Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3868/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Zərərçəkmiş hüquqi şəxs “Oba market”in nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlunun iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 15.10.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən “Oba market”dən yağ oğurlayaraq hüquqi şəxsə maddi ziyan vurmuşdur. Bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən 18 oktyabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 15.10.2021-ci il tarixdə şəxsi işi ilə bağlı Xətai rayonu ərazisinə gəlmişdir. Təsadüfən Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Oba marketə” girmişdir. Marketdə sakitliyin olmasından istifadə edərək 4 ədəd 1 kq-lıq “Ankor” yağlarını və 2 ədəd 1 kq-lıq “Westgold” kərə yağlarını salafan torbaya yığıb oğurlamışdır. Mağazadan çıxanda ondan heç kim şübhələnməmişdir. Mağazadan çıxdıqdan sonra Yusif Səfərov küçəsində olan avtobus dayanacağına gəlmişdir. Oğurladığı yağları dayanacaqda dayanmış tanımadığı iki qadına satmağı təklif etmişdir. Həmin qadınlar yağların oğurluq olub-olmadığını və müddətinin keçməsini soruşmuşlar. O, həmin qadınlara yağları ona dostunun pay verdiyini, oğurluq olmadığını və müddətinin keçmədiyini demişdir. Bundan sonra həmin qadınlarla razılaşdığına görə oğurladığı həmin yağların hər bir kiloqramını onlara 10 manata satmışdır. Əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Oba market”in nümayəndəsi X2 izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən “Oba market”dən 15.10.2021-ci il tarixdə Şəxs hər birinin dəyəri 18 manat olan 4 ədəd 1 kq-lıq “Ankor” yağlarını və hər birinin dəyəri 16.50 manat olan 2 ədəd 1 kq-lıq “Westgold” kərə yağlarını oğurlayaraq ona 105 manat dəyərində ziyan vurmuşdur. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şıxəliyev Ruslan Bazarxan oğlu protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamuvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 18.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuşdur. 18 oktyabr 2021-ci il tarixli MN saylı ******* nömrəli protokoldan görünür ki, Şəxs 15.10.2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən “Oba market”dən 105 manat dəyərində yağ oğurlayaraq taladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. 17 oktyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni «17» oktyabr 2021-ci il tarixdən, saat 22:20-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 oktyabr 2021-ci il tarixdən, saat 22:20-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3868/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3868/2021
19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver