Məhkəmə qərarları › İş №3(011)-3932/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3932/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3932/2021 02.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə, X1 Bakı Şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hadisə ilə bağlı bildirmişdir ki, yolun nişan xətlərinin tələblərinə əsasən dönmə hərəkəti etdiyinə görə YPXnın əməkdaşı öz şəxsi mülahizəsinə görə onu guya yol nişanın tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb etmişdir. O, bununla bağlı polis əməkdaşına iradını bildirməyinə baxmayaraq əsassız olaraq barəsində cərimə olunmağı ilə bağlı qərar çıxartmışdır. Bu gün ölkəmizdə Cənab Prezident tərəfindən köklü islahatlar aparılır, məmurlara, dövlət qulluqcularına vətəndaşları əsassız incitməmək barədə tapşırıqlar verilir. Bununla əlaqədar X6 cənab V.Eyvazov tərəfindən çox ciddi addımlar atılır və bir vətəndaş olaraq, görülən işləri yüksək qiymətləndirir. Polis xalqın keşiyindədir, təhlükəsizliyin qarantıdır. Məlumat üçün bildirmişdir ki, mən 5 ildir avtomobil idarə edir və bu illər boyu bir dəfə də olsun ona bal tərtib olunmamışdır. Ciddi qanun (yol hərəkəti) pozuntusu qeydə alınmamışdır. Eyni zamanda həmin yerdə təhlükəsiz şəhər videogörüntüləri vardır. Həmin videogörüntü ilə işə baxılıb qərar verilməli idi. Buna görə də hesab edir ki, protokol üzrə inzibati araşdırma aparılmadan formal olaraq inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolla razı olmadığı təqdirdə iş vəzifəli şəxs tərəfindən araşdırılarkən ona məlumat verilməmiş, inzibati araşdırmada iştirakı təmin olunmamışdır. Bu da qərar qəbul edilərkən növbəti pozuntu olmasına dəlalət edir. Nəticə etibarı ilə bildirmişdir ki, bununla bağlı heç bir günahı yoxdur, buna görə də Bakı Şəhər Baş Polis İdarəsi DYPİ-nin 23 oktyabr 2021-ci il tarixli İXP ******* saylı 60 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı tam qanunsuz və əsassızdır. Buna görə də hesab edirəm ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında X3 şikayət ərizəsini müdafiə edərək Bakı Şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri BPİ X7 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı Şəhəri BPİ X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, X2 “Mitsubishi Pajero-İO” markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğuna görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, X3 barəsində Bakı Şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. X2 törətdiyi xətanın hansı sübutla müəyyən edildiyi protokolda göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı Şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri BPİ X7 İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı Şəhəri BPİ X7 İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2021-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhəri BPİ X7 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar