Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3944/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, «XƏZƏR TRADE” MMC-nin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs «XƏZƏR TRADE” MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hüquqi şəxs «XƏZƏR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 26 sentyabr 2023-cü il tarixli EP seriyalı ******* saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.6-cı maddəsinə əsasən baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs «XƏZƏR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 58188.14 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödənişin aparıldığı vaxtdan 02 il müddətin keçməsinə baxmayaraq, 34605.14 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını, xidmətin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında «XƏZƏR TRADE” MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar və əməldə inzibati xəta tərkibi olmadığı nəzərə alınmamışdır. Belə ki, «XƏZƏR TRADE” MMC ilə Ukraynada qeydiyyata alınmış və fəaliyyət göstərən satıcı "xxxx" PKF MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №W-0001/09-21 nömrəli kontraktın şərtlərinə əsasən "xxxx" PKF MMC tərəfindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bir milyon ABŞ dolları dəyərində qaynaq elektrodları göndərilməli idi. Kontraktın tələblərinə uyğun olaraq, 145470.35 ABŞ dollarının ödənilməsinə dair satıcı "xxxx" PKF MMC-nin xx.xx.2021-ci il tarixli, 1-009-2021 nömrəli invoysuna əsasən, alıcı «XƏZƏR TRADE” MMC tərəfindən malın razılaşdırılmış hissəsinin 40 faiz dəyəri olan 58188.14 ABŞ dolları xx.xx.2021-ci il "xxxx" MMC vasitəsilə qabaqcadan ödənilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə müəssisəyə birinci dəfə 23583 ABŞ dolları dəyərində 20.000 kq qaynaq elektrodları gönəriləndə məlum olmuşdur ki, satıcı "xxxx" PKF MMC hələ indiyədək PMPS sertifikatı almamışdır. Bu barədə dəfələrlə satıcı "xxxx" PKF MMC-yə müraciətlər edilərək, göndərilən mallara dair PMPS sertifikatının surətinin göndərilməsi tələb edilsə də, hər dəfə vəd vermələrinə baxmayaraq, PMPS sertifikatı göndərilməmişdir. PMPS sertifikatı olmadığından həmin qaynaq elektrodları indiyədək müəssisənin anbarında saxlanılır və təyinatı üzrə istifadə edilə bilmir. "xxxx" PKF MMC aralarında bağlanmış kontraktın şərtlərini ciddi surətdə pozduğuna görə qabaqcadan ödənilən pulun qalan 34605.14 ABŞ dollarının tamamilə geri qaytarılması «XƏZƏR TRADE” MMC tərəfindən tələb edilsə də, satıcı "xxxx" PKF MMC həmin pulun 4605.14 ABŞ dollarını xx.xx.2021-ci il tarixdə geri qaytarmışdır. Qalan 30.000 ABŞ dollarının da müəssisəyə geri qaytarılması tələbi ilə bağlı elektron poçt vasitəsi ilə aralarında çoxsaylı danışıqlar olmuş, satıcı "xxxx" PKF MMC-nin nümayəndələri qalan pulu da qaytaracaqlarını hər dəfə vəd etmişlər. «XƏZƏR TRADE” MMC tərəfindən "xxxx" PKF MMC-yə xx.xx.2022-ci il tarixdə pretenziya göndərilərək qabaqcadan ödənilən pulun qalan 30.000 ABŞ dollarının 10 bank günü ərzində hesablarına geri qaytarılması tələb edilmiş, lakin "xxxx" PKF MMC tərəfindən buna heç bir münasibət bildirilməmişdir. Bu səbəbdən Ukraynanın Ticarət-Sənaye Palatası yanında X1 Məhkəməsinə müraciət etmək planlaşdırılsa da, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəyə başlaması buna mane oldu. Aldıqları məlumata əsasən, "xxxx" PKF MMC-nin yerləşdiyi Ukraynanın Dnepropetorvski vilayəti raket hücumlarına məruz qalmış, müəssisə ciddi zədələnmiş və fəaliyyətini tam dayandırmağa məcbur olmuşdur. Bununla da «XƏZƏR TRADE” MMC ilə Ukraynada qeydiyyata alınmış və fəaliyyət göstərən satıcı "xxxx" PKF MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №W-0001/09-21 nömrəli kontraktın 8.1-ci bəndində nəzərdə tutulmuş fors-major hala əsasən, məsuliyyətdən azad edilmiş hesab edilmişdir. Belə ki, 8.1-ci bəndə görə, tərəflər kontraktın şərtlərinin yerinə yetirilməsinə mane olan qarşısı alınmayan qüvvə, o cümlədən müharibə, müharibə xarakterli istənilən əməliyyyatlar zamanı öhdəliklərini yerinə yetirməməsinə görə tam və ya qismən məsuliyyətdən azad olur. «XƏZƏR TRADE” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, «XƏZƏR TRADE” MMC tərəfindən 20 sentyabr 2021-ci il tarixində 58188.14 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, «XƏZƏR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 58188.14 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödənişin aparıldığı vaxtdan 02 il müddətin keçməsinə baxmayaraq, 34605.14 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti «XƏZƏR TRADE” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. İş materiallarında olan «XƏZƏR TRADE” MMC ilə "xxxx" PKF MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, №W-0001/09-21 nömrəli kontraktdan görünür ki, müqavilənin 8.1-ci bəndində “tərəflər kontraktın şərtlərinin yerinə yetirilməsinə mane olan qarşısı alınmayan qüvvə, o cümlədən müharibə, müharibə xarakterli istənilən əməliyyyatlar zamanı öhdəliklərini yerinə yetirməməsinə görə tam və ya qismən məsuliyyətdən azad olur.” müddəası yer alır. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X4 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İş materialları ilə sübuta yetirildi ki, «XƏZƏR TRADE” MMC 58188.14 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin müharibə kimi fors-major hal səbəbilə həmin vəsait hesabına malların alınması və ya vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göründüyü kimi «XƏZƏR TRADE” MMCnin əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də hüquqi şəxs «XƏZƏR TRADE” MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105, 114-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Hüquqi şəxs «XƏZƏR TRADE” MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-3944/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3944/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver