Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-39/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" MMC-nin İdarə heyətinin sədri X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən "xxxx" MMC-nin İdarə heyətinin sədri X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ya sanksiyada nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(006)- 4824/2024 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyətinin düzgün müəyyən olmaması səbəbindən geri qaytarılmışdır. İnzibati xətanın törədildiyi yer "xxxx" MMC-nin faktiki olaraq fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti ünvanında yerləşən «Azur» Biznes Mərkəzi hesab olunduğu üçün işə baxılması Xətai Rayon Məhkəməsinin aidiyyətindədir. Bildirmək istəyir ki, X4 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində "xxxx" MMC-də mexanik olaraq çalışmışdır. xx.xx.2024-cü il tarixində Xanəliyev Taryel ilə bağlanmış əmək müqaviləsinə şəxsin öz ərizəsi ilə Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü) maddəsi əsasında xitam verilmişdir. Şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinə Şikayətçi tərəfindən hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Əmək Müfəttişliyi tərəfindən xx.xx.2024-cü il tarixində MN seriyalı, ******* saylı, inzibati tənbehvermə haqqında qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə rəsmi poçt vasitəsi ilə onlara çatdırılmışdır. Hesab edir ki, aşağıda qeyd edilənlərə görə həmin qərar ilə nəzərdə tutulmuş inzibati tənbeh ədalətsiz və qeyri-obyektiv olduğu üçün qərar ləğv edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi barədə əmr qəbul edilmiş, əmr həmin gün icra üçün yönəldilmişdir. Lakin mühasibatlıq sistemindəki nasazlığa görə son haqq-hesab xx.xx.2024-cü il tarixində ödənilmişdir. xx.xx.2024-cü il tarixinin bayram günü sayılan qeyriiş günü olduğu nəzərə alınsa, bu, son haqq-hesabın ödənilməli olduğu gündən 2 iş günü sonra ödənilinəsi mənasına gəlir. İnzibati xəta tərkibi yaradan əməl qəsdən törədilməmiş, müəssisə tərəfindən mümkün ən qısa müddətdə problem aradan qaldırılmışdır. Barəsində qəbul edilən inzibati tənbeh qərarının əsasını İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi təşkil edir ki, həmin maddənin sanksiyasında cərimənin miqdarı 700 manatdan 1500 manata qədər nəzərdə tutulmuşdur. Lakin tətbiq edilən cərimənin miqdarı 1300 manat olmaqla, demək olar ki, sanksiyanın mümkün ən yuxarı həddinə yaxındır. Bəllidir ki, sanksiyada cəzanın aşağı və yuxarı hədlərinin müəyyən olunması inzibati tənbeh tətbiq edərkən səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən işin hallarına hərtərəfli qiymət verilməsi, nəticədə obyektiv sanksiyanın tətbiq edilməsi üçün nəzərdə tutulur. Həmçinin inzibahi tənbeh tətbiq edilərkən səlahiyyətli şəxs tənbehin əmələ adekvat olmasını, ədaləti bərpa etməsini nəzərə almalıdır. Gecikdirilmiş 2 gün üçün 1300 manat cərimə tətbiq etmək cərimədən sui-istifadə olmaqla yanaşı, qanunda tənbehin aşağı həddinin nəzərdə tutulmasını əhəmiyyətsiz edir. Hazırki işin halları, əməlinin xarakteri və onun yaratdığı nəticələr nəzərə alındıqda cərimənin yuxarı həddə müəyyən olunması ədalətli deyil və belə nəticəyə gəlməyə əsas verir ki, işin halları, ümumiyyətlə, nəzərə alınmayıb və barəsində qərəzli qərar qəbul edilib. Cərimənin tətbiq olunması həm də tərəflər arasında ədalətin bərpa olunması məqsədi daşıyır. Lakin törədilən inzibati xətaya açıq şəkildə adekvat olmayan cərimənin tətbiq olunması barədə qərarın qəbul edilməsi onun hüquqlarını pozur. Məhkəmə iclasının vaxtı və yeri lazımi qaydada məlumat verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, şikayətçinin və inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən "xxxx" MMC-nin İdarə Heyətinin sədri X5 barəsində tərtib edilmiş 29 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68.2 ”a” bəndinə əsasən xitam verilmiş və son haqq-hesab gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Nəticədə həmin məcəllənin 172.4-cü maddəsinin tələbləri pozularaq, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1300 (bir min üç yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 040-KX №li əmrin surətindən görünür ki, "xxxx" MMC-nin X1 Nəqliyyat Departamenti Texniki Xidmət Şöbəsi Texniki Xidmət Bölməsində mexanik vəzifəsində işləyən X4 ilə bağlanmış əmək müqaviləsinə, “AR ƏMnin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 10 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan göründüyü kimi, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə X3 10 məzuniyyət gününün son haqqhesabı gecikdirilməklə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, "xxxx" MMC-nin İdarə Heyətinin sədri X8 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdaərinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC-nin İdarə Heyətinin sədri X8 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-39/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-39/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver