Məhkəmə qərarları › İş №3(011)-3857/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3857/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3857/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Astara Rayon Məhkəməsinin 2(018)-218/2024 nömrəli, 11 mart 2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin böyük icra məmuru X6 tərəfindən 27 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında böyük icra məmuru X6 məhkəməyə verdiyi izahatında göstərdi ki, Astara Rayon Məhkəməsinin 2(018)-218/2024 nömrəli, 11 mart 2024-cü tarixli icra sənədinə əsasən, Şəxs 11304 manat məbləğində pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Lakin borclu Şəxs bu günə qədər heç bir ödəniş etməmişdir. Borclu icra sənədinin icrasını yerinə yetirmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olumuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, işləmir, heç bir əmlakı yoxdur. Buna görə də borcu ödəmək imkanı yoxdur. Avadanlığın "xxxx" MMC-də olduğunu, həmin avadanlığı satıb borcdan çıxılmağını və qalan məbləğidə hissə-hissə ödəmək istədiyini vurğuladı. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 bildirmişdir ki, cihaz onların tərəfindən yalnız saxlanc üçün götürülmüşdür. Hazırda anbardadır. Əgər borclu cihazı almaq üçün müştəri gətirsə, onlar satılmasında kömək göstərəcəklər. Odur ki, məhkəmədən borclunun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 2(018)-218/2024 nömrəli, 11 mart 2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 11180 (on bir min yüz səksən) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materialında olan Astara rayon İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Astara rayon İcra və Probasiya şöbəsinin tələbin könüllü icrası haqqında 23 aprel 2024-cü il tarixli bildirişdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. İş materialında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən 11304 manat məbləğində borcun "xxxx" MMC-yə ödənilməməsinə görə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-6505/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar