Məhkəmə qərarları › İş №3(011)-3885/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3885/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3885/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi (DYPİ) xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli elektron qərarını ləğv edib, inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin (DYPİ) xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qərarın surəti rəsmi olaraq xx.xx.2025-ci il tarixində tarixində təqdim edilmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin (DYPİ) əməkdaşı telefonla zəng edərək, xx.xx.2025-ci il tarixində saat 09:13 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində idarə etdiyi **-NB-*** nömrəli X7 markalı avotmobillə yol hərəkəti qaydalarını pozduğunu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına icazə verilməyən yerdən daxil olaraq hərəkət etdiyini bildirmiş, eyni zamanda DYPİ-yə hansısa otağa yaxınlaşmalı olduğunu qeyd etmişdir. O isə heç yerə yaxnlaşmayacağını, qaydanı pozduğu təqdirdə barəsində protokol tərtib edilməli olduğunu bildirmişdir. Zəngin üzərindən bir neçə müddət keçdikdən sonra poçt vasitəsilə ona inzibati xətalara dair DYPİ tərəfindən tərtib edilmiş protokol göndərilmişdir. Protokolu əldə etdikdən sonra 102 qaynar xətti vasitəsilə və e-Polis sistemi ilə Daxili İşlər Nazirliyinə şikayət ünvanlamışdır. Daha sonra xx.xx.2025-ci il tarixində protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı özü DYPİ-yə yaxınlaşaraq əldə etmişdir. Şikayətinin əsası isə bu iş üzrə qəbul edilmiş qərarın İnzibati Xətalar Məcəlləsinin imperativ tələblərinə uyğun gəlməməsi və inzibati xəta törətməyinin sübut edilməməsidir. Barəsində inzibati xətalara dair iş üzrə qərar qəbul edilsə də həmin qərar İnzibati Xətalar Məcəlləsinin imperativ tələblərinə uyğun gəlmir. İlk növbədə onu qeyd edir ki, DYPİ-nin iddiasına əsasən pozuntu barədə fakt elektron texniki vasitə ilə aşkarlanmışdır. Lakin aşkarlanmış pozuntu ilə bağlı barəsində real vaxt rejimində elektron qəbul edilməli olduğu halda bu icra edilməmişdir. Bunun tam əksinə ona zəng edilmiş, DYPİ-yə dəvət edilmişdir. Bundan əlavə olaraq iş üzrə mövcud qərara baxan zaman İXP ******* nömrəli protokol tərtib edildiyi, qərarın da həmin protokola əsaslandığını görə bilərik. Bu isə bir başa olaraq DYPİ tərəfindən prosessual tələblərin pozulduğunu göstərər. Belə ki, sözügedən protokol elektron qərar formasında tərtib edilməli olduğu halda, kağız daşıyıcıda protokol kimi tərtib edilmişdir. Bundan əlavə olaraq törədildiyi iddia edilən inzibati xəta ilə bağlı asanpay sistemində heç bir foto və video görüntü öz əksini tapmamışdır. Belə ki, elektron texniki vasitələrlə aşkarlanmış inzibati xətalara dair hərəkətlərə dair elektron texniki vasitələrin qeydə aldığı video və foto görüntülər elektron portala dərhal yerləşdirilməlidir. Lakin qeyd etdiyi kimi bununla bağlı elektron portalda heç bir görüntü öz əksini tapmamışdır. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, qərarda onun ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olması qeyd edilsə də, o, həmin zolağa daxil olmamış, ona təqdim edilmiş videogörüntüdən isə avtomobilin qeydiyyat nömrəsi görünməməklə avtomobilin ona aid olmasını müəyyən etmək mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, şikayətçinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə, saat 09:13-də “X7” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 xx.xx.2025-ci il tarixdə, saat 09:13-də “X7” minik markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə paralel şəkildə tədqiq edilmiş videogörüntü əsasında müəyyən edilmişdir ki, qara rəngli avtomobil ictimai nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş zolağa daxil olaraq hərəkəti davam etdirmiş, lakin həmin avtomobilin dövlət qeydiyyat nişanı görünmədiyindən onun şikayətçiyə məxsus olmasını müəyyən etmək mümkün deyil və aidiyyəti qurum da buna dəlalət edən hər hansı digər sübutu da məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, şikayətçi tərəfindən hər hansı qayda pozuntusuna yol verilməsi sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayəti təmin edilməli, barəsində Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar