Məhkəmə qərarları › İş №3(011)-3900/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3900/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3900/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, şikayətçi X5 iştirakı ilə, X5 Bakı şəhər X12 İdarəsinin 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X7 şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, İXM-in 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər X12 İdarəsinin polis mayoru X8 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-2857/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. X7 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin əməkdaşı mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ona məxsus 99GY688 dövlət nömrə nişanlı avtomobilin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdiyini bildirərək onu Bakı şəhər DYPİ-nə dəvət etmişdir. O isə öz növbəsində avtomobilin daim onun tərəfindən idarə olunduğunu, lakin qayda pozuntusunu xatırlamamağını bildirmişdir. Əgər video görüntü varsa inzibati tənbeh vermə haqqında qərar vermələrini xahiş etmişdir. Təxminən bir ay sonra ona İXMin 327.1-1-ci maddəsinə əsasən cərimə tətbiq olunmasına dair Bakı şəhəri DYPİ-nin polis mayoru X8 tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol və inzibati xəta haqqında işin materiallarına əsasən xx.xx.2025-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edimişdir. Həmin qərarın surəti ona xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir, belə ki, 1) protokola, inzibati xəta haqqında işin materiallarında onun İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyinə dair heç bir sübut əlavə olunmamışdır; 2) inzibati tənbeh vermə haqqında qərar protokolun tərtib edildiyi tarixdən 21 gün sonra qəbul edilmişdir. Bununla da İXM-nin 122.1-ci maddəsinin tələbi pozulmuşdur; 3) inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın hansı texniki vasitə ilə aşkar olunduğu qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq qeyd etmişdir ki, onun tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiqləyən foto və video görüntülər ona təqdim edilməmişdir. Məhkəmə iclasında Bakı Şəhər Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, tərəflərindən iş üzrə inzibati icraat aparıldığından və bu proses müəyyən vaxt tələb etdiyindən inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Lakin inzibati icraatın aparılmasına dair sənədləri hazırda məhkəməyə təqdim edə bilmir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X12 İdarəsinin polis mayoru X8 tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 18:09-da Xətai rayonu, 8 Noyabr prospektində “Chevrolet Malibu minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X5 xx.xx.2025-ci il tarixdə, saat 18:09-da Xətai rayonu, 8 Noyabr prospektində “Chevrolet Malibu minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi göstərilmiş və ona 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, şəxsin barəsində tərtib edilmiş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinin 04 aprel 2025-ci il tarixdə baş verməsinə baxmayaraq, şəxsin barəsində inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və hadisədən xeyli müddət keçdikdən sonra onun şəxsi kabinetinə yerləşdirilmişdir. Protokolun və qərarın hadisənin törədilməsi vaxtından xeyli müddət keçdikdən sonra qəbul edilməsi məhkəmədə haqlı suallar yaratmışdır. Bakı Şəhər Baş Polis İdarəsi X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 Firuz Yunus oğlu barəsində inzibati icraatın aparıldığını və sopnda qərarın qəbul edildiyi şifahi olaraq məhkəməyə bildirilsə də, bunu təsdiq edə biləcəklər sənədlər məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə iclasında şikayətçi X1 orqan tərəfindən ona inzibati xəta hadisəsinin törədilməsini təsdiqləyən foto və video görüntülərin təqdim edilmədiyini qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində tərtib olunmuş 23 aprel 2025ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti təmin edilməli, Bakı şəhər X12 İdarəsi tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Bakı şəhər X12 İdarəsi tərəfindən tərtib olunmuş 23 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar