Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3874/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, şikayətçi X1 iştirakı ilə, X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 24 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş EQ26192932 saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, ona EQ26192932 göndərilən protokol səhvdir. Protokola uyğun olaraq qeyd olunmuşdur ki, o, 50 km/saat limiti olan yolda 72 km/s nəqliyyat vasitəsini sürmüşdür. Qeyd etməlidir ki, həmin yolun hissəsində yol sürət limiti 110 km/saatdadır, çünki hərəkət avtomagistral yol nişanından sonra olunmuşdur. Koordinatlara, foto və videoya uyğun olaraq dəfələrlə yoxlamış və özü həmin yolun hissəsində öz telefonuna video çəkmişdir. 50 km/s və piyada keçidlərdən sonra 3.31 nömrəli yol nişanı qoyulmuş və Hövsan yoluna döngədən sonra avtomagistral 5.1 nömrəli nişan quraşdırılmışdır. Ona görə qeyd etdiyi kimi o, artıq 5.1 nömrəli (avtomagistral) zonasında hərəkət edirdi. Rəsmi şikayət Badamdar Bakı DYP-nə yazılıb və ayın xx.xx.2025-ci il tarixində ona cavab göndərilmişdir ki, cərimə qüvvədə qalır. Ondan sonra bu işi Xətai Rayon Məhkəməsinə vermiş və ayın xx.xx.2025-ci ildə EQ26192932 protokolun ləğv olunması qərarı verilmiş və iş Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, amma ayın xx.xx.2025-ci ildə təzdən qüvvəyə düşmüşdür. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, həmin tarixdə avotmobilini avtomagistralda idarə etdiyindən sürət həddini aşmamış və qanunun tələblərinə uyğun olaraq hərəkət etmişdir. Tərəfindən məhkəməyə təqdim olunmuş videogörüntüdən açıq aşkar məlum olur ki, yolda 5.1 nömrəli avtomagistral nişanı quraşdırılmışdır. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətçinin ərizəsində qeyd etdiyi xüsusatların araşdırılması məqsədilə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və yenidən araşdırılması üçün səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş 24 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X1 xx.xx.2025-ci il tarixdə, saat 09:43-də “Kia Sorento minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 fevral 2025-ci il tarixli, EQ/ 26192932 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 24 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2025-ci il tarixdə, saat 09:43-də “Kia Sorento minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə iclasında şikayətçi X2 tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yolun hərəkət hissəsinin kənarında yaşıl fonda avtomagistralı göstərən 5.1 nişanı quraşdırılmış və “Kia Sorento minik” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi də məhz həmin yolda hərəkət etmişdir. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin İ-ci hissəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri avtomagistrala girdikdə, avtomagistralda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Sürətləndirmə zolağı olduqda, sürücülər bundan istifadə etməlidirlər. Avtomagistrallarda piyadaların, mal-qaranın, at-araba nəqliyyatının, yük motorollerlərinin, atlıların, əl arabalarının, velosipedlərin, kiçik elektrik nəqliyyat vasitələrinin, mopedlərin, traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla, yol maşınlarının hərəkət etməsi qadağandır. “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinə əsasən minik avtomobilləri avtomagistrallarda saatda 110 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Qanunun mənasına görə minik avtomobilləri avtomagistrallarda saatda 110 kilometrədək sürət həddində idarə olunmalıdırlar. Bundan əlavə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 19 fevral 2025-ci il tarixli, EQ/ 26192932 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 24 may 2025-ci il tarixli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində 19 fevral 2025-ci il tarixli, EQ/ 26192932 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 24 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 fevral 2025-ci il tarixli, EQ/ 26192932 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 24 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən 19 fevral 2025-ci il tarixli, EQ/ 26192932 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 24 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3874/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3874/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver