Məhkəmə qərarları › İş №3(011)-3851/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3851/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3851/2025 26.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, Bakı şəhər Xətai İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Buna görə də onun barəsində Xətai RPİ 37-ci Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 25 may 2025-ci il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli qismən etiraf edərək bildirmişdir ki, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən Araz marketdən cəmi 30 ədəd Redbull götürmüş, 2 bağlama pampers və çörək götürmüşdür. Götürdüyü malların dəyəri 355 manat təşkil etməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkən şəxsin nümayəndəsi X4 izahat verərək Şəxs Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən Araz marketdən dəyəri 355 manat olan ərzaq məhsullarını oğurladığını, dəymiş zərəri ödəmədiyini bildirmiş, bu səbəbdən barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə X4 ərizə ilə Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, Şəxs Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən Araz marketdən dəyəri 355 manat olan ərzaq məhsullarını oğurlamışdır. Zərərçəkən şəxslə barışıq əldə edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati həbs tənbeh növünün tətbiq edilməsini xahiş edir. İş materiallarında olan 26 may 2025-ci il tarixli Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qərar təhqiqat orqanının rəhbərinə təqdim edilmişdir. Məhkəmə iclasında Şəxs özünü qismən təqsirli bilərək götürdüyü malların dəyərinin 355 manat olmadığını göstərsə də, özünün ifadəsinə əsasən o, 30 ədəd Redbull və 2 bağlama pampers götürdüyünü bildirmişdir. Məhkəmə araşdırmasında zərərçəkmişin nümayəndəsinin ifadəsindən müəyyən edilir ki, Redbullun 1 ədədinin qiyməti 3.50 manat, pampersin 1 bağlamasının qiyməti isə 40 manatdır. Beləliklə, Şəxs tərəfindən götürülmüş malların dəyəri 100 manatdan artıqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd edilənlərə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi onun səmimi etirafı və iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tətbiq ediləcək inzibati xətanın növünü müəyyən edərkən zərərçəkmiş şəxsin şikayətçi olduğunu nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri - həbs tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbsetmənin əvvəli 25 may 2025-ci il tarixdən, saat 14:25-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 23 (iyirmi üç) gün müddətində həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 may 2025-ci il tarixdən, saat 14:25-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar