Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3924/2025 10.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP 723236 saylı inzibati xəta haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini, inspektorların məsuliyyətə cəlb olunmasını və dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi “Toyota Prado” markalı, **-TM-*** nömrəli avtomobili ilə yaşadığı ünvan istiqamətində (Babək prospekti) hərəkətdə olduğu vaxt, sıxlıq olduğu üçün yavaş hərəkət edərək işıqforda dayanmışdır. Sağ tərəfi avtobus zolağı olduğu üçün boş idi. Avtomobilinin sağ güzgüsünə baxmışdır ki, təxminən 800 metr məsafədə DYP patrul maşını sayrışan işıqlarını yandırıb yavaş hərəkət edərək dayandığı istiqamətə irəliləyir. Onun avtomobilinin yanında saxlayaraq xidməti mikrofonla bildirmişdir ki, qarşıda saxlasın. DYP-nin əmrinə tabe olmuşdur. DYP-nin sürücüsü Qasımov Elşən və ekipaj üzvü, ilk öncə digər inspektor yaxınlaşmış, adını xatırlamır. İlk sözü avtomobilin duracağa qoyulmasını bildirmişdir. Səbəb soruşduqda bildirmişdir ki, uzaq vuran işıqda led var. Hadisə saat 19:00 radələrində olmuş və led işıq cihazından istifadə etməmişdir ki, görsün və saxla əmri versin. 5 ildir maşını belə idarə edir, stasionar postlardan və texniki baxışdan keçmiş, heç bir qanun pozuntusu barədə xəbərdarlıq edilməmişdir. Tələb etmişdir ki, ona həmin maddəni göstərsinlər ki, duracağa qoyulur, ona etirazlarını bildirmişlər. Sonra inspektor Qasımov Elşən yaxınlaşaraq əmrə tabesizlik etdiyini bildirmiş və PPX çağıraraq onu hədələmişdir. Tələb etmişdir ki, İXM-nin 96.3 və 96.4.3-cü maddələrinə əsasən nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması ilə bağlı protokol tərtib etsinlər. İkincisi isə etdiyi xətaya görə cərimə protokolunu təqdim etsinlər. çox arxayıncasına 102 və 902 xidmətlərinə şikayət edə biləcəyini bildirmişlər. Əks təqdirdə polisə müqavimət və əmrə tabesizliklə hədələndiyini gördüyü üçün qeyri-qanuni əmrlərinə tabe olmuşdur. Həmin vaxt maşını idarə etməkdən imtina etdiyini və evakuator çağırılmasını bildirmişdir. Yenidən hədə qorxu gəlmələrini gördüyü üçün özü idarə etmişdir. Həmin vaxt çox psixoloji təsir və təzyiq olmuşdur. Hadisə zamanı protokol tərtib olunmamış və heç bir əsaslandırılmış qərar təqdim edilməmişdir. Psixoloji təsir və təzyiq edilmişdir. Qanunsuz maşını duracağa qoyulmuşdur. Sadəcə 1 akt verilmişdir. Hadisədən sonra gecə saatlarında Bakı Sağlamlıq Mərkəzinə gətirilmişdir. Aritmiya və yüksək təzyiq diaqnozu qoyulmuş və narkoz verilərək elektroşok etmişlər. Yenidən həyata qaytarılmışdır. Rəsmi sənədlər onda da, tibb müəssisəsində mövcuddur. 14 gün ərzində heç bir inzibati protokolla bağlı nə rəsmi, nədə zəng edilib. Maşını ilə bağlı xx.xx.2025-ci il tarixində, saat 19:00 radələrində şəhər qayısı otaq 214 Elnur Səfərəliyev zəng edərək polisə yaxınlaşmasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Elnur müəllimin otağında olmuşdur. Onu otaq 30 Arzumanlı Arzumana yaxınlaşmasını və yenidən 214 otağa yaxınlaşmasını bildirmişlər. Otaq nömrəsi 30 Arzumana yaxınlaşmışdır. O, bildirmişdir ki, led qanunsuzdur və o da tələb etmişdir ki, niyə yerində protokol verilməmişdir. Bildirmişdir ki, 3 aya kimi vaxtı uzada bilərlər və usta gətirsin ledi söksünlər sonra buraxılış versinlər. 150 manat cərimə olunmaqla tələb etmişdir ki, dediklərini rəsmi qaydada ona təqdim etsinlər. Bildirmişdir ki, otaq 214 verəcək. 214 otağa yaxınlaşmışdır. Sadəcə hadisə barədə izahatını almışlar və heç bir rəsmi sənəd verməmişlər. xx.xx.2025-ci il tarixində 150 manat cərimə protokolunu o, istədikdən sonra təqdim etmişlər. Şəhər qayısı otaq 214 Elnur Səfərəliyevə xx.xx.2025, xx.xx.2025, tarixində 2 dəfə teleqram vurmuşdur yazılı, o, dayanacaqda olan maşının üstündəki led işıq cihazını çıxarmağa hazır və razıdır. Xahiş etmişdir ki, ekspert təyin edilsin və led işığının çıxarılması zamanı “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin 3.1-ci bölümündə qeyd edildiyi kimi xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi aktda qeyd olunsun və ona verilsin ki, məhkəməyə təqdim etsin. Lakin yetərincə ünvanladığı şikayətləri nəticəsiz qalmış, 102 xidməti, şəhər qayısının rəhbərliyi, DİN polisin elektro poçtuna, heç bir rəsmi sənəd və cavab verilməmişdir. 37 gün ərzində sağlamlığını itirmiş, maddi və mənəvi zərər çəkmiş və çəkir. İş fəaliyyətini itirmişdir. Qanunsuz hərəkətlərlə müşahidə olunan psixi və qeyri-qanuni polis əməkdaşına yaraşmayan danışıq tərzləri ilə təsir və təzyiq edilmişdir. İşsiz qalmış, əməliyyat olunması üçün 26 min manat həkimlər əməliyyat qiymətini bildirmişlər. Hərtərəfli zərərə məruz qalmış və qalır. Barəsində yazılan inzibati protokol yalnışdır, avadanlığın quraşdırılması və dəyişdirilməsi yazılmışdır. Led işıq cihazı avadanlıq deyil. Qanuni olub-olmamasını ekspert təyin edir və nasazlıq varsa qanunla 50 manat cəriməsi var. Məhkəmə iclasında X3 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini, inspektorların məsuliyyətə cəlb olunmasını və dəymiş maddi və mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X7 İdarəsinin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 19:20-də Bakı şəhəri, Xətai rayonu, Babək prospektində idarə etdiyi “X6 Prado minik” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlığının dəyişdirilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarla X2 İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 150 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-3924/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3924/2025
10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver