Məhkəmə qərarları › İş №3(011)-3941/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3941/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3941/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X5 Şöbəsi Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə 18 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilmiş, lakin təkrar dövlət qeydiyyatından keçirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi AR İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən avtomobilin sahibləri və sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilmiş müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar qeydiyyatdan keçirilməməsinə görə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində inzibati xəta protokolu tərtib etmişdir. **- AL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” markalı avtomobil Şəxs Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində və istifadəsində olmuşdur, həmin nəqliyyat vasitəsi heç bir halda şirkət xaricinə və ya başqa şəxsə icarəyə və ya istifadəyə verilməmişdir. Sözügedən nəqliyyat vasitəsi şirkətin rəsmi əmək müqaviləli əməkdaşı X2 (AA 4693752, 5BD0SRF) tərəfindən idarə olunur. Həm Yasamal rayon Polis İdarəsinə, həm də Xətai rayon Polis İdarəsinə Şəxs QSC-yə məxsus nəqliyyat vasitələri və sürücülərinin siyahısı xx.xx.2025-ci il tarixində təqdim olunmuşdur. Nəticə etibarilə Şəxs QSC nəqliyyat vasitələrinin istifadəsi üzrə hüquqi tələblərə riayət etmiş, hüquqazidd heç bir hərəkətə (hərəkətsizliyə) yol verməmişdir. Bu səbəbdən nəqliyyat vasitəsinin başqa şəxsə verilməsi ilə bağlı irəli sürülən iddianın və məsuliyyətə cəlb olunmasının hüquqi əsası yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyərək, inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X3 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan “Toyota Corolla minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs 18 mart 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Yasamal rayon Dövlət X3 polis leytenantı X1 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 18 mart 2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilərək təkrar dövlət qeydiyyatından keçirilmədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir; 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Toyota Corolla minik” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadə və sahiblik hüququ Şəxs Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Onun idarə edən şəxs X2 barəsində aidiyyəti üzrə məlumat verilmişdir. Eyni zamanda X2 ilə QSC arasında əmək müqaviləsi mövcuddur. QSC-nin sahibliyində və istifadəsində olan nəqliyyat vasitəsinin əmək müqaviləsi olan işçisi tərəfindən idarə edilməsi başqa şəxsə icarəyə verilməsi və ya digər əşya hüquqlarında dair müqavilə kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi aşkar edilmir. Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar