Məhkəmə qərarları › İş №3(011)-3828/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3828/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3828/2022 07.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1997-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Ordusunun 100 illik yubileyi medalı ilə təltif edilmiş İmişli rayonu, Qaravəlili ərazi dairəsi, Mirili kəndi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 05 oktyabr 2022-ci il tarixdə 19:40 radələrində Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığında avtomobil ilə hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılmış, kobud şəkildə əl-qol hərəkətləri ilə danışaraq özünü təqdim etməkdən imtina etmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır Barəsində Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı Vəfadar Həsənov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, 05 oktyabr 2022-ci il tarixdə 19:40 radələrində Xətai rayonu H.Aslanov metrostansiyası yaxınlığında avtomobil ilə hərəkətdə olarkən qarşısındakı avtomobil qəflətən dayandığı üçün sərt tormozlamaq məcburiyyətində qalmış, bu zaman təkərlərdən səs gəlmiş, buna görə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan özünü təqdim etməsini tələb etmiş, üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmiş, polisin tələblərinə tabe olmuşdur. Əməlində inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 05 sentyabr 2022-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan vəsiqədən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubileyi medalı ilə təltif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Məhkəmə iclası zamanı Şəxs polisin qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar