Məhkəmə qərarları › İş №3(011)-3870/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3870/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3870/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında tərtib olunmuş Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilmişdir. İdarə etdiyi **-EH-*** dövlət qeydiyyat nişanlı BMW 320D minik markalı avtomobili idarə edərkən Mikayıl Əliyev küçəsində YPX əməkdaşı maşını saxlamağını tələb etdi. Yaxınlaşdıqdan sonra maşının duman lampalarına niyə led lampa quraşdırdığını irad bildirmişlər və zavodun buna icazəsi yoxdur demişlər. İXP-nin 342.5-ci maddəsinin tələblərini pozduğunu və yerində lampaları söküb, aradan qaldırmasa cərimə edəcəyini bildirmişlər. Şikayətçi başa salmağa çalışmışdır ki, 342.5-ci maddədə bildirilir ki, işıq cihazlarının nasazlığı, şüşə silgəclərinin nasazlığı hallarında 50 manat cərimə tətbiq olunur. Şikayətçinin maşınında isə işıq cihazlarında nasazlıq yoxdur və buna görə lampanı sökmək məcburiyyətində deyil. Bundan sonra o maşının duracağa qoyulmalı olduğunu bildirmişdir. Yenə mübahisə etmişlər, 342.5-ci maddədə maşın duracağa qoyulmur deyə başa salmağa çalışsa da, ya tabe ol ya da PPX əməkdaşlarını çağıracam deyirdi. Artıq mübahisə çox uzandığından, bildirmişdir ki, yaxşı protokol tərtib edin, şikayətçi də bilsin ki, protokola əsasən maşın duracağa qoyulur ya yox. Polis duracağa gedək sonra protokol tərtib edəcəm deyirdi. Şikayətçi bildirmişdir ki, yazılmasa protokol maşını tərpətməyəcəm. Yenə hədələdi ki, gözlə PPX gəlir. Sən məni işimdən eləyirsən, polisin vaxtını alırsan. Şikayətçi bildirmişdir ki, siz artıq 30 dəqiqədir ki mənim vaxtımı alırsınız. Mən toya gedirəm. Polis keçib maşınında əyləşmiş, PPX əməkdaşlarını gözləmişdir. Zəng etmişdir ki, 902 qaynar xəttinə və onlar da eynən polis dediyi kimi, niyə led taxmısan dedilər. Bildirmişdir ki, led lampanın qadağan olması haqqında qanunda heç bir maddə yoxdur və bu əməkdaşınız bildirir ki, zavod icazə vermir mənə. Amma zavod tərəfindən icazə var led taxmağa. 902 bildirdi ki, get zavoddan ya dillerdən möhürlü sənəd al gətir ki icazə var. Bildirmişdir ki, o, özünü sübut etməli deyil. Siz məni ittiham edirsinizsə, siz mənə sübut etməlisiniz ki, bu maşına zavod led lampanı icazə vermir. Dedi maşını duracağa apar qoy. Şikayətçi demişdir ki, bu polisə deyin protokol tərtib etsin, mən deyirəm protokol yazmır. Bildirildi ki, biz zəng edib deyəcəyik yazacaq. 5 dəqiqə sonra polis əlində protokol ilə yaxınlaşdı və protokol 342.2.2ci maddəsi ilə tərtib edilib, lakin heç bir qeyd də yoxdur orda. Bu protokolda heç bir qeyd yoxdur ki, hansı normativ tələbi pozmuşdur. Bu qədər mücərrəd bir maddədə ümumiyətlə qeydsiz protokol yazmaq qeyri-profesional bir yanaşmadır. Həmçinin şikayətçini yolda 40 dəqiqə gözlədib, 342.5-ci maddə üzərindən mübahisə apardığı halda birdən birə 342.2.2ci maddəsini yazması da absurd haldır. Maşını duracağa yerləşdirmişdir və xx.xx.2025-ci il tarixində elektron qaydada şikayət ünvanlamışdır. Şikayətinə heç bir cavab gəlmədən protokol xx.xx.2025-ci il tarixində qərarlaşdırıldı. Şikayətindən 21 gün sonra xx.xx.2025 tarixində zəng edərək onu Bakı şəhər DYPİ-nə 305-ci otağa çağırdılar. Onu qarşılayan mayor Vüsal Seyidov idi və işin icraatını da o apardı. Vüsal Seyidov da ona 902-nin dediyi kimi özün sübut elə dedikdə, o, sübut etməyə məcbur olmadığını bildirmişdir. O da öz növbəsində “borcun deyil, sadəcə işin tez getsin deyə deyirəm" bildirmişdir. Sonra get, 8- 10 günə cavab verəcəyik deyib, şikayətçini yola salmışdır. xx.xx.2025-ci il tarixində elektron qaydada e-mail vasitəsilə müraciətinə cavab verilmişdir. Araşdırma nəticəsində şikayətçinin haqsız olduğunun, YPX əməkdaşının hüquqazidd hərəkətlərə yol verilməsi halının olmadığını müəyyən ediblərmiş. Hansı araşdırma, hansı sübutla bu qərara gəliblər mücərrəddir. xx.xx.2025-ci il tarixində idarəyə getmiş və Vüsal Seyidovla görüşmüşdür. Ondan bu qərara necə gəldiyini soruşduqda yenə olmaz led taxmaq, bəlkə sənin işıqların düzgün vurmur deyərək, yola vermişdir. Heç bir qanuna əsaslanmadan, heç bir sübut olmadan, hətta dediyi kimi maşının işığının düzgün vurub vurmadığını belə yoxlamadan bu qərara gəliblərmiş. Şikayətçini 46 gün maşınsız qoyub, yekunda da onu yola verərcəsinə heç bir subut gətirmədən belə bir qərara gəldiyi üçün mayor Vüsal Seyidovdan da şikayətçidir. Məhkəmə iclasında izahat verən X2 şiakyəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 11 aprel 2025-ci il tarixində 17:01-də “BMW 320D” minik markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayətçi barəsində tərtib edilmiş qərarla bağlı Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə müraciət ünvanlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhər DYPİ xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın qəbuluna əsas olan hal şikayətçinin avtomobilində şikayətçi tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi olmuşdur. Araşdırma zamanı hansı avadanlığın dəyişdirilməsi, dəyişikliyin nədən ibarət olması, qərarın qəbuluna əsas olmuş hallar aşkar edilməmişdir. Nə qədər ki, şikayətçi tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın dəyişdirilməsi qərarda əsaslandırılmamışdır, məhkəmə hesab edir ki, qərar ləğv edilməli və icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar