Məhkəmə qərarları › İş №3(011)-3937/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3937/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3937/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 2004-cü ildə Şəki rayonu, Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İqtisad Universitetinin tələbəsi, Şəki rayonu, Kiş ə/d, Kiş kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 03 iyun 2025-ci il tarixdə saat 19:20 radələrində Sarayevo küçəsində aksizsiz HEETS tütün məmulatının satışı ilə məşğul olduğunu görüb ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq ifadələr işlədərək onları təhqir etmiş və qaçmağa cəhd göstərmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən 04 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, Nakı şəhərində kirayə mənzildə yaşayır , ailəsi isə Şəki rayonunda yaşayır, İqtisad universitetində təhsil alır, sabah imtahanıdır. Əhmədli ərazisinə siqaret götürməyə gəlmişdir, bu zaman polis əməkdaşı ona yaxınlaşmış, lakin mülki geyimdə olduğu üçün onun polis olduğunu bilməmiş, onu təhqir edərək ərazidən qaçmışdır. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X2 izahatında göstərdi ki, 03 iyun 2025-ci il tarixdə saat 19:20 radələrində Sarayevo küçəsində Şəxs aksizsiz HEETS tütün məmulatının satışı ilə məşğul olduğunu görüb ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq ifadələr işlədərək onları təhqir etmiş və qaçmağa cəhd göstərmişdir. Onun tabesizliyinin qarşısı alınaraq polis şöbəsinə təmin edilmişdir. Daha sonra Şəxs barəsində 04 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis kapitanı Rəşad İmanov izahatında göstərdi ki, 03 iyun 2025-ci il tarixdə saat 19:20 radələrində Sarayevo küçəsində 1 nəfər şəxsin aksizsiz HEETS tütün məmulatının satışı ilə məşğul olduğunu görüb ona yaxınlaşıb özünü təqdim etmiş, şəxsiyyətini təsdiq edən sənədi istədikdə həmin şəxs ona qarşı aqresiv hərəkətlər göstərərək polisin qanuni tələblərinə tabe olmamış, nalayiq ifadələr işlədərək onları təhqir etmiş və qaçmağa cəhd göstərmişdir. Onun tabesizliyinin qarşısı alınaraq polis şöbəsinə təmin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2025-ci il tarixdə Xətai rayonu ərazisində ictimai qaydanı pozaraq, xırda xuliqanlıq etmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 04 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, 03 iyun 2025-ci il tarixdə Xətai rayonu, Sarayevo küçəsində polisin qanuni tələblərinə tabe olmamış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 03 iyun 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 03 iyun 2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 535-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi əvvəllər məhkum olunmamasını, səmimi peşmanlığını və gənc olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi və məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar