Məhkəmə qərarları › İş №3(011)-3875/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3875/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3875/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş protokola xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 09:48-də idarə etdiyi **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yusif Səfərov 1 ünvanında yol polisi tərəfindən saxlanılıb. Qayda pozduğu bildirilib və ona protokol tərtib olunub. Bu protokolun araşdırılmasını xahiş edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 20 may 2025-ci il tarixində 09:48-də “X6 Mikroavtobus” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 60-cı maddənin İV bəndinə əsasən, svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə şikayətə qiymət verərək qeyd edir ki, şikayətçinin təqdim etdiyi videogörüntüdə onun hərəkətdə olduğu və qərarda qeyd edilən xətaya yol verdiyi ərazidə yolayrıcı qaydalarını pozmadığı müəyyən edilmiş, bunun əksini təsdiq edəcək hər hansı sübut isə səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar