Məhkəmə qərarları › İş №3(011)-3967/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-3967/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-3967/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X1, X10 Vüsal oğlunun iştirakları ilə, Hacıyev Ayxan Vüsal oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hacıyev Ayxan Vüsal oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə 1000 manat cərimə olunmağı ilə bağlı qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X10 Vüsal oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 09 sentyabr 2022-ci il tarixli MN ******* saylı qərarı ilə barəsində AR İXM-nin 192.1-ci maddəsilə 1000 manat məbləğində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hadisə ilə bağlı bildirir ki, Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov metrostansiyasının qarşısında qanuni əsaslarla poz qazan lotoreyasının satışını həyata keçirmişdir. Həmin satışı həyata keçirərkən X6 ona köməklik etmişdir. 1-ci satış günündə o, onun 1 dəqiqəlik olmamağından istifadə edərək ona məxsus olan poz-qazan lotoreyalarını talayaraq ona 3000 manat miqdarında ziyan vurmuşdur. Bununla bağlı onun barəsində məhkəmədə AR CM-nin 178.1-ci maddəsi ilə cinayət işi olmuşdur. Həmin hadisə ilə bağlı prokurorluq tərəfindən onun güya əmək müqaviləsi olmadan işçi işə götürməyi və onu işlərə cəlb etməyi müəyyən edilmiş və bununla da əmək müfəttişliyinə məlumat verilmişdir. Əmək müfəttişliyi isə ona 1000 manat məbləğində cərimə yazmışdır. Həmin cərimə əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, o, ilk dəfə belə lotoreya satışı ilə məşğul idi. İlk gün idi ki bununla məşğul olurdu. Elə satışının ilk günündə də başına belə bir hadisə gəlmişdir. X3 o, qanunsuz olaraq işlərə cəlb etməmişdir, ilk gündə belə bir fəaliyyətində ona köməklik etməsini xahiş etmişdir. Lakin o, ona məxsus lotoreyaları talamışdır. Onu da çətin vəziyyətdə qoymuşdur. O, onunla heç bir əmək münasibətinə daxil olmamışdır. Əgər o, həmin lotoreyaları davamlı olaraq satsaydı, eləcə də həmin lotoreyaların satışını Elvinə həvalə etsəydi onda qərar əsaslı ola bilərdi. Lakin ilk gündə özü lotoreya satarkən o da onun yanında olmuşdur. Bu da əmək hüquq münasibəti sayıla bilməz. Qeyd olunan hallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən araşdırılmamış və qanunsuz olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, ilk gündə lotoreya satışında ona kömək edilməsi əmək hüquq münasibəti hesab edilə bilməzdi. Həmçinin onun daimi olaraq lotoreya satışı həyata keçirmək fikri yox idi. Sadəcə 1 günlük belə bir fəaliyyətlə özü şəxsən məşğul olmuş, bunun nəticəsində də ziyan çəkmişdir. Həm də dövlət orqanları tərəfindən ona cərimələr yazılmışdır. Yəni xeyir götürməyib ziyana düşmüşdür. Buna görə də hesab edir ki, həmin qərar əsassızdır. Lakin vətəndaş kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qanunsuz olaraq cərimə olunmuşdur. Nəticə etibarı ilə onun heç bir təqsiri yoxdur, buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi 09 sentyabr 2022-ci il tarixli MN ******* saylı 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı tam qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsilə 1000 manat cərimə olunmağı ilə bağlı qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Hacıyev Ayxan Vüsal oğlu əsasən şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin əlavə olaraq o, bildirmişdir ki, 31 mart 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək X6 onun yanında işləmiş, onunla əmək müqaviləsi bağlanmamışdır, lakin həmin aralıqda tam iş günü işləməmişdir, yəni saatla sayıldıqda cəmi iki iş günü həcmində fəaliyyət göstərmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X7 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Hacıyev Ayxan Vüsal oğlu tərəfindən X2 işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 1000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, Hacıyev Ayxan Vüsal oğlu tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X5 tərəfindən 07 sentyabr 2022-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Hacıyev Ayxan Vüsal oğlu tərəfindən X2 işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək Hacıyev Ayxan Vüsal oğlunun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X9 tərəfindən qəbul edilmiş 12 avqust 2022-ci il tarixli qərardan görünür ki, Hacıyev Ayxan Vüsal oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-405/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Hacıyev Ayxan Vüsal oğlu tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsas gətirilərək onun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X10 Vüsal oğlu hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini, sözügedən qərarın əsassız olduğunu, ilk dəfə belə lotoreya satışı ilə məşğul olmasını, X3 qanunsuz olaraq işlərə cəlb etməməsini, onunla heç bir əmək münasibətinə daxil olmamasını bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-405/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına nəzər yetirdikdə müəyyən olmuşdur ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıyev Ayxan Vüsal oğlu izahat verərək bildirmişdir ki, X3 internet vasitəsi ilə tanımışdır. Bununla bağlı lotoreya biletlərini “28 May”da yerləşən "xxxx" ASC-nin ofisindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər gün alıb onların gündəlik satışını həyata keçirmək üçün satıcı axtarmışdır. Bu işlə bağlı internet sosial şəbəkəsində elan yerləşdirirərək satıcı axtardığını və günlük 20 manat əmək haqqı verəcəyini qeyd etmişdir. Bir neçə gün sonra elanda yerləşdirdiyi telefon nömrəsinə zəng gəlmiş, zəng edən şəxs özünü Elvin Həsənov kimi təqdim etmiş və həmin işi istədiyini bildirmişdir. Bundan sonra Elvin Həsənov ilə görüşmüş, sonuncuya izah etmiş və satacağı yeri göstərmişdir. Daha sonra isə günlük məvacibini 20 manat olaraq razılaşmışlar. Elvin Həsənovla Bakı Metropolitenin “Həzi Aslanov” stansiyasının yanında biletləri satacağı yerdə səhər saatlarında görüşmüşlər. Həmin vaxt Elvinə biletləri vermiş, axşam saatlarında isə hesabat aparıb sonuncunun əmək haqqı olan 20 manat pulu vermişdir. Elvin Həsənov ilə əmək müqaviləsi bağlanmamış, onunla şifahi razılaşmış və sonuncu səyyar satışla məşğul olmuşdur. Onların arasında heç bir yazılı, rəsmi müqavilə və ya bu kimi sənəd imzalanmamışdır. Bundan başqa, həmin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 izahat verərək bildirmişdir ki, Hacıyev Ayxan Vüsal oğlunu sosial şəbəkə vasitəsi ilə tanımışdır. Belə ki, Ayxan Hacıyev sosial şəbəkədə elan yerləşdirmişdir ki, lotoreya biletlərini satmağa gündəlik 20 manat müqabilində işçi axtarır. Ayxanın elanda yerləşdirdiyi nömrəyə zəng edərək sonuncu ilə danışmış və elanda yerləşdirdiyi işlə məşğul olmaq istədiyini bildirmişdir. Bundan sonra Ayxanla görüşmüş və razılaşmışlar. Ayxan Hacıyev hər gün müxtəlif sayda və qiymətində biletlər gətirib ona təqdim etmişdir. Biletləri Ayxandan təhvil alaraq səhər 08:00 dəqiqədən axşam saat 23:00 dəqiqəyədək Bakı Metropolitenin Xətai rayonu ərazisində olan “Həzi Aslanov” stansiyasının yaxınlığında olan “Şanlı Urfa” restoranın qarşısında səkinin üzərində avtobus dayanacağında səyyar şəkildə kiçik piştaxtada satışını həyata keçirmişdir. Satdığı biletlər 1, 2, 5, 10 manat dəyərində olmuşdur. Bir həftə bu qaydada işləmişdir. Sonuncu gün həmin yerdə görüşüb 1.000 ədəd növbəti biletləri Ayxandan götürmüşdür. Həmin vaxtı əlində cəmi 1100 bilet olmuşdur. 06 aprel 2022-ci il tarixdə 1.100 ədəd bileti ələ keçirərək getmişdir. X12 Vüsal oğlu məhkəmə iclasında verdiyi izahatında da, X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək onun yanında işlədiyini və onunla əmək müqaviləsi bağlanmadığını bildirmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatları araşdıraraq belə qənaətə gəlir ki, Hacıyev Ayxan Vüsal oğlu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək lotereya biletlərinin satılması üçün günlük 20 manat məbləğində əmək haqqı ödəməklə X3 işçi kimi xidmətlərin göstərilməsinə cəlb etmiş, lakin buna baxmayaraq X6 ilə aralarında yaranmış əmək münasibətlərini rəsmiləşdirməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) imzalamamışdır. X11 Vüsal oğlunun Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmış və barəsində əsaslı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin 07 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarını, Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X4 12 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarını və yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X10 Vüsal oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 07 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar