut etsinlər və o da üzür istəyərək gedib cərimə məbləğini dövlət büdcəsinə ödəyə biləcəyi barədə düşünsün. Sadəcə ayıbdır. Sonradan Xətai RPİ-nin 37 PB-si ilə maraqlananda EPQ № ******* saylı qərarla tanış olarkən sadəcə olaraq təccübləndi. Çünki gərək ac qalaraq 3 il bütün maaşını dövlət büdcəsinə keçirtsin. Belə ki, o, Bakı şəhəri Xətai rayonu Ağ şəhər bulvarında yerləşən Berlin çay evində günəmuzd ofisiant kimi işləyir. Amma ki, qərardan göründüyü kimi barəsində 3000 (üç min) manat cərimə yazılmaqla guya ki, o, vəzifə sahibidir. Belə də özbaşınalıq olarmı? Protokola baxdıqda heç bir qeyd yoxdur ki, ona nə üçün protokol yazılmışdır. Hansı ki, araşdırma materialı olmalı idi. 37-ci Polis Bölməsində olarkən etiraz etdi ki, ona sənədləri göstərsinlər görsün nə əsasla onu cərimə ediblər? Onlar bu barədə heç bir məlumat belə vermədilər. Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 müdafiəçisi X2 ərizədə göstərilənlərə oxşar eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 37-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 37-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin müdafiəçisinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 barəsində 25.09.2021-ci il tarixli EXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarkən, inzibati xətanın mahiyyəti, faktı təsdiq edən sübutlar protokolda qeyd edilməmiş, ona hüquq və vəzifələri izah edilməmiş, izahatı alınmamışdır. Heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində protokolda göstərilməli olan bəndlərin dəqiq izahı verilmişdir. İXM-nin 100.1.4-cü maddəsinə əsasən xətanın mahiyyəti göstərilməlidir. İXM-nin 100.1.7-ci maddəyə əsasən barəsində icraat aparılan fiziki şəxsin izahatları alınmalıdır və bu protokolda öz əksini tapmalıdır. İş materialında olan Xətai RPİ 37-ci Polis Bölməsinin rəisi Elsevər Qədirov tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xətanın mahiyyəti, karantin rejiminin konkret olaraq hansı qaydasının pozulması qərarda göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərardan şikayət vermək hüququ və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulduğu halda X7 barəsində 3000 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X7 barəsində Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən heç bir sübuta protokolda və qərarda istinad edilməmiş, protokol və qərarda xətanın mahiyyəti göstərilmədən, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 müdafiəçisi X1 şikayəti qismən təmin edilməli, Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 37-ci Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 müdafiəçisi X1 şikayəti qismən təmin edilsin. Xətai RPİ 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 28.09.2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Xətai RPİ 37-ci Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-3821/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3821/2021
02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver