Məhkəmə qərarları › İş №3(011)-3907/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3907/2021

11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3907/2021 11.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri X7 və X4, eyni zamanda 24 saylı Vəkil Bürosunun vəkili və nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 11 oktyabr 2021-ci il tarixli EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndələri X7 və X8 hər biri ayrı-ayrılıqda məhkəmə iclasında çıxış edərək bildirmişlər ki, təmsil etdikləri hüquqi şəxs tərəfindən 19 sentyabr 2019-cu il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüşdür. Həmin məbləğ qarşılığında müvafiq xidmətlər göstərilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir, həmçinin bu hal xidmətlərin göstərilməsinə dair müqavilə və hesab fakturalar ilə də öz təsdiqini tapmışdır. Odur ki onlar inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili və nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hüquqi şəxs tərəfindən 19 sentyabr 2019-cu il tarixində köçürmə ərizəsinə əsasən Bankda olan hesabından 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş, həmin məbləğ qarşılığında müvafiq xidmətlər göstərilmiş və bu hal xidmətlərin göstərilməsinə dair müqavilələr, təhvil-təslim aktları və hesab fakturalar ilə də öz təsdiqini tapmışdır. Odur ki o, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 sentyabr 2019-cu il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 19 sentyabr 2019-cu il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür; "xxxx" ASC-nin 24 sentyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin və qeyri-rezidentlərin xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödənişlər aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır; Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin aparıcı hüquq məsləhətçisi X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 oktyabr 2021ci il tarixli EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır; 22 yanvar 2018-ci il tarixli 21-OD nömrəli xidmətlərinin göstərilməsi haqqında müqavilədən, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktından və 12 iyun 2019-cu il tarixli hesab-fakturadan görünür ki, Şəxs MMC-si ilə "xxxx" MMC arasında müvafiq xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmış və bunun müqabilində Şəxs MMC-nin xeyrinə 11760.00 (on bir min yeddi yüz altmış) ABŞ dolları məbləğində xidmət göstərilmişdir; 20 aprel 2018-ci il tarixli 24-OD nömrəli xidmətlərinin göstərilməsi haqqında müqavilədən, 20 dekabr 2018-ci il tarixli təhvil-təslim aktından və 12 iyun 2019-cu il tarixli hesab-fakturadan görünür ki, Şəxs MMC-si ilə "xxxx" MMC arasında müvafiq xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmış və bunun müqabilində Şəxs MMC-nin xeyrinə 8330.00 (səkkiz min üç yüz otuz) ABŞ dolları məbləğində xidmət göstərilmişdir; 22 yanvar 2018-ci il tarixli 20-OD nömrəli xidmətlərinin göstərilməsi haqqında müqavilədən, 20 dekabr 2018-ci il tarixli təhvil-təslim aktından və 12 iyun 2019-cu il tarixli hesab-fakturadan görünür ki, Şəxs MMC-si ilə "xxxx" MMC arasında müvafiq xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmış və bunun müqabilində Şəxs MMC-nin xeyrinə 10000.00 (on min) ABŞ dolları məbləğində xidmət göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X6 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan şəxsin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş, iş materiallarına əlavə edilmiş 12 iyun 2019-cu il tarixli hesab-fakturalardan görünür ki, Şəxs MMC-nin hesabından Azərbaycan Respublikasından kənara 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları ödəniş edilmiş və bu məbləğin müqabilində "xxxx" MMC tərəfindən Şəxs MMC üçün xidmətlər göstərilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin 27081.00 (iyirmi yeddi min səksən bir) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçmədən müvafiq xidmətlərin göstərilməsi barədə müqaviləni və aktı təqdim etməsinin müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar