Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3859/2024 03.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22819084 nömrəli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22819084 nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində saat 17:40-da qanuni sahibliyində və istifadəsində olan "GREAT WALL HAVAL" markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ilə hərəkət edərək, Məhəmməd Hadi küçəsinə dönmüşdür. Bu zaman məcburi olaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmuşdur. Həmin zolaqla hərəkəti davam etdirməmiş və dərhal sola dönmə işıqlarını yandıraraq, solla hərəkət edən nəqliyyat vasitələrinin keçməsini gözləyərək, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağından çıxmışdır. Lakin həmin gün elektron informasiya sistemində yaradılmış şəxsi kabinetə daxil olarkən, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etdiyi qeyd olunmaqla, onun barəsində AR İXM-nin 327.1-1-ci maddəsi ilə protokol tərtib edildiyini və həmin Prokotokol əsasında 100 manat cərimə olunduğunu və 2 cərimə balı tətbiq edildiyini görmüşdür. Elektron kabinet vasitəsilə qərardan şikayət verməsinə baxmayaraq, heç bir nəticəsi olmadı və onun şikayəti araşdırılmadı. Buna görə də, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir daha qeyd etmişdir ki, o ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etməmişdir. Qərarından şikayət olunan orqan tərəfindən inzibati xətanın törədildiyinin təsdiqi kimi onun elektron kabinetinə yerləşdirilmiş foto-şəkildən də göründüyü kimi, o Babək prospektindən Məhəmməd Hadi küçəsinə döndükdən sonra dərhal sola dönmə işlıqlarını yandıraraq hərəkəti davam etdirməmiş və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağından çıxmaq üçün nəzərdə tutulmuş kəsik xəttlərdən istifadə etməklə, zolaqdan çıxmışdır. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22819084 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22819084 nömrəli protokol əsasında qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 06 avqust 2024-cü il tarixdə saat 20:55-də “GREAT WALL HAVAL" markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Məhəmməd Hadi ərazisində 327.1-1, 5.9, 5.10.1 – 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22819084 nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22819084 nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-3859/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3859/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver