Məhkəmə qərarları › İş №3(011)-3834/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3834/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3834/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-621/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, 28 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-621/22 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs 2430 manat pul vəsaitinin tutularaq X1 ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış, icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Şəxs icra sənədi üzrə tələbi tam təmin etməyərək 1630 manat borcu qalmaqdadır. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-621/22 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən, Şəxs 2430 manat pul vəsaitinin tutularaq X1 ödənilməlidir. Müntəzəm olaraq hər ödəniş etdiyini lakin hazırda işsiz olduğundan son ay ödəniş edə bilməmişdir. Hazırda iş yeri tapıb ödəniş edəcəyini və göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-621/22 saylı, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, 2430 manat pul vəsaitinin tutularaq X1 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından göründüyü kimi borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-621/22 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materialından görünür ki, tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildiriş Şəxs göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 3(011)- 1100/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdi ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən heç bir icra hərəkətləri edilməmişdir. (belə ki, adına hər hansı bir əmlakın olub-olmaması barədə müvafiq dövlət orqanlarına sorğular göndərilməmişdir) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən, məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində qərəz olmadığından inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar