Məhkəmə qərarları › İş №3(011)-3856/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3856/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3856/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyev Məhərrəm Hüseyn oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2312/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(011)-2174/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən MN ******* nömrəli, 27 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2312/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(011)-2174/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs icra məmurunun tələblərini icra etməmişdir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o, ödəniş etməmişdir. Borclu e-2(011)-2312/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə 31183 manat, e-2(011)-2174/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə isə 490.40 manat ödəniş etməlidir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, su çiçəyi xəstəliyinə tutulduğu üçün işdən azad olunmuşdur və uzun müddətdir işsizdir. Artıq 2 həftədir ki, usta köməkçisi işləyir, bu gündən başlayaraq hər ay 500 manatdan az olmayaraq ödəniş edəcəyini qeyd edir. Ödənişi tam etməyə maddi imkanı yoxdur. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, 2 ilə yaxındır heç bir ödəniş olmayıb. Bu borcla bağlı bank əlavə 9 min manata yaxın onun tərəfindən faiz ödəmişdir. Hissə-hissə ödənişə razı deyildir, borc məbləğinin bütöv şəkildə ödənilməsini istəyir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2312/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh Şəxs 31.000 (otuz bir min) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 183 (bir yüz səksən üç) manat alınaraq iddiaçı X5 ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2174/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, iddia tələbi təmin edilmiş, 470 (dörd yüz yetmiş) manat məbləğində sığorta ödənişi, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik məbləğində xidmət haqqı, cəmi 490 (dörd yüz doxsan) manat 40 (qırx) qəpik məbləğində pul Şəxs alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 02 iyul 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 22 iyul 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 gün müddətində icra sənədinin icra olunması üçün vaxt verilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 02 iyul 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 22 iyul 2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, 3(011)-206/2025 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1 maddəsinə əsasən, İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 27 may 2025-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar